Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, “Qəbələ”nin U-19 komandası oktyabrın 3-də UEFA Gənclər Liqasında ilk oyununu keçirəcək. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk görüşdə “doğma divarlar” arasında Moldova “Şerif”ini qəbul edəcək. “Qırmızı-qaralar”ın Futbol Akademiyasının baş meneceri Nail Kərimovdan aldığımız məlumata görə, Moldova təmsilçisi oyundan bir gün öncə, yəni oktyabrın 2-də matçın keçiriləcəyi ünvana çatacaq. Tiraspol klubunun nümayəndə heyəti Kişinyov – Kiyev - Bakı reysindən yararlanacaq. Rəqibi gətirən təyyarə paytaxta eniş etdikdən dərhal sonra qonaqlar onlara ayrılan avtobusla Qəbələyə yollanacaq. Nail bəy onu da bildirdi ki, moldavanlar Qəbələdəki “Gilan” otelində məskunlaşacaq.
Artıq Moldova təmsilçisi ilə ilk oyunun təyinatları da açıqlanıb. Qəbələ şəhər stadionunda keçiriləcək matç gürcüstanlı hakimlər briqadasına tapşırılıb. Baş hakim Georgi Kruaşviliyə yan xətdə Zaza Menteşaşvili və Zaza Pipiya kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Asim Xudiyev, UEFA nümayəndəsi rusiyalı Leonid Kaloşin olacaq.
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək oyun saat 18.00-da başlayacaq. Cavab görüşü oktyabrın 24-də Tiraspolda reallaşacaq və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
RƏŞAD