Nəticəyə təsir edən səhv olmasa da...
Premyer-liqanın 5-ci turunda hakimlərin idarəçiliyində qüsurlar diqqəti çəkdi. Ancaq əvvəlki turla müqayisədə ədalət təmsilçilərinin budəfəki işi şükürlü idi. Hakimlər 4 oyunda 21 sarı, 2 qırmızı vərəqə göstərdilər. “Keşlə”dən Andre Klennon ikinci “sarı”dan sonra meydandan qovuldusa, “Qəbələ”nin heyətində Təmkin Xəlilzadə birbaşa “qırmızı” ilə cəzalandı. Maraqlıdı ki, hakimlər hər iki komandanı son dəqiqələrdə azlıqda qoydu. Ancaq referilərdən heç kim penalti təyin etmədi. İndi isə ayrı-ayrı oyunlarda hakim idarəçiliyi ilə bağlı əməkdaşlarımızın qeydlərinə nəzər salaq.
ƏLİYAR AĞAYEV, Qarabağ – Qəbələ
FİFA referisi turun mərkəzi oyununun son dəqiqələrinə kimi yaxşı idarəçiliklə yadda qaldı. Hər halda, oyunboyu hakimə məşqçilər tərəfindən ciddi irad tutulmadı. Ancaq əlavə vaxtda baş verən hadisə zamanı vərəqə bölgüsü dəqiq aparılmadı. Təmkin Xəlilzadəyə verilən qırmızı, Yakub Jezniçakla Rəşad Sadıqovun aldığı sarı vərəqəyə bir sözümüz yoxdu. Haqlı qərardı. Ancaq Jezniçakla insident yaşayan Ürfan Abbasov unuduldu. Bəlkə də Əliyar Ağayev həmin epizodu görmədi. Bəs yardımçıları hara baxır? Referiyə xəbərdarlıq etməliydilər. Belədə Abbasov 2-ci "sarı"nı alıb, meydandan qovulacaqdı.
RƏVAN HƏMZƏZADƏ, Səbail – Sabah
Həmzəzadə qarşılaşmanı normal idarə etdi. Hansısa diqqəti çəkən səhvinin şahidi olmadıq. Eləcə də futbolçularda ciddi narazılıq yaradan qərarını görmədik. Belə deyək, hakimin işi ilə bağlı mübahisə yaşanmadı. Üç dəfə sarı vərəqəyə görə əlini cibinə atdı ki, hər üç qərarında haqlı idi. Bu üzdən qarşısında "sarı" görən futbolçuların ədalət təmsilçisinə etiraz etməməsi anlaşılan idi. Bir sözlə, Həmzəzadə matçın öhdəsindən gəldi.
ORXAN MƏMMƏDOV, Keşlə - Sumqayıt
Düzdü, Məmmədovun başçılıq etdiyi hakimlər briqadasının görüşün yekun nəticəsinə təsir edən səhvi olmadı. Ancaq bəzi epizodlarda xırda səhvlər var idi. Vaxtilə beynəlxalq oyunlara təyinat alan hakim fitindən yerli-yersiz istifadə etməklə oyunun tempini aşağı salırdı. Qarşılaşmanın 39-cu dəqiqəsində Aleksey İsayev rəqiblə ikili mübarizə zamanı yerdə qaldı. Qonaqlar penalti tələb etsə də, hakim haqlı olaraq davam işarəsi verdi. Ancaq epizodun davamında Denis Silva topu qapı xəttindən çıxarsa da, baş hakim korner təyin etmək əvəzinə qapıdan zərbəyə işarə etdi. Laysman da ona düzgün məlumat ötürmədi. Görünür, öncəki epizodun təsirindən çıxa bilməmişdilər. Bu qərar isə gülüşlə qarşılandı. Oyunboyu ikili mübarizələrdə görməyə alışdığımız Andre Klennonla Şəhriyar Əliyev 64-cü dəqiqədə də üz-üzə gəldilər. Hava mübarizəsi zamanı Əliyev qadanı pozsa da, qışqırıb özünü yerə elə atdı ki, hakimlər aldandılar. Bu baxımdan Klennonun həmin qərara təəccübünü də anlamaq olardı. Son dəqiqələrdə verilən “qırmızı” isə haqlı idi.
RAUF CABBAROV, Zirə - Neftçi
Matçda gərginliyin yaşanmasının başlıca səbəblərindən biri hakimlik oldu. Oyunun startından etibarən 4-cü hakim Ömər Paşayev “Zirə”nin məşqçilər korpusunu “qaralamışdı”. Lazım gəldi-gəlmədi, onlara xəbərdarlıq edirdi. İlk hissənin sonunda isə Paşayev hər iki komandanın baş məşqçisinin texniki zonadan uşaqlaşdırılmasını baş hakimdən istədi və mütəxəssislər tribunaya göndərildi. Həmçinin 4-cü hakim iki futbolçudan üst geyimin rənginə uyğun gəlməyən alt paltarını oyunun gedişində yox, əvvəlcədən dəyişdirilməsini tələb etməliydi. Cabbarova gəlincə, o, ilk dəqiqələrdən cəsarətli, düzgün qərarları ilə seçilirdi. Lakin ikinci yarıda, daha dəqiqi, son 20 dəqiqədə matçın “ip”ini əldən vermişdi. Anton Krivotsyuk rəqibin əks-hücumu zamanı Dilan Duventruya araxadan açıq ayaqla zərbə endirsə də, referi müdafiəçiyə “qırmızı” yox, “sarı” göstərdi. Ola bilər, paralel xətdə müdafiəçilər var idi. Ancaq arxadan açıq ayaqla zərbənin “mükafatı” “qırmızı” olmalıydı. Bundan başqa, Rəşad Eyyubov hakimin qərarına söyüşlə etiraz etdi ki, bunu hamı eşitsə də, Cabbarov eşitmədi.