Zaur Əzizov: “Əmin olun ki, Təmkinin yol verdiyi xəta cəzasız qalmayacaq”
“Qəbələ”nin premyer-liqda uğursuz çıxışı davam edir. 5-ci turda səfərdə “Qarabağ”a böyük hesabla uduzan “qırmızı-qaralar” turnir cədvəlində daha bir pillə geriləyərək, 6-cı yerə düşüb. Şimallıların “qara zolaq”dan çıxa bilməməsi Sənan Qurbanovun “kreslosunu laxladıb”.
“Qarabağ”la oyun başa çatar-çatmaz mediada “Qəbələ”nin baş məşqçisinin istefaya göndəriləcəyi, onun əvəzinə isə “sükan arxasına” Tərlan Əhmədovun dəvət olunacağı ilə bağlı xəbərlər yayılıb. Söylənilənlərə aydınlıq gətirmək üçün şimallıların baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Zaur bəy mətbuatda tirajlanan xəbərlərin doğru olmadığını bildirdi: “Sənan Qurbanovla yollarımızı ayırmaq barədə düşünmürük. O uzun illər istər futbolçu, istərsə də məşqçi kimi “Qəbələ”yə xidmət edib. Düzdü, komanda bu gün istənilən səviyyədə çıxış etmir, nəticələr ürəakaçan deyil. Buna baxmayaraq, baş məşqçimizə inanır və onu dəstəkləyirik. Hazırda bizi düşündürən əsas məsələ tam başqadı. Komandanı “qara zolaqdan çıxarmaq” üçün yollar axtarırıq. Demək olar ki, hər gün komanda ilə birgə oluruq, futbolçularla söhbətləşib, uğursuzluğun nədən qaynaqlandığını ortaya çıxarmaq istəyirik. 5-6 turdan sonra baş məşqçi ilə vidalaşmaq, ümumiyyətlə, “Qəbələ”nin siyasətinə ziddi. Bizim klubda ən az işləyən Daniel Muntyanu olub ki, onunla da nəticələrə görə yox, başqa səbəbdən müqaviləyə xitam vermişik. Xatırlayırsızsa, Roman Qriqorçuk da ilk vaxtlar müəyyən çətinliklə üzləşmişdi, komanda onun rəhbərliyi altında o qədər də yaxşı təsir bağışlamırdı. Lakin müəyyən vaxtdan sonra hər şey yoluna düşdü. Bu üzdən Sənan Qurbanova da inamımız böyükdü. Onunla yolumuza davam edəcəyik. Son günlər mediada gedən xəbərləri biz də oxuyuruq və təəccüblənirik. Bu xəbərlərin kim və ya kimlər tərəfindən gündəmə gətirildiyi bizim üçün də maraqlıdı”.
Komandanın uğursuz çıxışı artıq ayrı-ayrı oyunçulara da sirayət edib. Məğlubiyyəti həzm edə bilməyənlər meydanda qeyri-peşəkar hərəkətlərlə yadda qalırlar. Bunun bariz nümunəsi kimi “Qarabağ”la oyunu göstərmək olar. Matçın sonlarına yaxın Təmkin Xəlilzadə topu ondan alan Hacıağa Hacılının ayağına arxadan bilərəkdən vurmaqla bir andaca qınaq obyektinə çevrildi. Onu da qeyd edək ki, Hacıağa “Qəbələ”nin yetirməsidi və “köhlən atalar”ın heyətində icarə əsasında çıxış edir. Təmkinin bu hərəkəti klub rəhbərliyi tərəfindən də xoş qarşılanmayıb. Bu haqda bilgini də Zaur bəydən aldıq: “Təmkin cari mövsümdə artıq ikinci dəfə meydandan qovulur. Bununla bağlı ölçü götürüləcək. Ona veriləcək cəza haqda geniş məlumat vermək istəmirəm. Bu, klubun daxili işidi. Ancaq əmin olun ki, Təmkinin yol verdiyi xəta cəzasız qalmayacaq”.
“Qırmızı-qaralar”ın baş meneceri bizimlə söhbətdə “Qəbələ”də heç bir maliyyə sıxıntısının olmadığını, futbolçuların maaşlarının vaxtında verildiyini də bildirdi. Onu da əlavə etdi ki, hazırda klubun heç bir oyunçuya borcu yoxdu.
RƏŞAD