“Şort əynimdən çıxsaydı, biabır olacaqdım”
“Zirə” – “Neftçi” qarşılaşması bir çox maraqlı məqamlarla yadda qaldı. Hadisələrin diqqət mərkəzində olan şəxs isə dördüncü hakim Ömər Paşayev idi. Paşayev matç boyunca ehtiyat oyunçular skamyalarında əyləşənləri izləyir, hər imkanda onlara xəbərdarlıq etməyi özünə borc bilirdi. Hələ ilk yarı başa çatmamış Samir Abasovla Roberto Bordinin bir-birini təhqir etdiklərinə görə texniki zonadan uzaqlaşdırılmasına dair oyunun baş hakimi Rauf Cabbarova xəbərdarlıq etməsi maraqla qarşılanmışdı.
Lakin eyni münasibəti “Zirə”nin futbolçularına da göstərdi. Birinci 45 dəqiqədə Adrian Skarlatake ilə Tellur Mütəllimovun alt paltarlarını əynindən çıxarmalarına nail oldu. Səbəb isə alt paltarı ilə şort rənglərinin fərqli olması idi. Əslində normaldı. Qaydalar nə deyirsə, əməl etməlisən. İstəsən də, istəməsən də.
Burda sual doğuran məqam futbolçularla bağlı idi. Məsələn, adam inana bilmir ki, Skarlatake kimi saçını yaşıl meydanlarda ağartmış birinin qaydalardan xəbəri yoxdu. Elə illərdi premyer-liqa həyəcanı yaşayan Tellurun da. Deyək ki, səhlənkarlıq ediblər, hakimlərin tapşırıqlarını veclərinə almayıb, fırıldağa əl atmaq istəyiblər. Bəs ilk hissənin qalan bölümünü alt paltarsız keçirməyi özlərinə necə sığışdırdılar? Epizodların birində rəqiblə ikili mübarizədən sonra şortları əyinlərindən çıxsaydı, hansı mənzərəyə şahidlik edəcəyimizi təsəvvür edə bilirsizmi? Düşünün, şort əyindən çıxır və alt paltarı yoxdu. Gülüş mənbəyi və sadəcə, biabırçılıq.
Maraqlıdı, özləri bu haqda nə düşünür? Hakimlərin tələbinə əməl etməmələri məcburiyyətdən olub, yoxsa hiyləyə əl atmaq istəyiblər? Tellurla danışmaq mümkünsüzə çevrildiyindən, sualı “Zirə”nin mətbuat katibi Elmar Abdullazadəyə ünvanladıq. Həmkarımız günahı futbolçularda görür: “Alt paltarı görünmədiyi üçün futbolçular hakimin altlığın hansı rəngdə olduğunu görməyəcəyini düşünüb. Oyundan əvvəl hakimlər tuneldə futbolçuların geyim dəstini yoxlayır və hansısa iradları varsa, bildirirlər. Alt paltarının fərqli rəngə olduğunu orda görsəydilər, dərhal dəyişməyə məcbur edəcəkdilər. Çox güman, futbolçu meydanda hərəkətdə olan zaman rənglərin fərqli olması hakimlərin diqqətini çəkib. O ki qaldı şortun futbolçunun əynindən çıxacağı halda biabır olmasına, o an başqa çıxış yolu yox idi. Oyun gərgin keçirdi deyə, paltardəyişmə otağına gedib qayıtmaq üçün 2-3 dəqiqənin itirilməsini istəmədilər”.
Suallarla tanış olandan sonra gülüşünü saxlaya bilməyən Adrian Skarlatakenin cavabı isə belə oldu: “Orda vəziyyət fərqi idi. Məsələn, mən eyni rəngdə olan alt paltarında idim. Sadəcə, bir qədər uzun idi. Hakim yaxınlaşıb dedi ki, yeni qaydalara görə alt paltarı görünməməlidi. Ona görə də tələsik əynimdən çıxarmağı qərara aldım. Hakimin dediklərinə hörmətlə yanaşıb tez dəyişdim. Klubda geyim dəstləri ilə bağlı heç bir problem yoxdu. İkinci sualınıza gəlincə, bəli, ilk hissənin son 20 dəqiqəsini alt paltarı olmadan keçirdim. Şort əynimdən çıxsaydı, gülməli vəziyyət yaranacaqdı və biabır olacaqdım. Belə deyim, komandamın uğur qazanması naminə riskə getdim”.
HƏBİB