Ötən sayımızda Bakı Olimpiya Stadionunda FİFA referiləri, FİFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürüldüyünü xəbər vermişdik. UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunan normativlərin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə yanaşı, UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras rəhbərlik edib. Təbii, Vassarasın testlərdə iştirakı maraqlı məqamdı. Görəsən, bizdə bunu bacaran mütəxəssis yoxdu? Olmaya Stuxlik heç kimə güvənmədiyi üçün yunan həmkarını Bakıya dəvət edib? Bəlkə AFFA Vassarasla hansısa şəkildə anlaşıb və ilboyu onu ölkəmizdə tez-tez görəcəyik?
Sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq: “Kiros Vassaras bizimkilərin dəvəti ilə gəlmişdi. Testlər UEFA-nın təlimatlarına əsasən keçirilirdi. O da UEFA Hakimlər Komitəsinin üzvüdü. Belə deyim, Vassaras Frits Stuxlikin tövsiyəsi və təqdimatı ilə AFFA tərəfindən dəvət edilmişdi. Əvvəllər normativlərin necə götürüldüyünü bilmirəm. Onu bilirəm ki, budəfəki testlər UEFA-nın tələb etdiyi şərtlər əsasında götürülüb. Yəni normativin təfərrüatı qitə futbol qurumu tərəfindən verilən təlimatlar əsasında müəyyənləşib. Vassarasın yenidən ölkəmizə gəlib-gəlməyəcəyini deyə bilmərəm. Onunla hər hansı müqavilə yoxdu. Sadəcə, dəvət etmişdilər, gəlmişdi”.
FARİZ