36 komanda oktyabrın ilk həftəsində mübarizəyə başlayacaq
Ötən mövsüm ilk dəfə təşkil olunan Region Liqası səviyyə baxımından birinci divizion və premyer-liqaya uduzsa da, bölgələrdə yetərincə maraqla qarşılandı. Təsadüfi deyil ki, AFFA-nın yeni layihəsində 24 komanda mübarizəyə qoşuldu. Bəs görəsən, 2018/19 “futbol ili”ndə Region Liqasında neçə komanda çıxış edəcək, turnirin formatında hansısa dəyişiklik nəzərdə tutulub? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün liqanın Təşkilat Komitəsinin üzvü Yusif Vəliyevlə söhbətləşməyi lazım bildik.
- Region Liqasında yeni mövsümə nə vaxt start veriləcək?
- İnşallah, oktyabrın 6-7-də ilk turun oyunları keçiriləcək. Cari mövsümdə Region Liqasında ümumilikdə 36 komanda - onlardan 9-u Naxçıvan Muxtar Respublikasını, 27-si isə respublikanın digər rayon və şəhərlərini təmsil edir - medallar uğrunda mübarizə aparacaq.
- 27 komandadan neçəsi Bakını, neçəsi bölgələri təmsil edir?
- Yarışların keçirilməsi sistemi ilə bağlı bunları qeyd etmək istəyirəm. Turnir 4 zona üzrə keçiriləcək. Paytaxt-şimal bir zonadı və 7 komanda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Cənubda 6, mərkəzdə 7, şimal-qərb və qərbdə də 7 komanda çıxış edəcək.
- 2018/19 mövsümündə Region Liqasında yeni komandalar olacaq? Olacaqsa, onların rəsmiləri ilə görüşmüsüz?
- Təbii ki, turnirə qatılacaq 27 komandanın hər birinin nümayəndələri ilə dəfələrlə görüşmüşük. Bütün komandalar tərəfindən AFFA-ya zəmanət məktubu da göndərilib. Əslində yarışda iştirak etmək istəyənlərin sayı 35-dən çox idi. Amma müraciət edənlərin nümayəndələri ilə görüşdükdən sonra 27 komandaya Region Liqasında iştirak icazəsi verildi. Çox sevindirici haldı ki, yeni komandaların hamısı öz təşəbbüsləri ilə turnirə qatılmaq istəyiblər. Onlardan “Saatlı”nı, Gəncəni təmsil edəcək “Qoşqar”ı, “Şamaxı”nı, Ağsudan olan komandanı, Qusarın ikinci təmsilçisi “Şirvanovka”nı, ötən mövsüm MFL-də çıxış edən “Baku Siti”ni, paytaxtın daha bir komandası “Gəncliy”i qeyd edərdim.
- Liqada iştirak edəcək yeni komandalarla yanaşı, ötənilki iştirakçılardan ikisi - “Energetik” və “Şəmkir”in turnirə qatılmayacağı xəbəri yayılıb. Mingəçevir komandasının vitse-prezidenti Elbrus İsmayılov qəzetimizə açıqlamasında maliyyə problemi səbəbindən Region Liqasında iştirak etməyəcəklərini bildirib. Futbol ənənələri olan bölgələrin yarışdan kənarda qalmasına münasibətinizi bilmək istərdik.
- Bugünlərdə “Energetik”in kapitanı Ruslan Həmidov və klubun rəsmiləri ilə görüşümüz oldu. Çox sevindirici haldı ki, Mingəçevir təmsilçisinin nümayəndələri bu il də Region Liqasında iştirak edəcəklərini bildirdilər. AFFA rəhbərliyi də komandanın yarışda iştirakında maraqlıydı. “Energetik” tərəfi assosiasiyaya müraciət ünvanlamışdı. Məktubda Mingəçevirin futbolsuz qalmaması üçün əlavə maliyyə mənbəyi tapdıqları qeyd olunmuşdu. Bundan başqa, bildiyiniz kimi, “Energetik” ötən mövsüm Region Liqasında ikinci yeri tutmuşdu. Mükafat kimi onlara çatacaq 5 min manatı da lazım gələcəyi halda komandanın yaşaması üçün xərcləyəcəklərini bildiriblər. “Şəmkir”ə gəlincə, mövsümlərarası fasilədə ötən “futbol ili”ndə liqada çıxış edən komandalara məktubla müraciət edib, yeni mövsümlə bağlı fikirlərini öyrəndik. “Şəmkir” rayonun Gənclər və İdman İdarəsi tərəfindən maliyyələşirdi. Həmin idarədən bizə bildirdilər ki, vəsait çatışmazlığı səbəbindən bu il komanda Region Liqasında çıxış etməyəcək.
- Maliyyədən söz düşmüşkən, ötən mövsümün çempionu olan “Uğur”a çatacaq 10 min manat ödənildi?
- Bəli, ötən həftə həmin vəsait komandanın bank hesabına köçürülüb.
- “Uğur” həm də bu il ölkəmizi UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirdə təmsil edəcək. AFFA olaraq, bu yöndə komandaya hər hansı dəstək veriləcək?
- Biz tərəfdən nə tələb olunursa, onu yerinə yetirəcəyik. Təbii ki, biz də istəyirik ki, komanda beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil etsin.
- Ötən mövsümün startı ərəfəsində AFFA tərəfindən inventarla bağlı komandalara müəyyən yardımlar göstərilmişdi. Bu dəfə də eyni addımı atmağı nəzərdə tutmusuz?
- Bəli, belə fikrimiz var və bu kömək göstəriləcək. Komandalara toplar və başqa inventarlar təqdim olunacaq.
- Yeni mövsümün püşkatması nə vaxta planlaşdırılıb?
- Sabah (bu gün) Gəncədə şimal-qərb və qərb, Sabirabadda mərkəz, Lənkəranda cənub, sentyabrın 27-də Bakı və şimal zonasının püşkatması keçiriləcək.
- Yeni mövsümdə Əsasnamədə hansısa dəyişiklik olacaq?
- Əsasnamədə cüzi dəyişikliklər nəzərdə tutulub. Ötən mövsümdən fərqli, bu dəfə hər zonadan 3 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarımfinalda isə Naxçıvan Muxtar Respublikasının qalibi olan komanda onlara qoşulacaq. Ötən mövsüm oyunların sayının azlığı müzakirə mövzusu idisə, bu dəfə bu yöndə heç bir problem olmayacaq. Hər zonada komandalar ikidövrəli sistemlə oynayacaqlar.
RƏŞAD