Beynəlxalq yoldaşlıq oyunu
Azərbaycan – Qazaxıstan 1:3 (1:2)
Azərbaycan: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 16. İsa Atayev; 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 9. Namiq Məmmədkərimov, 10. Nihad İsmayılov, 14. Adəm Həbibov, 15. Fərid Atakişiyev, 18. Kənan Manafov.
Baş məşçi Joze Alesio da Silva.
Qazaxıstan: 1. İgita (k), 20. Birjan Orazov, 15. Dauren Tursaqulov, 12. Çingiz Esenamanov, 6. Anton Rındin; 18. Aleksandr Qurov, 4. Taynan, 5. Arnold Knaub, 7. Kayrat İmanalin, 8. Aleksandr Dovqan, 16. Dauren Nurqozin, 17. Vladislav Çernomordov, 19. Albert Akbalikov.
Baş məşqçi: Kaka.
Qollar: B.Orazov, 8 (0:1). Ç.Esenamanov, 9 (0:2). X.Bağırov, 14 (1:2). İgita, 30 (1:3).
Vərəqələr: İgita, 15. R.Çovdarov, 25. D.Nurqozin, 26. N.İsmayılov, 30 – sarı.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov.
23 sentyabr. Bakı İdman Sarayı.
Bazar günü futzal yığmamız beynəlxalq yoldaşlıq görüşündə Qazaxıstanla qüvvəsini sınadı. Bakı İdman Sarayında keçirilən oyun daha çox “Araz”ın Çempionlar Liqası ərəfəsində durumuna aydınlıq gətirəcəkdi. Çünki bu il yığmanı, ümumiyyətlə, hansısa rəsmi yarış gözləmir. Joze Alesio da Silvanın sırf Azərbaycan çempionatında çıxış edən futzalçılara güvənməsi də bundan xəbər verirdi. Start heyətində isə ancaq "Araz"lılar yer almışdı. Baxmayaraq ki, budəfəki toplanışa rekord həddə - 4 "Ekol"lu cəlb olunmuşdu. Onu da qeyd edək ki, Naxçıvan təmsilçisinin bu yay transfer etdiyi Emin Mikayılov matçda iştirak etmədi. Adı toplanışa cəlb olunan oyunçular arasında olan futzalçının debütünün baş tutmamasının səbəbini matçdan sonra Alesiodan öyrəndik…
Azarkeşlərin və mətbuatın diqqətindən kənarda qalan, cəmi 200-250 tamaşaçının izlədiyi oyuna qazaxların daha yaxşı təşkilatlandığı diqqəti çəkdi. On nəfərə yaxın olan və aralarında xanımların da yer aldığı qonaqlar Qazaxıstan bayrağı ilə də silahlanmışdılar və tez-tez şüarlar səsləndirərək, komandalarını dəstəkləyirdilər. AFFA rəsmilərindən baş katibin müavini Sərxan Hacıyevin, Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvlərindən Ağarza Rzayev, Turqay Fərzəliyev və Mahmud Sadıqovun izlədiyi matçda qurumun başçısı Zaur Axundov gözə dəymədi. Görünür, Futzal Federasiyasının prezidenti yığmanın oyunundan dərhal sonra meydana çıxacaq “Keşlə”nin yanında olmağı lazım bilmişdi...
Oyunda 8-ci dəqiqəyə kimi başabaş mübarizə getdi. Kiminsə aşkar üstünlüyü hiss olunmurdu. Heç qapılar qarşısında real təhlükə də yox idi. Konkret yığmamızdan danışırıqsa, irəlidə top saxlaya bilən "stolba"nın yoxluğu fonunda müdafiənin üzərinə çox yük düşürdü. Nəticədə komanda bizə yad üslubda - əks-hücumda oynamalı olurdu. Hesab 8-ci dəqiqədə açıldı. Birjan Orazovun zərbəsindən sonra top əvvəlcə Rövşənin ayaqlarının arasından, daha sonra qapı xəttindən keçib tora daxil oldu. Cəmi 30 saniyə sonra fərq iki topa çatdı. Bu dəfə Çingiz Esenamanovun 10 metrdən qüvvətli zərbəsindən sonra top qapı çatının içəri hissəsinə dəyib əks tərəfdən toru silkələdi. Alesio 0:2-dən sonra dərhal qapıçını 5-ci sahə oyunçusu ilə əvəzlədi. Belədə oyunu rəqib meydanına daşıyan yığmamız 14-cü dəqiqədə fərqi azaltdı. Xətai yığmamızın heyətində fərqlənən oyunçu oldu.
Nə qalan dəqiqələrdə, nə də 2-ci hissənin ilk yarısında hesab dəyişdi. Halbuki hər iki komandanın fərqlənmək üçün imkanları var idi. Məğlubiyyətdən qaçmaq istəyən Alesio 30-cu dəqiqədən etibarən yenə qapıçısız oynamağa üstünlük verdi. Ancaq ilk hissədə boş qapıya düşmək imkanı olmayan qazaxlar bu dəfə elə əks-hücumda belə fürsət qazandı. İgita topu ələ keçirən kimi onu ayaqla qapımıza ünvanladı. Bu epizodda Rizvanın ləngliyi və havadakı topu "itirməsi" qeyd olunmalıdı. Alesio riskli taktikanı 1:3-dən sonra da davam etdirdi. Amma həmyerlisinə və Azərbaycan futzalçılarına bələd olan Kakanın qurduğu müdafiəni yarmaq mümkün olmadı. Beləliklə, yığmamız Qazaxıstana 1:3 hesabıyla uduzdu.
Nəticə nə göstərdi? Futzalımızın üzünü legionerlər ağardırmış. Qazaxıstanın yerli oyunçuları daha çox şey qazanıblar braziliyalıların yanında. Düzdü, sırf bu oyuna əsasən müqayisə aparmaq qüsurlu sayıla bilər. Çünki yığmamızdan fərqli, orta asiyalıların heyətində iki braziliyalı var idi. Hansı ki, hər ikisi “açar” oyunçudu. İstənilən halda, legionerlərsiz “Araz”ın ÇL-də şansı çox deyil. Əsas mərhələ bu qüvvə ilə də keçilə bilər, amma “divlər”in mübarizə apardığı “dördlər finalı”na düşmək əlçatmaz görünür.
MİRAĞA