Almaniya çempionatının 3-cü liqasının 9-cu turunda – “Hanza” ilə səfər oyununda (4:1) het-trik edən Rüfət Dadaşov həftənin oyunçusu seçilib. Liga3-online.de saytının turun oyunçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuya qatılan 5500 respondentin 37 faizi “Proyssen”in şərəfini qoruyan soydaşımıza səs verib. 2-ci yeri “Kayzerslautern”dən Kristian Kyulvetter (34 faiz), 3-cü yeri isə “Karlsrue”dən Anton Fink (17 faiz) tutub.
Yeri gəlmişkən, dünən 3-cü liqada artıq 10-cu tura start verilib. "Proyssen" evdə "Vehen"i darmadağın edib - 3:0. 90 dəqiqə oynayan Rüfət yenə qələbədə pay sahibi olub. Ötən tur het-trikə imza atan hücumçu bu dəfə 41-ci dəqiqədə hesabı açıb. Dadaşov bununla da cari mövsümdə qollarının sayını 6-ya çatdırıb. Əsas rəqiblərindən bir oyun artıq keçirən "qartallar" 18 xalla liderliyə yüksəlib. "Proyssen" növbəti turda səfərdə "Unterhahinq"lə qarşılaşacaq.