Bir müddət öncə iki yığmanın AFFA-nın bayrağı altında keçirilən liqalarda çıxış edəcəyini xəbər vermişdik. Söhbət U-15 və U-16-dan gedirdi. Özü də hər iki milli özündən yaşca böyüklərlə eyni yarışda mübarizə aparmalıydı. Belə ki, U-15-in U-16 liqasında, U-16-nın isə Gənclər Liqasında yer alması nəzərdə tutulmuşdu.
Ötən saylarımızda bu layihənin müsbət və mənfi tərəflərini saf-çürük etmişdik. Əslində müsbət məqam kimi yalnız futbolçuların bir-birinə alışmasını qeyd edə bilərdik. Ancaq qalan nüanslar heç də uğurlu bir layihə olacağına işarə deyildi. Təkcə klubların futbolçularından bir mövsüm boyunca ayrı düşməsinin nə dərəcədə doğru qərar olduğunu anlamaq çətin idi. Yadınızdadısa, klublardan da bəzilərinin bu məsələ ilə bağlı mövqeyini öyrənmişdik. Maraqlıdı ki, aşağı yaş qrupları üzrə yığmalara ən çox oyunçu verən "Qəbələ" layihəyə müsbət yanaşdığını açıqlamışdı. Bir sözlə, klubların etiraz etməməsi fonunda yığmaların həmin liqalarda iştirakında maneə yox idi.
Bir neçə gün öncə AFFA-nın saytına göz gəzdirəndə U-16 liqasının təqvimində 15 yaşlılardan ibarət yığmanın da adının yer aldığını gördük. Özü də ilk turda istirahət edən yığma 2-ci turda, oktyabrın 4-də "Zirə" ilə qarşılaşmalıydı.
Dünən həm U-15-in baş məşqçisi Famil Xəlilovla, həm də U-16-nın çalışdırıcısı Azər Məmmədovla danışmaq qərarına gəldik. Onların liqadakı mübarizəyə necə hazırlaşdığı, heyətlə bağlı məsələlər maraq doğururdu. Ancaq əldə etdiyimiz məlumat adı çəkilən mütəxəssislərlə danışmağın mənasız olduğunu göstərdi. Belə ki, AFFA həmin layihədən imtina edib. Görünür, assosiasiya da bunun özünü doğrultmayacağını anlayıb. Artıq dünən qurumun saytına nəzər salanda əvvəlki təqvimin silindiyini də gördük. Bir sözlə, AFFA startdan öncə geri addım atmalı olub. Bu isə o deməkdi ki, bir neçə ay üzərində işlənilən layihə tənəzzülə uğradı.
FARİZ