“Yenidən yığmaya çağırılsam, buna görə yalnız fəxr edərəm”
"Proyssen"in heyətində son oyunda het-trik edən Rüfət Dadaşov Almaniyanın nüfuzlu "Bild" nəşrinin diqqətini cəlb edib. Həmkarlarımız 3-cü liqanın geridə qalan 9 turunda 5 qola imza atan sodaşımızdan müsahibə alıb.
- Yəqin ki, belə gözəl qələbədən sonra gecəni yaxşı yatmısız...
- Qətiyyən. Çünki adətən, oyunlardan sonra uzun müddət oyaq qalıram, çox həyəcanlı oluram. Bu dəfə hər şey daha ekstremal oldu. Çətinliklə olsa da, yatağıma uzandım.
- Bir oyunda 3 qol vurduz. Bunu tez-tez edirsiz?
- Açığı, nə vaxt het-trik etdiyimi xatırlamıram. Bəlkə də Berlin "Dinamo”sunda bunu bacarmışam.
- 6 dəqiqəyə iki dəfə fərqləndiz. Həmin vaxt nə düşündüz?
- Heç nə! Hər şey çox ani oldu. Düşünməyə vaxt qalmadı. Ancaq hər şey çox yaxşı idi.
- Müəyyən çətinlikdən sonra, deyəsən, 3-cü liqaya uyğunlaşa bildiz...
- Mən də belə düşünürəm. Bu bir az vaxt apardı. Amma həmin ərəfədə çox çalışdım. Əslində regional liqa ilə bu çempionat arasında böyük fərq var.
- Baş məşqçinin sizə inanması nə dərəcədə vacibdi?
- Çox vacibdi. 3-4 həftə öncə məşqçilər korpusu ilə söhbətimiz oldu. Dedilər ki, çempionata uyğunlaşmağım üçün növbəti matçlarda oynamaq şansı qazanacam. Bu, mənim üçün əlavə stimul oldu. Etimadı doğrultduğuma görə şadam.
- Cümə günü yenə oyununuz var. Bu cür sıx qrafikdə necə dincəlirsiz?
- Rəfiqəm Laura və fransız itim Pandayla uzun yürüşlərə çıxıram. Şəhərin şərq hissəsində, kanalın yaxınlığında yaşayırıq. Orda gəzmək əladı. Burda özümüzü çox rahat hiss edirik.
- Oyunlardan öncə xüsusi ritual yerinə yetirirsiz?
- Bəli. Matç başlamazdan öncə boynumdan asdığım xaçı öpürəm. Xristianlığın Pravoslav qolundanam, onun tələblərini ciddi şəkildə yerinə yetirir və buna uyğun yaşayıram. Meydana ayaq basanda isə xaç çevirirəm. Amma bu publika yox, özüm üçündü.
- Sonuncu dəfə 4 il əvvəl Azərbaycan millisinin formasını geymisiz. Artıq "Proyssen"də qolları sıralayırsız. Yenidən yığmaya qayıdacağınıza inanırsız?
- Azərbaycan millisində 16 oyun keçirmişəm. Yığmaya hər an dəvət almaq olar. Yenidən çağırılsam, buna görə yalnız fəxr edər və xoşbəxt olaram.