Ukrayna premier-liqasında 10-cu turun oyunları keçirilib. Pavel Paşayevin formasını geydyi “Aleksandriya” səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası rəqibini 3:2 hesabı ilə yenib. Paşayev start heyətində meydana çıxıb və sonadək oynayıb. “Aleksandriya” 19 xalla 3-cü pillədə qərarlaşıb.
Latviyanın birinci liqasında 19-cu turun oyunları baş tutub. Vüqar Əsgərovun şərəfini qoruduğu “Dauqavpils” “doğma divarlar” arasında “Alberts”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə rəqibini darmadağın (4:0) edib. Vüqar 58-ci dəqiqədə mübarizəyə qoşulub. Həm komandasının, həm də çempionatın bombardiri olan Əsgərov “Alberts”lə oyunda da fərqlənib. O, 72 və 82-ci dəqiqələrdə qonaqları məyus edib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb. “Dauqavpils” isə 19 turdan sonra 49 xalla liderdi.
Riçard Almeydalı “Astana” Qazaxıstan çempionatının 28-ci turu çərçivəsində “Jetisu”nu qəbul edib. Paytaxt təmsilçisi bu qarşılaşmada 3 xalı 3 cavabsız qolla qazanıb. Almeyda 90 dəqiqə meydanda olub. “Astana” hazırda turnir cədvəlinin lideridi və ən yaxın izləyicisi “Kayrat”ı 7 xal qabaqlayır.
Artıq uzun müddətdi yığmaya çağırılmayan Eddi İsrafilov üçün sequndada 7-ci tur pis keçməyib. Onun formasını geydiyi “Alkorkon” “Ovyedo”nu qonaq edib. Meydan sahiblərinin 2 cavabsız qolla qalib gəldiyi matçı İsrafilov əvəzlənmədən keçirib. Bu qələbə sayəsində “Alkorkon” 14 xalla 4-cü pilləyə yüksəlib.
“Ertsgebirge” ardıcıl ikinci oyunda da uduzub. Təbii, bu, Dmitri Nazarov üçün də xoş durum deyil. Aue təmsilçisi ikinci bundesliqanın 8-ci turunda səfərdə “Paderborn”la üz-üzə gəlib və minimal hesabla (0:1) məğlub olub. Nazarov oyunu ehtiyat oyunçular skamyasından izləyib. “Ertsgebirge” hazırda 7 xala malikdi və 18 komanda arasında 15-cidi.
Türkiyənin 1-ci liqasında çıxış edən “Boluspor” səfərdə “İstanbulspor”la qarşılaşıb. Qonaqların start heyətində yer alan Ufuk Budak matçı əvəzlənmədən keçirib. Bolu təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Liderlər qrupunda qərarlaşan bu komandanın hesabında 7 turdan sonra 19 xal var.
FARİZ