Ömər Paşayev hakimliyə fasilə verdi
Futzal üzrə FİFA hakimlərimizin Frits Stuxlikin “qara siyahı”sına düşdüyünü xəbər vermişdik. Konkret Ramil Namazov ötən cümə axşamı BOS-da keçirilən normativləri yerinə yetirə bilməyib, Yusif Nurullayevlə Elçin Səmədli isə, ümumiyyətlə, imtahanda iştirak etməyib. Nurullayev zədəyə, Səmədli isə perspektiv olmadığına görə prosesə qatılmayıb. Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun “sağ əli” sayılan Nurullayev informasiyamızı təsdiqlədi: “Doğrudu, imtahanda iştirak edə bilmədim. Zədəm var. Möhlət istədim, bu yaxınlarda gedib imtahan verəcəm. Nə vaxt çağırsalar, onda da gedəcəyəm. Yetər ki, zədəm tam sağalsın, özümə gəlim”.
Normativi yerinə yetirə bilməyən FİFA referisi Ramil Namazov isə bəxtsizliklə üzləşib: “Mən imtahanda iştirak etmişəm. Sadəcə, normativi yerinə yetirə bilmədim. Qaçanda əzələm dartıldı, “pax”ın aşağı hissəsindən zədə aldım. Belədə prosesi yarımçıq tərk etdim. İlk dəfə başıma belə hadisə gəldi. İndiyə qədər, ümumiyyətlə, zədələnməmişdim. Nə oyunda, nə də imtahanda. Əvvəl nə vaxt imtahan olub, dəvət ediblər, gedib qaçmışam. Bu dəfə... Qismət beləymiş. İkihəftəlik müalicəyə ehtiyac var. Yenidən imtahan verəcəm. Vaxtını və yerini Hakimlər və Hakim-İnspektorlar Komitəsi deyəcək, gedəcəm”.
Bu arada futbol referilərimizdən biri karyerasına fasilə verdiyini bəyan edib. Söhbət yanvardan etibarən sanki “tilsimə düşən” Ömər Paşayevdən gedir. Antalya toplanışından sonra səhhətində ciddi problemlər aşkarlanan Paşayev bir sıra ölkələrdə müalicə alsa da, hələ ki dərdinə əlac yoxdu. Sonuncu dəfə Almaniyada müayinə olunan referinin göz qapağının əzələsində problem olduğunu deyiblər. Beləliklə, o, bir müddət intensiv müalicə olunmalıdı. Düzdü, Paşayev əvvəl də müalicə ilə yanaşı, oyunlara təyinat alırdı. Hətta 3-cü turda baş tutan “Keşlə” – “Səbail” oyununa baş hakim təyin olunmuşdu. Amma son anda oyuna hazır olmadığı üçün Rəhim Həsənovla əvəzlənmişdi.
Gənc referi bu yaxınlarda Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə danışıb. Vəziyyəti ona izah edən Paşayev qeyri-müəyyən müddətə karyerasına fasilə verdiyini açıqlayıb. Komitə sədri ona güvəndiyini, təyinatlar verəcəyini bildirsə də, fiziki və psixoloji cəhətdən hazır olmadığını deyən Ömər qərarında qəti olduğunu bildirib və hakimlikdən gedib. Çox güman, federasiya FİFA hakimliyinə yeni referinin adını göndərəcək.
MİRAĞA