Ölkəmizdə yeni fanklub yaradılıb. İtaliya “Milan”ının artıq Azərbaycanda da dəstək qrupu var. Həmçinin fanklubun rəsmi saytı da fəaliyyətə başlayıb. acmilan.az saytı iki dildə fəaliyyət göstərir. Elə saytdan fanklub haqda bir çox məlumatları əldə etmək mümkündü. Məsələn, üzvlük kartlarına sahib çıxmaq istəyən 10 manatından (9.99) keçməlidi. Fanklubun prezidenti Teymuraz Musayev, vitse-prezidenti isə hamının yaxşı tanıdığı futzal referisi Yusif Nurullayevdi. Fanklubun planları barədə bilgini də elə Nurullayevdən öyrəndik: “Hələlik Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişik, amma yaxında o da olacaq. Həmçinin ofis götürəcəyik. İddialıyıq, planlarımız böyükdü. Hazırda fanklubun bünövrəsini qoyuruq. Gələcəkdə Gürcüstana gedib Kaxa Kaladze ilə görüşmək də planlarımıza daxildi. Ümid edirik ki, “Milan” Avropa Liqasının finalına çıxacaq və belədə sevimli komandamızı Bakıda görmək bizə nəsib olacaq. Fanklubumuz ölkəmizdə fəaliyyət göstərən xarici klubların fanklubları arasında ən təşkilatlanmış, ən iddalı qrup olacaq”.
MİRAĞA