“Düşünmürəm ki, çıxış etdiyi yarışın onun yığma perspektivinə təsiri var”
Yığmanı qarşıda çox önəmli matçlar gözləyir. Qurban Qurbanovun komandası oktyabrın 11-də səfərdə Farer adaları ilə üz-üzə gələcək. Üç gün sonra isə evdə Malta ilə qarşılaşacağıq. Bu iki oyunun nəticəsi yığmanın Millətlər Liqasında taleyini böyük ölçüdə müəyyənləşdirəcək. İstər səfərdə, istərsə də evdə xal itkisi olarsa, qrupdan çıxmaq şansımız minimuma enəcək. Düzdü, digər qarşılaşmalardan da çox şey asılıdı. Lakin komandamız büdrəsə, taleyi artıq öz əlində olmayacaq. Odu ki, yığma qarşıdakı iki oyunda yalnız 6 xal üçün mübarizə aparmalıdı. Başqa heç bir nəticə azərbaycanlı futbolsevərləri razı salmayacaq.
Kosovo və Malta ilə duellərdə yığmada bir sıra problemlər diqqəti çəkdi. Xüsusilə iki ən böyük çatışmazlığı qeyd etmək olar. Bunlardan biri futbolçuların gözlənilən səviyyədə istəkli olmaması idisə, digəri irəli xətlə bağlıdı. Belə ki, komandada “vuran ayaq” yoxdu. Geridə qalan iki dueldə Qurbanovun sərəncamında sırf iki hücumçu vardı: Rauf Əliyev və Ramil Şeydayev. İndi isə bu futbolçuların klubundakı durumuna nəzər salaq. “Qəbələ” hazırda uğursuz traektoriya cızır və problemin əsas səbəbi ələ düşən imkanların dəyərləndirilməməsidi. Əliyev də məhz bu komandanın hücumçusudu və geridə qalan turlarda kifayət qədər fürsət qaçırıb. Şeydayev isə “Krılya Sovetov”da nəinki qol vurmur, heç şans da qazanmır. Bu durumda yığmanın hücumdakı “dişsizliyini” anlamaq çətin deyil.
O ki qaldı digər hücumameyilli yarımmüdafiəçilərə, Ruslan Qurbanov Malta ilə dueldə, ümumiyyətlə, “23-lük”də yox idi. Kosovo ilə görüşdə şans qazansa da, olduqca zəif təsir bağışlayan Ruslanın hazırda formada olmadığı birmənalıdı. Mahir Mədətovun isə “ayağı bağlanıb”. Son vaxtlar sərgilədiyi oyunla çoxlarını “əsəb xəstəsi” edən Mədətov, çətin ki, hücumdakı boşluğu doldura bilsin. Qurbanovun Kosovo və Malta ilə görüşlərdə Namiq Ələsgərova güvənməməsini də anlamaq olardı. Çünki toplanışa qədər Ələsgərov klubunda şans qazanmamışdı. Ancaq Namiqə də qol ümidi ilə baxmaq üçün ciddi əsas yoxdu.
Bütün bunları nəzərə alsaq, növbəti toplanışda başqa forvardlara da dəvət göndərilməsi qaçılmazdı. Onlardan biri “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov ola bilər. Klubunda parlaq oyun sərgiləyən Abbasov yığmaya daha çox fayda verə bilər. Baxmayaraq ki, beynəlxalq oyun təcrübəsi azdı. Daha bir namizəd isə Rüfət Dadaşovdu. O, hazırda Almaniyanın 3-cü liqasında mübarizə aparan “Proyssen”in şərəfini qoruyur. Artıq Rüfətin hesabında 5 qol var. Ancaq Qurban bəyin ona dəvət göndərib-göndərməyəcəyi bilinmir. Hər halda, Dadaşovun yüksək qol duyumuna malik olduğunu bilirik. Millidə keçirdiyi 16 görüşdə rəqib qapılarına 4 dəfə yol tapdığını da xatırladaq. Klubunda şans qazanmayan Şeydayevin əvəzində Dadaşov milliyə daha çox fayda verə bilər. Bəlkə də onun Almaniyanın 3-cü liqasında çıxış etməsi Qurbanovda tərəddüd yaradır. Ancaq yığma üçün həyati əhəmiyyətli matçlarda bizə qol duyumu yüksək olan futbolçu lazımdı. Yoxsa gününü ehtiyat oyunçular skamyasında keçirən, ələ düşən imkanları sağa-sola xərcləyən, top ayağına düşəndə irəli yox, geriyə qayıdan hücumçu milliyə xeyir verə bilməz.
“Qarabağ” – “Zirə” qarşılaşmasından sonra Qurban bəyə yaxınlaşıb, Rüfətlə bağlı düşüncələrini öyrəndik: “Hamı nəzarətimizdədi. O cümlədən də Rüfət Dadaşov. Oyunlarına baxılır. Kimsə diqqətdən kənarda qalmır. Qarşıda xeyli vaxtımız var. Hələ çempionatımızın da iki turu qalır. Düşünmürəm ki, çıxış etdiyi yarışın onun yığma perspektivinə təsiri var. Dediyim kimi, hamı nəzarətdədi”.
FARİZ