“Rüfətlə Seymurun millidə olmamasına təəccübləndim”
Oyundan sonra hər iki məşqçi ilə söhbətləşdik. Əvvəlcə Alesionun oyunla bağlı fikirlərini öyrəndik.
- Məncə, oyunumuz pis alınmadı. Nəticə o qədər də vacib deyil. Yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yeriməsinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Problemlər fonunda komandanın durumu pis deyil. Hazırlaşmaq üçün cəmi üç gün vaxtımız olub. Ümumiyyətlə, çempionat yeni start götürüb, cəmi 2 tur arxada qalıb. Həftəiçi yenidən çempionat oyununa çıxacağıq. Yəni sıx qrafiki nəzərə alsaq, oyunçuların yorğun görünməsi başadüşüləndi. Zədədən yeni qayıdanlar var. Biz yüksək liqada milliyə hazır saydığımız oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi. Məni yetirmələrimin sona qədər döyüşməsi daha çox sevindirdi.
- İlk yarıdakı taktiki gediş işə yaradı, fərqi azaltdıq. Ancaq fasilədən sonra qapıçısız oynayarkən cəzalandıq. “5-in 4-ə” taktikasına bir qədər gec keçmək olmazdı?
- Hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Razıyam, müəyyən səhvlərə yol verdik. Üçüncü qolda Rizvan səhvə yol verdi. Geriyə tez qayıtmalıydı. 1:3-ü də çevirmək olardı, hələ 10 dəqiqə vaxtımız var idi. Bunu uşaqlara çatdırdım, eyni taktika ilə davam etdik. Amma imkanlardan yararlana bilmədik.
- Komanda irəlidə top saxlaya bilmirdi və belədə müdafiənin üzərinə çox yük düşürdü. Görünür ki, Tyaqonun yoxluğunda “stolba” problemi yoluna qoyulmayıb.
- Haqlı iraddı. Samir Həmzəyevi bu məqsədlə cəlb etmişdik. O, yaxşı “stolba”dı. Amma görünür, hələ lazımi səviyyədə deyil. Qaçır, “açılır”, işləyir, amma top saxlamaq baxımından “axsayır”. Təcrübəsi çatışmır. Komandamın bu problemini görürəm. Hücumda problem var.
- Qazaxıstanın heyətində braziliyalı futzalçılar var idi. Belədə siz də yığmamızın legionerlərindən kimisə dəvət edə bilərdiz.
- Bugünkü oyunda həm də “Araz”ın ÇL-ə hazırlığını yoxladıq. İlk “5-lik”də klubumun üzvlərinə yer verdim və fikrimcə, əsas heyət normaldı. Eyni səviyyədə ikinci “5-lik” də formalaşdıra bilsək, nəticə qazana bilərik.
- Amma bu gün Emin Kürdovun da xidmətindən yararlanmaq olardı. Ən azı qapıçı ilə meydan oyunçusunun ani əvəzetmələrində ona şans verə bilərdiz.
- Səhv etdiyimi boynuma alıram. Tez-tez “5-in 4-ə” keçirdik ki, belədə Kürdov diqqətimdən yayınıb. Bu gün meydan oyunçularının hamısına şans verdim, yalnız o, sona qədər ehtiyatda qaldı. Təbii ki, bu tərəfimdən xoş rəftar deyil.
- Bəs Emin Mikayılovun adı niyə protokolda yox idi?
- O xəstələnib. Soyuqladığı üçün məşq prosesində iştirak edə bilmədi. Belədə heyətə düşmədi.
Nəhayət, arenada gördüyü hər kəslə qucaqlaşıb görüşən Kakanı da “tuta bildik”. Millimizin sabiq üzvü, U-21-in və “Neftçi”nin baş məşqçisi olmuş, hazırda isə Qazaxıstanın “sükanı arxasında” yer alan braziliyalı mütəxəssis öncə oyunla bağlı ümumi fikirlərini bildirdi.
- Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Özümü evdəki kimi hiss edirəm. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq. Altı ildi Bakıdan ayrılmışdım. Oyuna gəlincə, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, yoldaşlıq oyunu keçirməyə razılıq verdilər. Buna çox ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı.
- Azərbaycan futzalını izləyirdizmi?
- Təbii ki. Burda dostlarım var, onlarla mütəmadi əlaqə saxlayırıq. Bilirəm ki, çempionat yeni başlayıb, 7 komanda iştirak edir, 2 tur arxada qalıb. “Araz” legionerlərdən imtina edib. Vaxtilə çalışdırdığım uşaqların hansı klublarda oynamasından da xəbərim var.
- “Araz”a sırf yerlilərlə ÇL-də çətin olmayacaq?
- Bu, rəhbərliyin qərarıdı. Hər qərarın arxasında hansısa məqsəd dayanır. Legionerlərdən imtina, təbii ki, nəticəyə təsir göstərə bilər. Amma digər tərəfdən, bunun yığmaya faydası olar. “Araz”ın yerli oyunçulara güvənməsi o deməkdi ki, yığmada seçim imkanı artacaq.
- Maraqlıdı, Rusiyadan niyə ayrıldız?
- Məşqçi işi belədi, hər zaman dəyişikliklərə hazır olmalısan. “Qazprom-Yuqra”da çalışdığım 6 il ərzində daim mükafatçılar sırasında oldum. İki dəfə superliqanın qalibi adını qazandım, UEFA kubokunu əldə etdim. Artıq yeni çağırışa səs verməliydim. Belədə “Kayrat”dan gələn təklifi dəyərləndirdim. Yaxında isə bu ölkənin yığması da mənə tapşırıldı. Qazaxıstan futzalına kömək etmək istəyirəm.
- Bəs yenidən ölkəmizdə işləmək istərdizmi?
- Niyə də yox?! Məşqçiliyə məhz Azərbaycanda başlamışam. Bura yenidən dönsəm, çətin olmaz. Çünki doğma insanların əhatəsində çalışaram. Amma bunu həyat göstərəcək. Yaşayarıq, görərik.
- Sizin “Neftçi”dən hansı futzalçının bu gün yığmada olmamasına təəccübləndiz?
- Təbii ki, ad çəkəcəm, amma bunun Alesionun seçiminə qarışmaq kimi başa düşülməsini istəmirəm. Sadəcə, potensialı olan yetirmələrimin adını çəkmək istəyirəm. Rüfət Balakişiyevlə Seymur Məmmədovun millidə olmamasına təəccübləndim. Nihat İsmayılova görə isə sevindim. O vaxt ona şans verməklə yanılmamışam (gülür).
- Azərbaycanda sizin üçün ən yaddaqalan an nə olub?
- Sözsüz ki, hər addımbaşı gördüyüm ilgini, münasibəti xatırlayıram. Azərbaycanlıların qonaqpərvərliyi haqda hər yerdə danışıram. O vaxt ətrafımdakı bütün insanlar mənə kömək etməyə çalışırdı. Evlərinə belə dəvət edirdilər. Baş məşqçi kimi ilk addımlarımı burda atmışam. Həm bunu, həm də Azərbaycan millisinə dəvət aldığımı, ilk oyunumu məmnuniyyətlə xatırlayıram.
MİRAĞA