“Zirə” - “Neftçi” matçı yetərincə gərgin alındı. İlk hissənin sonlarına yaxın həm “qartallar”ın baş məşqçisi Samir Abasov, həm də “Neftçi”nin çalışdırıcısı Roberto Bordin texniki zonadan uzaqlaşdırıldı. Səbəb isə tərəflər arasında yaşanan mübahisə idi. Oyunun 4-cü hakimi Ömər Paşayevin baş hakimdən hər iki mütəxəssisi texniki zonadan uzaqlaşdırmasını istəməsindən sonra Abasovla Bordin Rauf Cabbarov tərəfindən tribunaya göndərildi. Xatırladaq ki, Paşayev ötən mövsüm də 4-cü kimi Abasovu texniki zonadan uzaqlaşdırmışdı. Özü də Samir bəyi təkcə bu məqam narazı salmayıb. İlk hissənin gedişində FİFA referisi əvvəlcə Tellur Mütəllimovdan, ardınca isə Adrian Skarlatakedən şortikin altından geydikləri alt paltarını dəyişməsini istədi. Hər iki futbolçunun alt paltarlarının rəngi idman geyiminin rənginə uyğun gəlmədiyindən onlar 4-cü hakimin tələbini yerinə yetirməli oldular.
Oyunsonrası mətbuat konfransında Abasov Paşayevlə bağlı bunları deyib: “Nədənsə Ömər Paşayev mənimlə yola getmir. Nə deyim? Ümid edirəm, o, mayadək məzuniyyətə çıxar, mən də rahat nəfəs alaram. Oyun vaxtı bir futbolçumuzu alt paltarı ağ, ikincini isə göy olduğuna görə texniki zonaya göndərdi ki, dəyişsin. Fasilədə dedik ki, bir qərar verin, biz də bilək. Matç başlayandan 4-cü hakim ancaq biz tərəfə baxırdı. Sanki bizi güdürdü. Bəlkə də o birtərəfli görür. Bilsəydik, o biri ehtiyat oyunçular skamyasını seçərdik”.
Görəsən, ədalət təmsilçisi “Zirə”nin baş məşqçisinin sözləri haqda nə düşünür? O, səslənən iradları qəbul edir? FİFA referisinin cavabı qısa oldu: “Bu haqda danışmaq istəmirəm. Heç nə deyə bilmərəm”.
FARİZ