Fəryaz İbayev: “Belə çıxır ki, Yardımlıda futbola 200 manat ayıra biləcək dövlət qurumu yoxdu”
Ötən sayımızda xəbər verdiyimiz kimi, oktyabrın 6-da Region Liqasında yeni mövsümə start veriləcək. İlk dəfə 2017/18 “futbol ili”ndə təşkil olunan birincilikdə Naxçıvan Muxtar Respublikasının daxili çempionatında mübarizə aparan komandalar istisna olmaqla, 24 komanda çıxış edirdisə, bu dəfə onların sayı 27-di. Bu isə ondan xəbər verir ki, ildən-ilə bölgələrdə həvəskar status daşıyan liqaya maraq artmaqdadı. Bu il Şimal zonasında Qusarın “Şirvanovka”, Şimal-qərb və Qərb regionunda Gəncənin “Qoşqar UGİM-2”, Mərkəzdə “İmişli” və “Ağsu Siti”, Cənub regionunda Masallı “Ərkivan”ı və “Salyan”, Bakı və Şimal zonasında “Gənclik İK” komandaları liqada debüt edəcəklər.
Futbol ictimaiyyəti arasında daha çox “ikinci liqa” adlandırılan turnirə yeni komandaların qoşulması nə qədər xoşdusa, ötən il çempionatda iştirak edələrdən bəzilərinin fəaliyyətini dayandırması bir o qədər qanqaraldıcı faktdı. Məsələn, 3 qat Azərbaycan çempionu olmuş “Şəmkir” yeni mövsümdən hətta Region Liqasında belə olmayacaq. Onun kimi Şabran təmsilçisi “Səhliyalı”, paytaxt zonasında çıxış etmiş “Ümid Masallı” və “Şağan”, futbol ənənəsi olan Qubanın “Şahdağ”ı, cənub zonasında çıxış etmiş Yardımlı “Dinamo”su bu dəfə azarkeşlərinə futbol həyəcanı yaşada bilməyəcəklər. Onlar da ölkənin bəzi köklü klubları kimi tarixin yaddaşına köçüblər.
Adını çəkdiyimiz komandaların fəaliyyətini dayandırmasının səbəbini aydınlaşdırmaq üçün bəzilərinin rəsmiləri ilə əlaqə saxlamağı lazım bildik. Öncə Yardımlı “Dinamo”sunun həm baş məşqçisi, həm də rəhbəri olmuş Fəryaz İbayevlə danışdıq: “Maliyyə problemi səbəbindən “Dinamo” bu il Region Liqasına qatıla bilmədi. Məsələ ilə bağlı rayonin icra başçısı, Gənclər və İdman İdarəsinin rəisi ilə görüşdüm. Ancaq daş atıb başlarını tutdular ki, futbol komandasına ayıracaq vəsaitimiz yoxdu. Ötən il mövsümün əvvəlində adını çəkdiyim qurumlar müəyyən qədər maliyyə yardımı göstərsələr də, çempionatın sonuna bir neçə tur qalmış komandadan imtina etdilər. Respublikada biabır olmamaq üçün öz cibimin pulunu xərclədim, çətinliklə də olsa, bütün oyunlara çıxaraq mövsümü başa vura bildik. Bəzi komandalar Region Liqasında çıxış etmək üçün 20-30 min manat xərclədikləri halda, bizə səfər oyunlarına yollanmaq üçün ayda 200 manat bəs edirdi. Belə çıxır ki, Yardımlıda futbola 200 manat ayıra biləcək dövlət qurumu yoxdu. Məsələ ilə bağlı Gənclər və İdman İdarəsinin rəisi ilə çox danışdıq. Ancaq xeyri olmadı. Rayonda idmanın inkişafına cavabdehlik daşıyan qurumun rəhbəri heç bir kömək edə bilməyəcəyini söylədi. Komandanın taleyi ilə bağlı rayondan Milli Məclisə deputat seçilmiş Musa Qasımova da müraciət ünvanladım. Onunla rayonda görüşüb durumla bağlı məlumat vermək istəyirdim. Lakin o da məktubuma nə cavab verdi, nə də görüşümüz baş tutdu. Buna baxmayaraq, komanda məşqlərini davam etdirir. Sponsor tapacağımız halda növbəti mövsüm Region Liqasında çıxış edə bilərik”.
Quba “Şahdağ”ının baş məşqçisi Dəyanət Əliyevlə danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı. Qubadan olan hakim-inspektor Akif Əliyev isə qəzetmizə qısa açıqlamasında komandanın maddi çətinlik səbəbindən fəaliyyətini dayandırdığını bildirdi.
Üçqat ölkə çempionu olan “Şəmkir”in ötən mövsüm Region Liqasında çıxışını rayonun İcra Hakimiyyəti təmin etmişdi. Məhz Alimpaşa Məmmədovun sayəsində “qırmızı-ağlar” qərb zonasında mübarizə aparmışdılar. Görünür, artıq bu il icra başçısı da komandadan əlini çəkib və bunun da nəticəsi kimi rayon futbolsuz qalıb. Gün ərzində dəfələrlə Şəmkirin Gənclər və İdman İdarəsi ilə əlaqə saxlamaq, yaşananlara münasibət öyrənmək istədik. Lakin təəssüf ki, heç kim telefona cavab vermədi.
RƏŞAD