Sizin reklam burada

Hidayət Heydərov medal həsrətinə son qoysa da...

Müəllif: football Tarix: 26-09-2018, 14:46 597 Baxış
Hidayət Heydərov medal həsrətinə son qoysa da...
Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir. Şənbə günü daha 3 təmsilçimiz mübarizə apardı. İçinxorloo Munxtsedev (57 kq) debütdə alman Ameli Stolla uduzdu. Bununla da daha bir monqol legioner ilk mərhələdə mübarizəni dayandırdı. Bu çəkidə yapon Tsukasa Yoşida qızıl, britaniyalı Nekoda Smit-Deyvis gümüş, monqol Sumiya Dorsurenlə kanadalı Krista Dequçi isə bürünc medal qazandı.
Sözsüz, əsas ümid 73 kq-da çıxış edən cüdoçularımıza idi. Ancaq bir il əvvəl Budapeştdə finala yüksələn Rüstəm Orucov bu dəfə heç bürünc medal da qazana bilmədi. Halbuki püşkə görə onun yolu daha asan idi. Misirli Məhəmməd Mohieldinlə BƏƏ təmsilçisi Viktor Svortsova rahat qalib gələn həmyerlimiz 1/8 finalda monqol Tsoqtbaatar Tsend-Oçirə əlavə vaxtda uduzaraq azarkeşləri üzdü. Əvəzində onunla eyni çəkidə çıxış edən Hidayət Heydərov medal həsrətimizə son qoydu. Ötən il debüt etdiyi DÇ-də 5-ci yeri tutan gənc cüdoçu bu dəfə yarımfinaladək irəliləməyi bacardı. İraqlı Səccad Sehen və monakolu Sedriç Bessini saxlama fəndiylə mübarizədən kənarlaşdıran yığma üzvü tacik Behruzi Xocazadəylə güclü monqol cüdoçu Odbayar Qanbaatarın da öhdəsindən gəldi. Ancaq finalın biraddımlığında ənənəvi yapon sindromu sözünü dedi. Soiçi Haşimoto əlavə vaxtda Hidayəti üstələdi. Ancaq ruhdan düşməyən Heydərov “bürünc” savaşında Tsend-Oçir üzərindəki parlaq qələbəylə karyerasında ilk dəfə böyüklərin mundialında medalçılar sırasına düşdü. İranlı Məhəmməd Məhəmmədi də 3-cü yeri tutdu. Finalda Haşimotonu yenən koreyalı Çanqrim An dünya çempionu oldu.
Bazar günü bizim üçün önəm daşımırdı. Çünki nə kişilərdə 81 kq-da, nə də qadınlarda 63 kq-da təmsilçimiz vardı. Ancaq Milli Gimnastika Arenasına toplaşanlar bir azərbaycanlının parlaq zəfərini izlədi. İranı təmsil edən güneyli soydaşımız Səid Mollayi dünya çempionu oldu. O, finalda yapon Sotaro Fucivaraya qalib gəldi. Türk Vedat Albayrak və alman Aleksandr Veçzerjak “bürünc”ə sevindi. Qadınların mübarizəsində fransız Klaris Aqbeqnenu 1-ci, yapon Miku Taşiro 2-ci, sloveniyalı Tina Trstenyakla holland Yuul Fransssen isə 3-cü yeri tutdu.
Dünən kişilər 90, qadınlar 70 kq-da ən güclüləri müəyyənləşdirdi. Məmmədəli Mehdiyevin gücü yalnız belaruslu Viktor Kliavişova çatdı. 1/16 finalda macar Kristian Tot Mehdiyevi üstələdi. Bu çəkidə ispaniyalı Nikolos Şerazadişvili çempionluq sevinci yaşadı. O, finalda kubalı İvan Felip Silva Moralesə qalib gəldi. Fransız Aksel Klergetlə yapon Kenta Naqasavanın qazancı “bürünc” oldu.
Bu gün kişilərin 100, qadınların 78 kq-da çıxış edən nümayəndələri tatamiyə çıxacaq. Elmar Qasımov və Zelim Kotsoyev fəxri kürsüyə qalxmağa çalışacaq.

Medal sıralaması
1. Yaponiya 5 5 3
2. Fransa 1 1 2
3. Koreya 1 0 1
4. İran 1 0 1
5. Ukrayna 1 0 1
6. İspaniya 1 0 0
7. Qazaxıstan 0 1 1
8. Kuba 0 1 0
9. Rusiya 0 1 0
10. Böyük Britaniya 0 1 0
11. Almaniya 0 0 1
12. Monqolustan 0 0 1
13. Braziliya 0 0 1
14. AZƏRBAYCAN 0 0 1

Yeri gəlmişkən...
İkiqat, paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevə yeddinci dan qara kəmərə sahib çıxıb. Qara kəməri idmançıya Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta təqdim edib.

Reaksiyalar
Hidayət Heydərov: “Böyüklər arasında dünya çempionatında ilk medalımdı. Təəssüf ki, yarımfinalda güclü yapon cüdoçuya uduzdum. Yorğunluq sözünü dedi. Prezident İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal qazandım. Bakıda fəxri kürsüyə qalxdığıma görə çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdu”.
Səid Mollayi: “Yarışa çox yaxşı hazırlaşmışdım. Sonuncu qarşılaşmada işlətdiyim fəndi öncədən düşünmüşdüm. Bu gün yaxşı güləşdim. Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Fəxr edirəm ki, azərbaycanlıyam. Mənim anam azərbaycanlıdı. Dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Bundan sonra əsas məqsədim olimpiya çempionu olmaqdı. Bu gün ən böyük arzum reallaşdı. Öz vətənimdə dünya çempionu oldum. Çox sevinirəm. Hər kəsə təşəkkür edirəm”.
SON XƏBƏRLƏR