Sizin reklam burada

Rəzalət: dünya çempionatı Azərbaycanda yayınlanmayacaq!

Müəllif: football Tarix: 28-09-2018, 21:51 757 Baxış
Rəzalət: dünya çempionatı Azərbaycanda yayınlanmayacaq!
Ümid Rusiya və Türkiyə telekanallarına qalıb
Xəbər verdiyimiz kimi, sabah Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı start götürəcək. Mundialı bizim üçün daha maraqlı edən yığmamızın iştirakçılar sırasında yer almasıdı. Ancaq ilin ən önəmli voleybol yarışı Azərbaycanın efir məkanında nümayiş etdirilməyə bilər. Bu mövzuya bir neçə gün öncə toxunmuşduq. O zaman məlum olmuşdu ki, ölkənin iki idman telekanalından heç biri yayın hüququna yiyələnməyib. Az.TV bu məsələyə heç gözünün ucuyla da baxmayıb. Maliyyə problemlərini əsas gətirən telekanal dünya çempionatının oyunlarını nümayiş etdirməkdən boyun qaçırıb. “CBC Sport”a gəlincə, bizdə olan məlumata görə, telekanalın rəhbəri Volkan Üst məsələylə bağlı danışıqlarda iştirak edib. Ancaq sentyabrın ortalarında infarkt keçirdikdən sonra bu danışıqlar yarımçıq qalıb. Telekanalın başqa məsul şəxsləri də bu məsələnin üstünə düşməyib. Maraqlıdı ki, araşdırma zamanı adı çəkilən telekanallardan tutarlı məlumat ala bilmədik. Nə bu teleyayını onlara hansı şirkətin və ya təşkilatın təklif etdiyini, nə də DÇ-nin işıqlandırılması üçün onlardan nə qədər məbləğ tələb olunduğunu dedilər.
Bəs Voleybol Federasiyası (AVF) bu haqda nə düşünür? Qurum bu işi müsbət həll etmək üçün hansısa addım atmağı planlaşdırırmı? AVF-nin mətbuat katibi Şəfəq Kərimovanı dinləyək: “Əvvəllər DÇ-nin yayın hüququ Beynəlxalq Voleybol Federasiyasında (FİVB) olurdu. Onlar iştirakçı ölkələrdə mundial nümayiş etdirilməyəndə yerli federasiyanı cərimələyirdi. İndi belə məcburiyyət yoxdu. Artıq müəyyən agentliklər paketə sahiblənir. Və həmin agentliklər yerli telekanallarla birbaşa əlaqə saxlayır. Əvvəl cərimə olduğu üçün federasiya məcbur olurdu ki, teleyayın hüququnun alınmasında müəyyən vəsaitdən keçsin. Az.TV ilə ortaq xərc fonunda məsələ həllini tapırdı. Yığmamız DÇ-yə vəsiqə qazandığı halda niyə televiziyalar bu yarışı işıqlandırmaqda maraqlı deyil? Bunu aydınlaşdırmaq lazımdı”.
Əslində peşəkarlıq mövqeyindən yanaşsaq, AVF-nin mövqeyi doğrudu. Digər tərəfdən, maliyyə sıxıntısı yaşayan, klub çatışmazlığıyla üzləşən federasiyanın teleyayın üçün xərc çəkməməsi də gözləniləndi. Bəs ölkə idmanını işıqlandırması birbaşa vəzifəsi olan telekanallara nə deməli? Əslində bu tip hallarla dəfələrlə üzləşmişik. Bu da onlardan biridi. Təəssüf ki, heç axırıncı da olmayacaq. Ölkənin iki idman telekanalı olsun, amma heç biri mundial kimi nəhəng yarışı işıqlandırmasın. Bunun adı faciədi e, faciə.
Lap deyək ki, yetərincə vəsaitiniz yoxdu, siz də pulsuzluqdan əziyyət çəkirsiz. Heç olmasa, yalandan da olsa, bunun üçün nə qədər pul tələb olunduğunu öyrənin və mətbuat da sizə müraciət edəndə bu məbləği söyləyin. Belə yerdə 2014-cü ildə keçirilən mundial yadıma düşdü. Yığmamız ilk turda Yaponiyaya qalib gəldikdən sonra Az.TV əl-ayağa düşüb, DÇ-ni işıqlandırmışdı. Bəlkə millinin oyunlarını izləmək üçün indi də ABŞ-a qalib gəlmələrini gözləməliyik...
Onu da qeyd edək ki, Rusiyada “MATÇ TV”, Türkiyədə isə TRT mundialı işıqlandıracaq. Bu gedişlə qonşu ölkənin telekanallarının komandamızın oyunlarını nümayiş etdirməsinə ümid edəcəyik.
SƏRXAN
SON XƏBƏRLƏR