Sizin reklam burada

Yığmanın qələbə yürüşünü Ermənistan da dayandıra bilmədi

Müəllif: football Tarix: 30-09-2018, 16:35 805 Baxış
Yığmanın qələbə yürüşünü Ermənistan da dayandıra bilmədi
Şəhriyar Məmmədyarovdan dərsliklərə düşəcək qələbə
Gürcüstanın Batumi şəhərində keçirilən Şahmat Olimpiadasında dünən 5-ci turun oyunları baş tutub. İlk 4 turda qələbələri sıralayan kişilərdən ibarət yığmamız Ermənistanla prinsipial görüşə çıxıb. Şəhriyar Məmmədyarov (2820) Levon Aronyanla (2780) duelin əvvəllərində çətin vəziyyətə düşüb. İki piyada geridə olan şahmatımızın lideri məğlubiyyətlə üz-üzə qalıb. Bəlkə də bu öncədən planlaşdırılmış addım idi. Bir qədər sonra filini qurban vermək bahasına vəziyyəti öz xeyrinə dəyişən Məmmədyarov özünəxas riskli oyun üslubuyla möhtəşəm qələbə qazanıb. Qabriel Sarkisyanla görüşdə debütdə cüzi üstünlük qazanan Teymur Rəcəbov (2751) səbrlə bu üstünlüyü inkişaf etdirib və komandamızın hesabına növbəti xalı yazıb. Arkadi Naydiç (2721) turnirdə ilk məğlubiyyətini Hrant Melkumyandan (2660) alsa da, Rauf Məmmədovun (2699) Hayk Martirosyanla (2597) heç-heçəsi qələbəmizi təmin edib – 2,5:1,5.
Ötən tur Rusiyanı məğlub etməklə şahmat dünyasını təəccübləndirən Polşa güclü Fransanı da üstələyib – 3:1. Çexiya isə gözlənilmədən eyni hesabla Çini məyus edib. Hazırda 4 komandanın – Azərbaycan, Çexiya, Polşa və Ukraynanın 10 xalı var.
Qadınlardan ibarət millimiz isə Yunanıstana çətinlik çəkmədən qalib gəlib – 3:1. Yığmanın təcrübəli simaları Zeynəb Məmmədyarovayla (2358) Gülnar Məmmədova (2355) uyğun olaraq, Anna-Mariya Botsari (2252) və Anastasiya Avramiduyla (2260) heç-heçə etsə də, Xanım Balacayevanın (2326) Stavrula Tsolakidunu (2393), Ülviyyə Fətəliyevanın (2320) isə Haritomeni Markantonakini (2149) devirməsi həlledici olub. Bu tur Ermənistan – Çin və Gürcüstan-1 – Ukrayna duelləri bərabərliklə yekunlaşıb. ABŞ Monqolustandan (3,5:0,5), Hindistan Argentinadan (3,5:0,5), Gürcüstan-2 Türkiyədən (3,5:0,5), Çexiya isə Avstraliyadan (2,5:1,5) güclü olub.
Hazırda millimiz 8 xalla 8-ci pillədə qərarlaşıb. ABŞ 10 xalla vahid liderdi.
Bu gün məsul yarışda yeganə istirahət günüdü. Sabah baş tutacaq 6-cı turda kişilər Çexiya, qadınlar isə Latviya ilə münasibətləri aydınlaşdıracaq.
SƏRXAN
SON XƏBƏRLƏR