Qazaxıstan çempionatında 27-ci turun oyunları keçirilib. “Astana” səfərdə “Akjaik”ə qalib gəlib - 2:1. İlk 45 dəqiqədə oynayan Riçard Almeyda 23-cü dəqiqədə penaltidən “Astana”da qol hesabını açıb. 61 xalla liderliyini davam etdirən “sarılar” növbəti turda evdə “Jetisu”nu sınağa çəkəcək.
Bu arada Almeyda oyundan sonra klub saytına açıqlama verib: “Astana”da ilk qolumu vurduğuma görə çox şadam. Bu qolu komanda yoldaşlarıma, azarkeşlərimizə və əlbəttə, ailəmə həsr etmək istəyirəm. Onlar bu səhər Qazaxıstana gəlib. Təbii ki, istənilən futbolçu kimi mən də qol vurmağı sevirəm. Ancaq çox qol vurmağı qarşıma məqsəd qoymuram. Komandama oyunumla kömək etmək istəyirəm. Bu vurduğum qolla mümkün olarsa, ikiqat xoşbəxt olaram. Ancaq bu heç vaxt meydanda olduğum müddətdə komanda yoldaşıma ötürmə verməyimə əngəl olmayacaq”.
Almaniyanın ikinci bundesliqasında 6-cı tur geridə qalıb. “Ertsgebirge” səfərdə “Duysburq”u üstələyib - 2:1. Dmitri Nazarovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. 7 xalla 14-cü pilləyə yüksələn “bənövşəyilər” növbəti turda Auedə “Sandhauzen”lə münasibətləri aydınlaşdıracaq.
İspaniya sequndasının 6-cı turunda “Alkorkon” rəqib meydanında “Kadis”dən güclü olub - 2:0. Eddi İsrafilov qələbəni ehtiyat oyunçular skamyasından izləyib. 11 xalla ilk “5-liy”i qapayan “Alkorkon” növbəti turda “Ovyedo”nu qəbul edəcək.
Çexiyanın gənclər liqasında “Slaviya” səfərdə “Teplitse”yə uduzub - 0:1. Start heyətində yer alan Fərid Nəbiyev 84-cü dəqiqədə əvəzlənib. 7 xalla 10-cu pillədə qərarlaşan “ağ-qırmızılar” 10-cu turda Praqada “Dukla”yla üz-üzə gələcək.
Portuqaliyanın 1-ci divizionunda 5-ci turun oyunları keçirilib. “Eştoril” doğma meydanda “Mafra”ya müqavimət göstərə bilməyib - 1:4. Renat Dadaşov 90 dəqiqə oynayıb və 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 9 xalla ilk “5-liy”i qapayan “Eştoril” növbəti turda “Akademika” səfərinə yollanacaq.
Türkiyənin 1-ci liqasında 6-cı tur geridə qalıb. “Girəsunspor” İzmirdə “Altay”a qalib gəlib - 1:0. Ozancan Kökcü 62-ci dəqiqədə meydana daxil olub. “Gənclərbirliyi” səfərdə “Ümraniyəspor”u məyus edib – 2:0. Dəniz Yılmazın adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Boluspor” isə rəqib meydanında “Adanaspor”u yenib - 2:1. Ufuk Budak 90 dəqiqə oynayıb və qələbə topunun ötürməsini verib. “Gənclərbirliyi” 18 xalla liderdi. Onun ən yaxın izləyicisi “Boluspor”dusa (16), “Girəsunspor” 12 xalla 4-cü sırada yer alıb. Növbəti turda “Gənclərbirliyi” – “Afyonspor”, “Girəsunspor” – “Adanaspor” və “İstanbulspor” – “Boluspor” görüşləri baş tutacaq.
Latviyanın 1-ci divizionunda “Dauqavpils” səfərdə RTU-nu üstələyib - 1:0. Vüqar Əsgərov yalnız ilk hissədə oynayıb. 46 xalla 2-ci yerdə gedən “Dauqavpils” 19-cu turda “Alberts”i qəbul edəcək.
SƏRXAN