Sizin reklam burada

Qəbələyə qayıdış da “Qəbələ”nin işinə yaramadı...

Baxış Sayı:701

Qəbələyə qayıdış da “Qəbələ”nin işinə yaramadı...
Kamran mübahisə, Cavidlə azarkeş bir-birini təhqir etdi
23. Qəbələ - Keşlə 1:1 (0:1)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,0
3. Voislav Stankoviç – 5,0
5. Rasim Ramaldanov – 5,0
18. İlqar Qurbanov – 5,0
88. Sabien Lilay – 5,0
8. Qismət Alıyev – 5,0
14. Cavid Hüseynov (k) – 5,0
21. Lalavele Atakora – 3,5
(17. Ceyms Adeniyi, 46) – 5,0
28. Stiven Jozef-Monroz – 6,0
10. Rauf Əliyev – 4,5
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
7. Roman Hüseynov
11. Asif Məmmədov
26. Faiq Hacıyev
27. Bəhlul Mustafazadə
32. Amin Seydiyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz

1. Kamran Ağayev (k) - 6,0
22. Nikola Mitroviç – 5,5
19. Azər Salahlı – 5,5
3. Denis Silva – 5,5
93. Edvinas Girdvainis – 5,5
65. Cabir Əmirli – 5,5
31. Georgios Georgiadis – 5,0
(11. Bahodir Nasimov, 87) – qiymətsiz
90. Ebrima Sohna – 5,0
4. Slavik Alxasov – 5,5
21. Herve Tçami – 5,0
(17. Samir Məsimov, 67) – 4,5
9. Amil Yunanov – 5,5
(88. Məmməd Quliyev, 82) – qiymətsiz
Ehtiyat oyunçular
30. Davud Kərimi
7. Vaqif Cavadov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
33. Tərlan Quliyev
71. Emil Quliyev
72. Əsəd Məsimov
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Kamran Ağayev
Qollar: A.Yunanov, 5 (0:1, S.Alxasov). S.Jozef-Monroz, 75 (1:1).
Vərəqələr: E.Girdvainis, 3 (qeyri-idman hərəkəti). V.Stankoviç, 7 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 35 (qeyri-idman hərəkəti). N.Mitroviç, 78 (qeyri-idman hərəkəti). K.Ağayev, 90+2 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, İsgəndər Əliyev, Cavanşir Yusifov, Etibar Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Abbas Hüseynov (Bakı).
30 sentyabr. Qəbələ. Şəhər stadionu. 500 azarkeş (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Son iki turda qələbəyə həsrət qalan “Qəbələ” “doğma divarlar” arasında autsayder “Keşlə”ni məğlub etməklə uğursuzluğa son qoymağı, tənqidçilərini susdurmağı planlaşdırırdı. Paytaxt təmsilçisinin cari mövsümdə o qədər də yaxşı təsir bağışlamaması “qırmız-qaralar”ın 3 xala ümidini artırmışdı. Bu yerdə onu da qeyd edək ki, hər iki kollektiv matça itki ilə çıxmışdı. Meydan sahiblərinin heyətində Təmkin Xəlilzadə cəzalı olduğuna görə oyunu buraxırdısa, qonaqlar eyni səbəbdən Andre Klennonun və ötən tur “Sumqayıt”la görüşdə zədələnən Sərtan Taşkının xidmətindən yararlana bilmirdi.
Oyun meydan sahibləri üçün heç də yaxşı başlamadı. Artıq 5-ci dəqiqədə payatxt təmsilçisi hesabı açmağı bacardı. Alxasovun ara ötürməsindən sonra Bezotosnı ilə üzbəüz qalan Yunanov şansını boşa vermədi. Bu həm də forvardın mövsümdə ilk qolu oldu. Hesabda geri düşən “qırmızı-qaralar”ın fəallaşacağını, kəsərli hücumlar quracağını gözləmək olardı. Ancaq Qurbanovun yetirmələri heç cür öz oyununu tapa bilmirdi. Ünvansız ötürmələrə, çoxsaylı səhvlərə yol verən meydan sahibləri cərimə meydançasının həndəvərinə yaxınlaşsalar da, hücumun davamını gətirə bilmirdilər. Komandanın oyununa kənardan baxanda adama elə gəlirdi ki, “Qəbələ” sabaha qədər də çalışsa, rəqibi cəzalandıra bilməyəcək. 25-ci dəqiqədən sonra Sənan bəyin Raufu bir qədər geri çəkib, hücumun sivri ucunda Jozef-Monrozu oynatması da istənilən effekti vermədi. İlk yarıda şimallıların Kamranın qoruduğu qapı qarşısında bir dənə də yüzfaizlik qol vəziyyəti yarada bilməməsi azarkeşləri də narazı salmışdı. Tribunalara toplaşan azsaylı tərəfdarlar tez-tez “qırmızı-qaralar”ın futbolçularının ünvanına nalayiq ifadələr işlədirdilər.
İkinci yarıya meydan sahibləri daha fəal başladı. Sürəti artıran “qırmızı-qaralar” birinci hissədən fərqli, artıq Kamran Ağayevi daha tez-tez narahat edir, rəqibin məşqçilər korpusunu həyəcanlandırırdı. Bəlkə də Ağayevin “çərçivə”də inamlı oyunu olmasaydı, “Keşlə” səfərdən bir xalla dönməyi bacarmayacaqdı. Millinin də şərəfini qoruyan qolkiper əvvəlcə Jozef-Monrozun, 80-ci dəqiqədə isə İlqarın yaxın məsafədən zərbəsini zərərsizləşdirməklə ustalığını nümayiş etdirdi. Ancaq ona qədər meydan sahibləri hesabı bərabərləşdirmişdi. Jozef-Monroz 75-cı dəqiqədə sürətli əks-hücumu dəqiq tamamladı. Qalan dəqiqələr də şimallıların üstünlüyü şəraitində keçdi. Lakin Sənan Qurbanovun komandası qələbə qolunu vura bilmədi ki, buna görə də oyundan sonra “Qəbələ”nin düşərgəsində hamı çox pərişan görünürdü.
RƏŞAD
Reaksiyalar
Mladen Milinkoviç: “ Çox yaxşı, maraqlı oyun oldu. Meydanda hər iki komandanın ifasında yaxşı temp vardı. İlk hissədə istədiyimiz kimi, strategiyamıza uyğun oynadıq. Təəssüf ki, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Bu, təkcə bizim üçün yox, “Qəbələ” üçün də vacib matç idi. Planımız tez qol vurmaq və rəqibə geniş imkanlar verməmək idi. Buna uyğun hesabı da erkən açdıq. Fikrim belədi ki, “Qəbələ” ilk hissədə elə də təhlükəli vəziyyətlər yaratmadı. İkinci yarıda Kamran Ağayev yaxşı oynadı. Qırılma anı Amil Yunanovun 2-ci qolu vura bilməməsi oldu. Onda hesab 2:0 olardı və Bakıya 3 xal aparardıq. Komandamı təbrik etmək istəyirəm. Futbolçular yaxşı oynadı və qələbəyə cəhd etdilər. Yeni transferimiz vardı, o da yaxşı idi. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq. Amil yaxşı futbolçudu. Bildiyiniz kimi, Andre Klennon cəzalı idi və onun əvəzinə Yunanovu meydana buraxdım. Bizdə hücum xəttində seçim geniş deyil. Optimal komanda yaratmağa çalışırıq. Azər Salahlı, Slavik Alxasov çox yaxşı oynayır. Onların meydandakı mövqeyini dəyişsək də, komandanın mənzərəsinə mənfi təsir göstərmirlər. Qəbələ ilə bağlı təəssüratım əladı. Serbiyada milli komandanın bu qədər meydanı, oteli, infrastukturu var. Bir də “Partizan”ın. “Qəbələ”nin məşqçisi, həmyerlim Miloş Yevtiçlə zarafat edirəm ki, belə şəraitiniz var, niyə burda məşq etmirsiz? Bütün futbolçular bu meydandan həzz aldılar və əsl futbol ab-havasını hiss etdilər”.
Sənan Qurbanov: “Qələbəyə köklənmişdik. 4-5 gün idi Qəbələdəydik və matça ciddi hazırlaşırdıq. Qapımız qarşısında azsaylı qol vəziyyətləri yaradılır və rəqib bundan maksimum istifadə edir. Hələ də bunun qarşısını ala bilmirik. İkinci hsisədə tempi artırdıq. Futbolçuların adına üzülürəm. Çünki istəkləri böyükdü. Ancaq bunu nəticəyə çevirə bilmirik. Bunun üçün topu qapı xəttindən keçirməyimiz lazımdı. "Qara zolaqdayıq”, bu bizdən hələ də əl çəkmir. Yenə çalışırıq ki, futbolçuları bu psixoloji durumdan çıxaraq. Komandamızın oyun üslubunda inkişaf var. Bunu videotəhlillərlə də görürük. Məşqlərdə qol vurmaq üzərində işləyirik. Ancaq bu daha çox futbolçunun ustalıq səviyyəsindən asılıdı. Məncə, bu gün 2 xal itirdik”.

Gözdən qaçmadı
* Cəza səbəbindən “Keşlə” ilə oyunu buraxan Təmkin Xəlilzadə isinmə hərəkəti zamanı meydanın kənarında dayanıb komanda yoldaşlarının hazırlığını izləyirdi.
* Turnir cədvəlinin zirzəmisində qərarlaşmasına baxmayaraq, “Keşlə”ni dəstəkləmək üçün Qəbələyə təxminən 30-a yaxın fanklub üzvü təşrif buyurmuşdu.
* “Qəbələ” cari mövsümdə son dəfə avqustun 25-də doğma azarkeşlərinin qarşısında çıxış etmişdi. Düşünmək olardı ki, qəbələli futbolsevərlər 35 günlük aradan sonra sevimli komandalarını dəstəkləmək üçün tribunaları dolduracaqlar. Təəssüf ki, istirahət günü və havanın xoş olmasına baxmayaraq, oturacaqların böyük hissəsi yenə də boş qalmışdı.
* 2018/19 mövsümündə “qırmızı-qaralar”ın ikinci ev oyunununda da baş hakim Rəvan Həmzəzadə idi. Xatırladaq ki, avqustun 25-nə təsadüf edən və 1:1 hesabı ilə başa çatan “Sumqayıt”la görüşdə də məhz Rəvan bəy əsas söz sahibi olub. Çox maraqlıdı ki, dünən də görüş eyni hesabla yekunlaşdı.
* “Keşlə” azarkeşinin nağara çalması, deyəsən, AFFA nümayəndəsi Abbas Hüseynovun əsəblərinə təsir göstərmişdi. İlk hissənin sonlarına yaxın Abbas bəy “bunun da səsi məni lap bezdirdi. İmkan verin, oyuna baxaq da” deyərək, yanında əyləşən hakim-inspektora giley-güzar etdi.
* 43-cü dəqiqədə Cabir Əmirlinin oyunundan narazı qalan Zaur Axundov oturduğu yerdən duraraq, “Cabir, oynamaq lazımdı, dayanma” söyləyib, futbolçuya iradını bildirdi.
* İlk yarının son dəqiqəsində yaşlı azarkeşlə Cavid Hüseynov arasında söz dueli yaşandı. Tərəfdarın kapitanı nəzərdə tutaraq “heyvan” deməsi Hüseynovu özündən çıxardı və futbolçu əsəbi formada “heyvan sənin nəslindi” söyləməklə yadda qaldı.
* Oyunun son saniyələrində Kamran Ağayevlə qəbələli azarkeş arasında mübahisə yaşandı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR