“Atletiko”, “İnter”, “Monako”, “Sent-Etyen” Bakıdan qələbəsiz yola salınıbsa...
Birvaxtlar avrokubok oyunları deyəndə, ağlımıza təmsilçilərimizin beynəlxalq görüşlərdəki böyükhesablı məğlubiyyətləri gəlirdi. “Böyük beşlik” təmsilçiləri ilə qarşılaşmaq, ümumiyyətlə, mümkünsüz görünürdü, yuxu kimiydi. Belə bir şans 1999-un yayında ələ düşmüşdü ki, onda da Fransanın ikinci dərəcəli komandalarından sayılan “Monpelye” “Qarabağ”ın qapısını “aşsüzən”ə döndərmişdi. İki oyunda vurulan 9 cavabsız qol (0:3, 0:6) stajlı azarkeşlərin yadındadı. Həmin “Qarabağ”ın “Yablonets”ə 0:5, “Kopenhagen”ə 0:6 hesabı ilə uduzması da acı xatirədi. Həmin dönəmdə ümid yeri sayılan “Neftçi”nin “Vidzev” önündə diz çökdüyü oyunu da xatırlatmaq olar – 0:8.
Yəni ölkə futbolunun durumu o dərəcədə bərbad idi ki, yığma üzvlərindən qurulmuş “Şəmkir”in “Skonto”nu mübarizədən kənarlaşdırması tarixi hadisə kimi yadda qalmışdı. Ölkə futboluna pul axıdıldıqca nəticələr də nisbətən düzəlməyə başladı. Nəhayət, 2012-ci ildə “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla başqa təmsilçilərimizin sonrakı belə uğurlarının təməlini qoydu. Və beləcə, ölkəmizə “böyük beşlik” klublarının axını başladı.
Bizimkilər və “böyük beşlik” təmsilçiləri
Düzdü, nəticələrə görə öyünməyimiz üçün hələ çox tezdi. Artıq tarixə qovuşan oyunların nəticələrinə baxsaq, üstünlüyün birmənalı onların tərəfində olduğunu görərik. Qələbə sayında və topların fərqində nəhənglərin dili bizimkilərə nisbətən uzundu. Hətta bəzi oyunlarda darmadağına sevindikləri məqamlar da olub. İstənilən halda, Azərbaycan və Bakı adları “böyük beşlik” təmsilçilərinin bəziləri üçün yaxından tanışdı. Məsələn, Dortmund “Borussiya”sı, Milan “İnter”i və “Sent-Etyen” fərqli komandalarla oyunlar üçün iki dəfə ölkəmizə səfər etməyə məcbur olub. İspaniya təmsilçiləri “Atletiko” ilə “Atletik”də bu şərəfə nail olub. Almanların daha iki komandası – “Ayntraxt”la “Mayts-05” də azərbaycanlı azarkeşlərin uğultusunu hiss edib. “Arsenal”ın təmsil etdiyi İngiltərədən isə “Tottenhem”lə “Çelsi”nin futbolçuları Heydər Əliyev Hava Limanının gömrüyündən keçmək imkanı qazanıb. Fransızların “Lill”lə “Monako”sunu, italyanların “Roma”sı ilə “Fiorentina”sını da mütləq qeyd etməliyik.
Gördüyünüz kimi, vaxtilə çıxışını televizor qarşısında izlədiyimiz komandalar və futbolçuların son 9 ildə Bakıya müntəzəm səfərləri baş tutub. Yəni azərbaycanlı azarkeşlər üçün “Arsenal”lıları yaxından görmək heç də bayram sayılmayacaq.
Darmadağınlar olub
Az öncə qeyd etdiyim kimi, nəticələrin ümumi göstəricisində “böyük beşlik”dən olanların ciddi üstünlüyü var. “Borussiya”nın həm “Qarabağ”ı, həm də “Qəbələ”ni eyni hesabla – 4:0 məğlub etməsi çox da uzaq keçmişi əhatə etmir. “Çelsi”nin “köhlən atlar”ın qapısından 6 cavabsız top keçirdiyi oyunun ili təzə çıxıbsa, “Fiorentina” Elvin Yunuszadənin ilk hissədə aldığı “qırmızı” ucbatından 5:1 hesablı qələbəyə sevinmişdi. “Çelsi”nin Bakıda 4 cavabsız qola sevinməsi isə Rəşad Sadıqovun komandasını azlıqda qoymasının nəticəsiydi. Müəyyən “qəzalar” olsa da, ümumi göstərici heç də ürək ağrıtmır. Təmsilçilərimizin qələbə qazandığı zaman da olub, heç-heçə etdiyi də.
İngilislərlə almanlara bata bilməmişik
Komandalarımız “böyük beşliy”ə daxil olan bütün ölkələrin təmsilçiləri ilə üz-üzə gəlib. İtaliya, Fransa və İspaniya komandalarına badalaq vurmaq mümkün olsa da, Almaniya və İngiltərə təmsilçiləri ilə duellərin heç birində üzümüz gülməyib. “Qarabağ” Almaniya təmsilçilərinin ikisi ilə qarşılaşıb. 2009-da Avroliqanın pley-offunda “Borussiya”nı udmaq nədi, qapısına bir dəfə də olsun, yol tapmaq mümkün olmamışdı – 0:4, 0:1. 2013-ün yayında ağdamlıların pley-offdan qrupa gedən yolunu bu dəfə başqa bir Almaniya təmsilçisi “Ayntraxt” kəsmişdi. Frankfurtlular Bakıda 2:0 hesabı ilə qalib gəlmiş, Almaniyadakı maraqlı qarşılaşma ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı. Həmin “Borussiya” 2015-in payızında Avroliqanın qrupunda “Qəbələ”nin rəqibi olmuşdu. Təəssüf ki, hər iki oyunun sonunda “sarı-qaralar”ın üzü gülmüşdü – 3:1, 4:0. “Mants-05”in futbolçuları da qəbələlilərlə üzləşmək məcburiyyətində qalmışdı. Almaniyada 2:0-a sevinən rəqib Bakıdakı maraqlı oyunun sonunda qalib gələn tərəf olmuşdu – 3:2.
Almanlarla 8 dəfə qarşılaşmaq imkanı qazanan təmsilçilərimiz ingilislərlə 4 dəfə üz-üzə gəlib. Və bütün hallarda meydana “Qarabağ” çıxıb. 2015/16 mövsümündə Avroliqanın qrupunda ağdamlıların rəqibi olan “Tottenhem” hər iki matçda üstünlüyü əldən verməmişdi. Londonda 3:1, Bakıda 1:0 hesablı qələbələr yekunda rəqibə 6 xal qazandırmışdı. “Çelsi” ilə ötən payıza təsadüf edən iki oyunda isə paytaxt təmsilçisi ümumi hesabda 10:0 hesablı qalibiyyəti zəfər etmişdi.
Unudulmaz 10 oyun
Bunları qeyd etməklə təmsilçilərimizin yaddaqalan nəticələrini unutmaq niyyətində deyilik. Əslində yazının “canı” məhz azərbaycanlı azarkeşlərin sevincinə səbəb olan həmin oyunları xatırlatmaqdı. Sadəcə, obyektivlik olsun deyə, öncə rəqiblərin üzünü güldürən məqamlara toxunmağı lazım bildik.
İnter - Neftçi 2:2
İlk dəfə qrup həyəcanı yaşayan təmsilçimiz “San-Siro”da çoxlarının gözləmədiyi heç-heçəyə imza atmağı bacarmışdı. İtalyanlar Bakıda 3:1 hesabı ilə qələbə qazandıqdan sonra çoxları “ağ-qaralar”ın İtaliyada darmadağın olacağını düşünürdü. Lakin dekabrın 7-nə təsadüf edən səfər qarşılaşmasının 89-cu dəqiqəsində Nikolas Kanalesin vurduğu qol həftənin gözlənilməz nəticələrindən birinin reallaşmasına səbəb olmuşdu.
Qarabağ - Sent-Etyen 0:0
Fransızlarla Bakıdakı oyundan əvvəl ciddi həyəcan vardı. İlk dəfə Avroliqanın qrupunda oynamaq şansı yaxalayan ağdamlıların ilk rəqibi məhz fransızlar idi. 90 dəqiqə ərzində bizimkilərin bir neçə qol imkanı olsa da, təcrübəsizlik mümkün qələbənin qarşısını almışdı.
Sent-Etyen - Qarabağ 1:1
Bakıda vacib 2 xal itirən Zidanın həmyerliləri evdəki oyunda heç-heçənin əvəzini artıqlaması ilə çıxmağa çalışsalar da, istəkləri həyata keçməmişdi. Vüqar Nadirovun hesabı açmasından az sonra bərabərlik qolunu vuran meydan sahibləri yekunda növbəti heç-heçə ilə barışmağa məcbur olmuşdu.
Qarabağ - İnter 0:0
Həmin mövsüm qrupdakı rəqiblərin biri İtaliyanın adlı-sanlı komandasıydı. İlk oyunda milanlılar doğma azarkeşləri önündə 2:0-a sevinmişdi. Bakıdakı görüş qrupun sonuncu oyunu idi ki, qələbə “Qarabağ”ı qrupdan çıxaracaqdı. Təmsilçimiz sonda 3 xalı bayram etmək üçün yaxşı şans qazanmışdı. Lakin baş hakim Miroslav Zelinkanın son saniyələrdə Riçard Almeydanın haqlı qolunu qeydə almaması yüzminlərin göz yaşlarına səbəb olmuşdu.
Qarabağ – Monako 1:1
Fransız nəhənginə səfərdə 0:1 uduzan “köhlən atlar” Bakıda minimalhesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətində idi. Hətta buna kifayət qədər yaxın olmuşdu. Samuel Armenterosun hesabı açdığı oyunda ağdamlılar çoxsaylı qol şanslarını boşa verincə, 72-ci dəqiqədə Şehiçi məyus edən Kavaleyro matçda son nöqtəni qoymuşdu.
Lill - Qəbələ 1:1
2016-nın yayında “Samtredia” ilə MTK-nı mübarizədən kənarlaşdıran bölgə təmsilçisinin bəxtinə Fransa komandası düşəndə, çoxları əlini Avroliqanın qrupundan üzüb, “qırmızı-qaralar”ın ardıcıl ikinci mövsümdə eyni uğura imza ata bilməyəcəyini düşünürdü. Lakin Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv çətin səfər oyunundan heç-heçə ilə qayıtmağı bacarmışdı.
Qəbələ - Lill 1:0
Bakıdakı cavab oyununda sonluğun bu dəfə mütləq qonaqların xeyrinə olacağı proqnozlaşdırılırdı. Buna səbəb kimi “Lill”in ilk oyunda “Qəbələ”ni düzgün qiymətləndirməməsi və Fransadakı görüşdən sonra baş məşqçilərinin nəticə çıxarması göstərilirdi. Lakin bu dəfə də gümanlar alt-üst oldu. Təmsilçimiz Ozobiçin ilk hissədə vurduğu məhtəşəm qolla sona qədər qələbə hesabını qoruyub saxlamağı bacardı. Və bu qələbə indiyə qədər “böyük beşlik” təmsilçiləri üzərində yeganə zəfər kimi tarixdə qalmaqdadı.
İnter – Atletik 0:0
“İnter”in maliyyə sıxıntısından əziyyət çəkən vaxtları idi. Futbolçuların bir çoxu komandanı tərk etmiş, kollektiv Zaur Svanadzeyə həvalə olunmuşdu. Avroliqada “Laçi”ni, ardınca “Hafnarfyordur”u mübarizədən kənarlaşdıran paytaxt təmsilçisinin bəxtinə 3-cü mərhələdə ispanların düşdüyünü bilənlər xeyli gülmüş, “İnter”in “fatihə”sini əvvəldən vermişdi. Düzdü, bakılılar səfərdə rəqibinə boyun əydi – 0:2. Amma Bakıdakı oyunda qapısından qol görməməklə təkcə bizi yox, ispanların özünü də xeyli təəccübləndirdi.
Qarabağ - Atletiko 0:0
Çempionlar Liqasının qrupunda adlı-sanlı rəqiblərdən xal almaq hər nə qədər mümkünsüz görünsə də, “Qarabağ” bunu bacarmışdı. Bakıdakı görüşdə məğlub olmayan təmsilçimiz hətta qələbəyə yaxın idi. Baş hakim ədalətli davranıb 75-ci dəqiqədə Ndlovuya simulyasiyaya görə ikinci “sarı”nı göstərmək əvəzinə, Qodinin hərəkətini haqlı olaraq penalti kimi dəyərləndirsəydi, çox güman, indi madridlilər üzərində qazanılan qələbədən bəhs edirdik.
Atletiko - Qarabağ 1:1
Bakıdakı bərabərlikdə xeyli qəzəblənən ispanların doğma azarkeşləri önündə bizimkilərə yerini göstərəcəyi təxmin edilsə də, yekun nəticə bu dəfə də “Qarabağ”ın xeyrinə olmuşdu. Enrike “qırmızı” alıb, meydanı vaxtından əvvəl tərk etməsəydi, kim bilir, bəlkə də qələbə qazanmaq mümkün olacaqdı.
Çəkinməyə dəyməz
Sadaladıqlarımız jurnalist fantaziyası deyil. Yaxın illərdə qeydə alınmış nəticələrdi, yəni faktdı. Bu isə o deməkdi ki, elə həmin “Qarabağ” Bakıda “Atletiko”, “İnter”, “Monako”, “Sent-Etyen” kimi rəqiblərinə uduzmayıb. Hətta bəzi anlarda qələbənin bir addımlığında olub. Bəli, “Arsenal” brenddi, heyətindəki futbolçuların hər biri xüsusi çəkiyə malikdi. O vaxt eyni sözləri “Atletiko”da, “Monako” və “İnter”də oynayanlar üçün də deyirdik. Deməli, futbolda mümkünsüz heç nə yoxdu. “Qarabağ” azı heç-heçə etməklə həm Avropada yenidən gündəmi zəbt edə, həm də ingilislərlə oyunlardakı məğlubiyyət seriyasına “dur” deyə bilər.
HƏBİB