“Başqa vaxt olsaydı, mənə bu qədər təsir etməzdi”
“Qarabağ”lılar “Arsenal”la oyunu düşündüyü an Vil-Donald Gerye kimi aparıcı oyunçusunun sıradan çıxması heç yerinə düşmədi. Onsuz da Dani Kintana ilə Rəşad Sadıqov olmayacaq. Simeon Slavçev məşqlərə başlasa da, yaşıl meydanlardan uzaq düşüb. Bu tərəfdən də son vaxtlar ideal formada olan, az qala hər oyunun qəhrəmanına çevrilən Geryenin zədələnməsi...
Həkimlərin rəyinə görə, Haiti yığmasının üzvü 3-4 həftə meydana çıxa bilməyəcək. Çiyni çıxan futbolçu hazırda zədəsinin müalicəsi ilə məşğuldu. Halbuki Lissabondan Bakıya qayıdanda bəndənizlə söhbətdə “Arsenal”la oyunu səbirsizliklə gözlədiyini demiş, Olimpiya stadionunda 50-60 min azarkeşin dəstəyi altında oynamağın başqa hiss olduğunu dilə gətirmişdi. Əslində hələ bir neçə gün öncə məlum görüş ərəfəsində onunla söhbətləşməyi, şansları dəyərləndirməyi və ideal formada olması haqda fikirlərini öyrənməyi qərara almışdım. Lakin tale elə gətirdi ki, budəfəki müsahibədə Gerye ilə əsasən zədəsi ətrafında dərdləşdik.
- Altı gündən sonra komandan “Arsenal”la üz-üzə gələcək. Sən isə bu cür oyunu kənardan izləyəcəksən...
- Özümü həddən artıq məyus hiss edirəm. İki gündü nə yeyib-içdiyimi bilmirəm. Həqiqətən də “Arsenal”a qarşı xüsusən də Bakıda oynamağı böyük həvəslə gözləyirdim. Təəssüf ki, gözləmədiyim halda zədələndim. Olduqca üzücü məqamdı. Edə biləcəyim bir şey yoxdu. Çətin də olsa, dözməliyəm.
- Zədə anında vəziyyətin bu dərəcədə ağır olacağını hiss etmişdin?
- Düzü, o an çiynimdə kəskin ağrılar hiss etdim. Amma zədənin ciddi olacağını düşünmək istəmirdim. Çiynimin zədələndiyini təxmin edirdim. Fikirləşirdim ki, bir-iki gün məşq etmərəm, keçib gedər. Amma həkim müayinəsindən sonra çiynimin çıxdığı aşkarlandı. Belə vəziyyətdə oynamaq isə olduqca təhlükəlidi, hətta mümkünsüzdü deyərdim. Bildiyiniz kimi, qaçmağa və hava mübarizələrinə üstünlük verən futbolçuyam. Bu da elə zədədi ki, ikili mübarizələrdən uzaq durmalıyam. Həqiqətən də çox üzgünəm.
- Yəqin ki, epizodun videotəkrarına baxmısan...
- Xeyr, baxmamışam, baxmaq da istəmirəm. Onsuz da özümü güclə ələ almağa çalışıram. Başqa vaxt olsaydı, mənə bu qədər təsir etməzdi. Amma “Arsenal”la oyundan əvvəl... Həm də yaxşı formada olduğum zamanda zədələndim. İndi oturub iki-üç həftə gözləməliyəm. Eybi yox, deməli, belə olması məsləhət imiş. Bəlkə həmin oyunda daha ağır zədə ilə üzləşə bilərdim.
- “Vorskla” ilə oyuna qədər hazır olacaqsan?
- Həkimlərin dediyinə görə, iki həftə fərdi məşq etməliyəm. Qaçmaqla, ayaqlarımı işlətməklə bağlı problem yoxdu. Sadəcə, mübarizələrdən uzaq durmalıyam, çiynimin yüklənməsinə, qəfil tərpənməsinə imkan verməməliyəm. Ümid edirəm ki, üç həftədən sonra meydana çıxa biləcəm. Belə olacağı təqdirdə oktyabrın 25-də “Vorskla”ya qarşı oynamağım mümkündü.
- Meydana çıxmayacağın qarşılaşmada “Qarabağ”ın şanslarını necə qiymətləndirirsən?
- Rəqibin kimliyi haqda danışmağa ehtiyac yoxdu. Adı hər şeyi deyir. Kifayət qədər təcrübəyə sahib, heyətində ulduz futbolçuların yer aldığı “Arsenal”dı. Əlbəttə, matçın favoriti onlar göstərilir. Amma uğur heç də hər zaman favoritin tərəfində olmur. Xüsusən də müasir futbolda. Evdə oynasaq da, işimiz çətin olacaq. Bir şeyə əminəm ki, “Arsenal”dan xal ala bilərik. Bunun üçün meydanda daha çox qaçmalı, hər imkanda döyüşməli və ən əsası, müdafiədə sayıq oynamalıyıq. İşimiz həddən artıq çətin olacaq. Lakin unutmayaq ki, bu, ötən mövsüm iki oyunda “Atletiko”ya uduzmayan, “Roma”yla başabaş mübarizə aparan “Qarabağ”dı. Futbolçular meydana çıxanda qətiyyən rəqibin adı haqda düşünməməlidi. Bunu özləri məndən yaxşı bilir. İstədiyimiz oyunu sərgiləyə bilsək, “Arsenal”dan xal və ya xallar ala bilərik.
- Haiti millisi oktyabrın 13-də KONKAKAF Milli Liqası çərçivəsində Sent-Lusia ilə qarşılaşacaq. Yəqin ki, yığmanın toplanışına da qatıla bilməyəcəksən.
- Dünən federasiyadan zəng vurmuşdular. Zədəmin nə dərəcədə ciddi olduğunu soruşdular, iki-üç həftə oynaya bilməyəcəyimi dedim. Təbii, onlar da məyus oldular. Buna baxmayaraq, Haitiyə gəlməyimi, komanda yoldaşlarımın yanında olmağımı xahiş etdilər. Mümkünsüz olduğunu dedim. Çünki oktyabrın 4-dəki “Qarabağ” – “Arsenal” görüşünü tribunada da olsa, izləmək istəyirəm. Həm də bu dəqiqə mənə zədəmi sağaltmaq, formamı qorumaq üçün daim məşq etmək lazımdı. Haitiyə gedib-qayıdanda vaxtımın 30-35 saatı yollarda keçir.
- “Qarabağ”ın qrupdan çıxmaq şanslarını faizlə dəyərləndirə bilərsən?
- Hər şey özümüzdən asılıdı. “Sportinq”lə səfər matçında sübut etdik ki, istənilən rəqibdən xal ala bilərik. Sadəcə, kiçik səhvlərə yol verdik və bu da sonda məğlubiyyətə gətirib çıxardı. İçi mən qarışıq səhvlərdən bacardıqca uzaq durmalıyıq. Oyun planında problem yoxdu, hücum edirik, top saxlayırıq, rəqibi bizimlə ayaqlaşmağa məcbur edirik. Di gəl ki, fərdi səhvlər məğlubiyyətlə nəticələnir. Üzərimizdə çox işləməliyik. Bəli, “Arsenal” güclü rəqibdi, hətta onları Avroliqanın qalibi adına namizəd göstərirlər. Amma qrupda ikinci yer uğrunda mübarizə aparmaq mümkündü. Lissabondakı oyun göstərdi ki, onlar bizdən heç də bir baş üstün deyillər. “Sportinq”lə “Vorskla”da olan futbolçulardan bizdə də var. Müxtəlif yığmaların üzvlərindən qurulmuş “Atletiko”ya uduzmadıqsa, deməli, Avropa səviyyəsində futbol oynamağı bacarırıq.
- Çempionatla bağlı nə deyə bilərsən? “Neftçi” sizi qarabaqara izləyir. Səncə, “ağ-qaralar” sona qədər çempionluq iddiasını davam etdirəcək?
- Bu haqda indidən nəsə demək çətindi. Mövsüm yeni başlayıb və cəmi 5 tur geridə qalıb. “Neftçi”ylə qarşıda 3 şəxsi oyunumuz olacaq. Həmin matçların nəticəsindən çox şey asılıdı. Ancaq indiki məqamda bizim üçün həqiqətən çox çətindi. Hədsiz güc sərf edirik, yorğunluq var. Təsəvvür edin, sentyabrın 20-dən 29-na qədər, yəni 10 gün ərzində 4 oyun keçirmək məcburiyyətindəyik. Ağır Lissabon səfərindən gəlib, “Qəbələ”ylə oynadıq, üç gündən sonra “Zirə”ylə, sabahkı (bugüngü) rəqib “Sabah”dı. Avroliqadakı nəticələr vacib olsa da, çempionatda büdrəməməyə çalışırıq. Məncə, bütün suallara qış fasiləsindən sonra aydınlıq gələcək.
- Öz oyunun haqda soruşmaq istəyirəm. “Qarabağ”da çıxış etdiyin ilk mövsümdə bu dərəcədə parlaq çıxış etmirdin. Birdən-birə nə oldu sənə?
- Mənə olan indi yox, o vaxt olmuşdu. Komandaya yeni qoşulmuşdum, uyğunlaşma dövrü keçirdim, kollektivdə öz yerimi tapmağa çalışırdım. Və heç kimin gözləmədiyi halda övladımı itirdim. O hadisədən sonra heç cür özümə gələ bilmirdim. Hara gedirdimsə, gözümün qabağına qızımın siması gəlirdi. Şokdaydım sanki. İnanın, karyeramı bitirmək, hamıdan, hər şeydən uzaqlaşmaq haqda düşünürdüm. “Qarabağ” rəhbərliyi, məşqçilər heyəti, futbolçu yoldaşlarım, texniki heyət, bir sözlə, hamı sağ olsun. Çətin anlarda yanımda oldular, məni tək buraxmadılar, ürək-dirək verdilər və başa saldılar ki, Allahın qərarına qarışa bilmərsən. İnanılmaz dəstək aldım və tək olmadığımı, dostlarıma, ailəmə lazım olduğumu anladım. İndinin özündə də o hadisəni unutmamışam. Sadəcə, bacardıqca yadıma salmamağa çalışıram. Məncə, ötən il çıxışımdakı enişin səbəbi bu idi.
- Bir məqam da var ki, ötən mövsüm daha çox yarımmüdafiəçi kimi çıxış edirdin. Qurban Qurbanov indi sənə sol cinah müdafiəçisi qismində şans verir və hiss olunur ki, bu mövqedə daha rahatsan.
- Müdafiənin “sol”u mənə yad deyil. Peşəkar karyerama başlayanda məhz həmin cinahda oynayırdım. Millidə və klubumda sol cinah müdafiəçisi idim. Məsələn, İtaliya, İspaniya, Çili yığmalarına qarşı oynayanda müdafiəçi funksiyasını daşıyırdım. Sonradan Polşaya gəldim və çox qol vurduğumu görən baş məşqçimiz məni yarımmüdafiəyə çəkdi. O vaxtdan vinger kimi çıxış etməyə başladım. Baş məşqçi harda desə, orda oynamağa hazıram.
HƏBİB