Sizin reklam burada

Dünya çempionatı macərası başlayır

Müəllif: football Tarix: 30-09-2018, 18:04 608 Baxış
Dünya çempionatı macərası başlayır
Bukmeker kontorları yığmamıza şans verməsə də...
Bu gün qadın voleybolçular arasında dünya çempionatına start verilir. Bəlkə də bir çoxunuz bu yazını oxuyanda yığmamız artıq ilk oyununa çıxmış olacaq. Belə ki, millimiz bu gün Bakı vaxtı ilə saat 11.10-da mübarizəyə start verəcək. İlk rəqib ABŞ olacaq. Ötən sayımızda Azərbaycan telekanallarının mundialı yayınlamayacağını yazmışdıq. Son anda azərbaycansayağı variant işə düşməsə, yığmamızın oyunu başqa telekanallarda izləməli olacağıq. İlk alternativ variant “MATÇ İqra”dı. Telekanal bu görüşü proqramına salıb. Bəlkə də bəxtimiz onda gətirib ki, Rusiya ilə eyni qrupda yer almışıq. Məhz buna görə qarşılaşmalarımız qonşu ölkənin TV-sində nümayiş etdiriləcək. “TRT Spor” da həmin saatda oyun verəcək. Ancaq onlar Türkiyə - Kanada qarşılaşmasını yayınlayacaq.
Bakıdan üzü gündoğana tərəf
Bəs yığmamız 4-cü dəfə mundiala necə vəsiqə qazandı? Gəlin, əvvəlcə bunu xatırlayaq. Ötən il mayın 30-dan iyunun 3-dək Bakı İdman Sarayında DÇ-nin seçmə mərhələsi baş tutdu. İslamiadada rahat qalib gələn yığmamızın İsrail, Norveç, Danimarka və Ukraynanı məğlub edəcəyi, Hollandiya ilə görüşdə isə böyük çətinliklə üzləşəcəyi gözlənilirdi. Ancaq milli bütün oyunlarda 3:0 hesabıyla qələbə qazanaraq mundiala birbaşa vəsiqə qazandı. İkinci yeri tutan “narıncılar” isə pley-offda Yaponiyaya bilet əldə etdi.
Reqlamentə nəzər salarkən…
24 iştirakçı 4 qrupa bölünüb. A qrupunda Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun və Meksika, B qrupunda Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada və Kuba, C qrupunda ABŞ, Rusiya, Koreya, Tayland, Azərbaycan və Trinidad və Tabaqo, D qrupunda isə Serbiya, Braziliya, Dominikan, Puerto Riko, Qazaxıstan və Keniya mübarizə aparacaq. Qruplarda ilk 4 yeri tutanlar növbəti mərhələyə yüksələcək. Bu komandalar E və F qrupunda mübarizəni davam etdirəcək. Bu qruplardan isə ilk “3-lük”də qərarlaşanlar G və H qrupuna adlayacaq. Bu qruplarda 1-2-ci yeri tutanlar yarımfinala vəsiqə qazanacaq.
Şəhərlər
Oyunlar 6 şəhərdə keçiriləcək. Yokohamada 12000, Naqoyada 10000, Hamamatsuda 8200, Sapporoda və Osakada 8000, Kobedə isə 6000 yerlik arena voleybolçuların ixtiyarına veriləcək. Yığmamız ilk oyununu Kobedə keçirəcək.
Dünyada 24-cü, mundialda 19-cu
İndi isə DÇ-də iştirak edənlərin FİVB-nin son reytinq siyahısındakı mövqeyinə toxunaq. İştirakçılardan Çin dünya reytinqinə başçılıq edir. Qrupumuzdakı Trinidad və Tobaqo isə bu baxımdan autsayderdi – 34. Millimiz 24-cü pillədə qərarlaşıb. Bu siyahıya əsasən komandamız DÇ iştirakçıları arasında 19-cu yerdədi. Qrupumuzdakı rəqiblərdən ABŞ 2-ci, Rusiya 5-ci, Koreya 10-cu, Tayland 16-cı sırada yer alıb.
Kontorlar millimizə şans tanımır
Nüfuzlu bukmeker kontorları məsul yarış ərəfəsində əmsalları açıqlayıb. Çempionluğa ən real namizəd ABŞ sayılır. Bu baxımdan Serbiya titula ikinci, Çin isə üçüncü namizəddi. Azərbaycan əmsallara əsasən 13-cü ölkə kimi göstərilib. Kontorların yanaşması da fərqlənir. Eləsi var ki, orda çempionluğumuza qoyulan 1 dollar uğurlu nəticə fonunda 500 qat artacaq. Eləsi də var ki, orda artım 100 qat olacaq. Bukmeker kontorları üçün də aşkar autsayder Trinidad və Tobaqodu. Yığmamızın ABŞ-la qarşılaşmada qələbəsi də möcüzə kimi görünür. Hər halda, açıqlanan əmsallar belə deyir. Maraqlıdı ki, “1XBET” qələbə şansımızı 24 əmsalla qiymətləndirir. 16 kontorun açıqladığı əmsalların orta göstəricisinə görə isə 12,30-du. Amerikalıların qələbəsi 1,02 əmsal dəyərindədi.
Bizi nə gözləyir?
Faiq Qarayevin qayıdışından sonra yığmanın oyununda canlanma müşahidə olunur. İki il əvvəl Avroliqanın qalibi olan yığmamız mundiala rahat vəsiqə qazanmaqla yanaşı, Bakıda keçirilən Avropa çempionatında 4-cü yeri tutdu. Heç şübhəsiz, problemlər var. Bunu gənc mütəxəssis Ziya Rəcəbov da diqqətimizə çatdırdı. Baş məşqçinin uzunmüddətli hazırlıq prosesində komandanın oyununu necə dəyişdiyini bilmirik. DÇ-də hansı toppaylayıcıya üstünlük veriləcəyi də sual altındadı. İtaliyaya son iki yoxlama oyununda məğlubiyyət göstərdi ki, böyük uğurlardan danışmaq yersizdi. Elə millinin də qarşısına medal və ya ilk “6-lıq”da yer almaq tapşırığının qoyulmadığını deyə bilərik. Ancaq minimum qrupdan çıxmaq lazımdı. Hər halda, nəzərə alaq ki, Polina Rəhimova indi ən təcrübəli dövrünü yaşayır və bundan sonra növbəti DÇ-yə qatılsaq belə, yaş sözünü deyəcək və hazırkı formasında olmayacaq. Çox güman, mundial Natalya Məmmədovanın millidə son yarışı olacaq. Ukraynalı legioner də bütün təcrübəsini və bacarığını ortaya qoyub, komandaya maksimum dərəcədə fayda verməyə çalışmalıdı ki, qapını bərk çırpa bilsin. Ziya Rəcəbovun dediyi kimi, fərdi planda kimdənsə aşkar geri qaldığımızı deyə bilmərik. Xüsusən hücumda bir çoxlarının kürkünə birə saldığımıza söz yox. Bircə qalır bu voleybolçulardan anlaşma səviyyəsi yüksək olan, döyüşkən, əzmkar və xarakter nümayiş etdirən komanda qurmaq. Uğurlar, milli! Gündoğar ölkədə üzünüzə gün doğsun!

Reaksiyalar
Yelizaveta Səmədova: “2014-cü ildə İtaliyada keçirilən dünya çempionatına mən də millinin tərkibində yollanmışdım. Sadəcə, o vaxt oyunları yalnız tribunadan izləyirdim. Amma 4 il sonra yığmanın heyətində mundialda iştirak edəcəm. Böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək DÇ-yə vəsiqəni qazandıq və artıq sabah (bu gün) bu böyük yarış başlayır. Mundiala hazırlıq çərçivəsində çoxlu təlim-məşq toplanışı keçdik, yoxlama oyunlarında qüvvəmizi sınadıq. İlk turda son dünya çempionu ABŞ-la qarşılaşacağıq. İndi hamı düşünür: həyəcanlıyıqmı? Qalib gələcəyikmi? Fikrimcə, hər oyunçumuz qələbə üçün meydançaya çıxır. Əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsas bizə bizi sevən, izləyən azarkeşlərin dəstəyi və inanması lazımdı”.
Natalya Məmmədova: “Bu, millinin 4-cü, mənim isə 2-ci dünya çempionatımdı. Doğrusu, Avropa çempionatından sonra karyeramı bitirmək haqda düşünürdüm. Çünki ağır mövsümdən sonra yorğun idim. İyunun sonlarında məndən DÇ-də millidə oynamaq istəyib-istəmədiyim soruşulanda oynamaq və komandaya əlimdən gələn köməyi etmək qərarına gəldim. Bu gün yığmada elə oyuçular var ki, onlar ilk dəfədi ki belə böyük yarışda iştirak edir. Voleybol komanda oyunudu. Bu üzdən biz birlikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik.
Bildiyiniz kimi C qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz haqda deyə bilərəm ki, Asiya voleybolu müdafiədə hər zaman yaxşı oynayır. Amerika sonuncu dünya çempionu, Rusiya millisi yeni məşqçi və yeni oyunçularla iştirak edir. Tobaqo millisinin tam olaraq oyununu görməmişəm bu komandanın orta oyunçusu Sinead Jakı tanıyıram və onun oyununu Rusiya çempionatında görmüşəm. Düşünürəm ki, digər oyunçular da yaxşıdı. Hər birimiz həm psixoloji hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Mənim fikrimcə 2-ci mərhələyə keçmək şansımız var və bu bizim əlimizdədi”.
SƏRXAN
SON XƏBƏRLƏR