Sizin reklam burada

Deviçin seriyası Bayılda qırıldı

Baxış Sayı:849

Deviçin seriyası Bayılda qırıldı
17. Səbail - Sabah (Bakı) 0:0
1. Emil Balayev - 5,0
13. Şəhriyar Rəhimov - 5,5
99. Maudo Jarjue - 6,0
4. Perilyo Enrike - 5,5
26. Kamal Qurbanov - 5,5
22. Edqar Paçeko - 5,0
(5. Vüqar Bəybalayev, 80) - qiymətsiz
14. Rahid Əmirquliyev (k) - 5,5
10. Ağabala Ramazanov - 5,5
8. Yevgeni Koçuk - 5,0
(11. Ruslan Qurbanov, 78) - qiymətsiz
7. Fəhmin Muradbəyli - 4,5
(18. Aqşin Qurbanlı, 75) - 4,5
28. Kevin Kubemba - 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
27. Emil Martinov
16. İqor Korotetski
21. Murtuz Abakarov
88. Orxan Qurbanlı
17. Elçin Rəhimli
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Maudo Jarjue

30. Saşa Stamenkoviç - 5,5
25. Vanderson Silva - 5,0
13. Filip İvanoviç - 4,5
(6. Vadim Abdullayev, 46) - 4,5
5. Kərim Diniyev - 5,0
21. Novruz Məmmədov - 4,5
33. Eltun Turabov - 4,5
15. Erik Ramos - 5,0
8. Elşən Abdullayev - 5,0
(11. Elgün Nəbiyev, 83) - qiymətsiz
10. Cavid İmamverdiyev (k) - 4,5
(27. Bəxtiyar Soltanov, 78) - qiymətsiz
7. Vitali Kvaşuk - 4,5
9. Marko Deviç - 4,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
88. Elçin Əsədov
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
14. Tural Qürbətov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Vərəqələr: F.İvanoviç, 29 (qeyri-idman hərəkəti). C.İmamverdiyev, 73 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 84 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
22 sentyabr. Bakı. Bayıl Arena. 1000 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Sabah” qazandığı nəticələrlə “asan yem” olmadığını göstərmişdi. Artıq rəqiblərin bu komandanı debütant kimi ciddiyə almaması söhbət mövzusu ola bilməz. “Səbail” isə son iki oyunda əldə etdiyi 6 xalın - biri texniki qələbə hesabına olsa belə - üzərinə əlavə etmək niyyətində idi.
Hacıyevin rəqibi yaxşı təhlil etdiyini anlamaq üçün ilk dəqiqələr kifayət etdi. “Sabah”ın təhlükəli “silahlarını” zərərsizləşdirən Bayıl təmsilçisi oyunboyu üstün oldu. Düzdü, birinci hissədə qonaqların qapısı önündə real qol vəziyyətlərinin sayı çox deyildi. Ancaq “Səbail” topa daha çox nəzarət edir, rəqibə meydanın özünə aid hissəsindən çıxmağa imkan vermirdi. İlk yarının ortalarında Ağabalanın fərqlənmək imkanı olsa da, fürsəti qaçırdı. Çempionatın bombardiri, bütün oyunlarda qol vurmağı bacaran Deviç isə bu oyunda yalnız bir dəfə diqqət mərkəzinə düşdü. O da 27-ci dəqiqədə Elşənə əla ötürməklə. Amma Abdullayev imkanı dəyərləndirə bilmədi. Beləliklə, fasiləyə qədər “Səbail”in basqısı, “Sabah”ın isə əks-hücum taktikası hesabın açılması üçün kifayət etmədi.
İkinci hissə isə tam Hacıyevin yetirmələrinin üstünlüyü şəraitində keçdi. Düzdü, ilk 15 dəqiqədə mübarizə əsasən meydanın mərkəzində getdi. Lakin get-gedə “Səbail” təzyiqi artırdı. Bir saatın tamamından etibarən “Sabah”ın qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. Stamenkoviçin inamlı çıxışı və meydan sahiblərinin irəli xətt oyunçularının qeyri-dəqiqliyi olmasaydı, qonaqların 1 xal qazanması mümkünsüz idi. Saşa qısa müddət ərzində əvvəlcə Ağabalaya mane oldusa, ardınca Rahidin cərimə meydançasının həndəvərindən qüvvətli vuruşu zamanı topa cüzi toxunmaqla “atəşkəsin pozulmasına” imkan vermədi. Bu ərəfədə hücuma qoşulan Jarjuenin də “çərçivə”dən yan keçən zərbəsini qeyd etməliyik. 66-cı dəqiqədə Hacıyevin komandası daha bir real qol imkanını qaçırdı. Kubembanın təkbətək epizodda fərqlənməsinə Saşa mane oldu. Halbuki Kevin Fəhminə ötürmə etsəydi, hesab açılacaqdı. Son 10 dəqiqədə isə “Səbail” tam rəqib qapısına “yükləndi”. 89-cu dəqiqədə Ruslanın başla vuruşu zamanı bəxt Əhmədovun yetirmələrinin üzünə güldü, top dirəkdən döndü. Bir sözlə, “Səbail”in üstünlüyü hesabda əksini tapmadı və tərəflər 1 xalla kifayətləndi. “Sabah” Bayıldan heç-heçə ilə döndüyünə sevinməlidisə, Deviçin qol seriyasının qırılması “göy-ağlar” üçün üzücü məqamdı.
FARİZ

Gözdən qaçmadı
* Meydan sahiblərinin azarkeşləri “Sabah”ın adına ilişərək “Gedin, sabah gələrsiz” pankartı açmışdılar.
* Üzərində iri aypara çəkilən və “Tsunami” yazılan plakat əvvəlcə tərsinə asılmışdı. Daha sonra bunu anlayan azarkeşlər onu düzəltdilər.
* Aftandil Hacıyev Ruslan Qurbanovu döyüşə atmaq istədiyindən baş məşqçinin köməkçiləri künc bayrağının yanında olan futbolçunu çağırdılar. Ancaq Qurbanov onları eşitmədi, Vüqar Bəybalayev isə onu çağırdıqlarını düşünüb qaça-qaça ehtiyat oyunçular skamyasına yaxınlaşdı. Yarımmüdafiəçi biləndə ki, baş məşqçi Qurbanovu meydana buraxmaq istəyir, üzünə məyusluq çökdü. Künc bayrağının yanında duran Ruslanı “ayıltmaq” uzun çəkdi. Nəhayət, Qurbanov hər kəsin onu “hədəfə aldığını” görüb, ehtiyat oyunçular skamyasına üz tutdu. Hə, Vüqarın da məyusluğu uzun sürmədi və 2 dəqiqə sonra o da meydana çıxdı.
* 4-cü hakim Elşad Əhmədovu qarabaqara izləyirdi. Baş məşqçi texniki zonadan bir addım kənara qoya bilmirdi. Bəlkə də bu üzdən ikinci hissədə fasilə yaranan vaxt baş məşqçi ilə Ramil Əhmədov arasında bir müddət müzakirə getdi. Daha doğrusu, Elşad bəy 4-cü hakimə nəyisə izah etməyə çalışırdı.

Reaksiyalar
Elşad Əhmədov: "Qəbələ" ilə çətin oyundan sonra futbolçularda yorğunluq hiss olunurdu. İlk hissədə normal, fasilədən sonra isə zəif oynadıq. "Səbail" ikinci yarıda üstün idi. Qol vursaydılar, işimiz çətin olacaqdı. Yeni komandayıq. Yaxşı oyun istəyirik, ancaq nəticə də vacibdi. Premyer-liqada yerimizi qorumaq üçün hər oyunda 1 xal belə bizim üçün önəmlidi. Futbolçular sağ olsunlar, sona qədər vuruşdular və heç-heçə etdik. Aftandil Hacıyev ağıllı məşqçidi. Əlbəttə, bizi yaxşı təhlil etmişdi. Yaxşı komanda yaradıb və bizə çətin anlar yaşatdılar. Arxayınlıq deməzdim, sadəcə, hardasa yorğunluq var idi. Deviç qol vurmayanda "Sabah" da qol vura bilmir? Maraqlı sualdı. Çalışırıq ki, digər futbolçularımız da qol vursun. Epizodlar yaradırıq. Sadəcə, Deviç daha təcrübəldi və şanslarından istifadə edir. Əslində bugünkü matçda yüzfaizlik imkanımız da olmadı. Qol vəziyyəti yarada bilmədik. Rəqib yaxşı müdafiə olundu”.
Aftandil Hacıyev: “Oyun həqiqətən maraqlı keçdi. Əsasən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Daha da “artırmalıyıq”. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Bu komanda futbol ictimaiyyətini təəcübləndirməyi bacarıb. Bu gün 2 xal itirdik? Əlbəttə, bu cür yaxşı oyunla 3 xal qazanmaq yaxşı olardı. Ancaq bu gün heç-heçə etmişiksə, hesabımıza xal yazdırmağı bacarmışıq. Düşünürəm ki, oyunumuzu yaxşılaşdırsaq, hətta səfərdə də qalib gələ bilərik. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Neçə oyundu imkanlarımız olur, dəyərləndirə bilmirik. Bu, ustalıq səviyyəsi ilə də bağlı ola bilər, bəxtsizliklə də. Fikrimcə, nə qədər çox qol epizodu yaratsaq, gələcəkdə bunun bəhrəsini görəcəyik... Paçekonun əvəzlənməsi oyunu ilə bağlı deyildi. Ayağında ağrı vardı. İstəmədik risk edək. Həmçinin rəqibin əks-hücumlarının qarşısını almağımız lazım idi. Ehtiyatlı olmalıydıq, çünki daha çox irəli atılırdıq. "Sabah" əks-hücumlarda təhlükəlidi. Çətin vəziyyətdə yaxalana bilərdik. Fəhmin son vaxtlar həm “Səbail”də, həm də U-21-də çox oynayıb. Bu gün də bacardığı qədər gücünü ortaya qoydu. Onun əvəzlənməsi başqa şeylə bağlı deyil. Aqşin də 21 yaş limitinə uyğun gələn futbolçularımızdan biridi. Fəhmini başqa biri ilə əvəzləsəydik, onda limit üçün daha bir dəyişiklik də etməliydik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR