Qurban Qurbanov futbolçuya “qulaqburması” verməlidi
“Qarabağ” Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başladı. Ancaq itkiləri də nəzərə alsaq, “köhlən atlar” Lissabonda heç də aciz komanda təsiri bağışlamadı. Hətta bir neçə dəfə “Sportinq”in qapısına yol tapmaq imkanı da qazandılar. Ancaq fərdi səhvlər fonunda yenilgi qaçılmaz oldu. Qonaqların heyətində bir neçə futbolçu çox zəif təsir bağışladı. Onların da başında Mahir Mədətov gəlir. Ümumiyyətlə, 21 yaşlı futbolçu bu mövsüm potensialından çox-çox aşağı səviyyədə çıxış edir. Ötən mövsüm hara, cari mövsüm hara. Yerli çempionatda at oynatmaq uğur meyarı sayıla bilməz. “Səbail”in qapısına yol tapmağa nə var ki. Əsas odu, avrokubok oyunlarında özünü göstərəsən. Ancaq beynəlxalq arenada Mədətovun qılıncının kəsəri yoxdu. Nə yığmaya fayda verir, nə də “Qarabağ”a. Bildiyi bir şey var, topu sağ cinahda qəbul edib, sola çəkmək və onu geri ötürmək. Bununla da hücumun kəsərindən əsər-əlamət qalmır. Heç siz Mahirin “Sportinq”lə görüşdə kimisə aldadıb keçdiyini gördüz? Aşkar hiss olunur ki, Mədətovda geriləmə var. Bəlkə də özünəinamı itirib, bəlkə də psixoloji problemləri var. Hər halda, bunu Qurban Qurbanov daha yaxşı bilir. Ancaq dəyişməyən bir şey var. O da Mahirin ipə-sapa yatmamasıdı. Hətta dəmir intizamlı baş məşqçi belə “Bakı”nın sözdə böyük gələcək vəd edən yetirməsini rejimə sala bilmir. Bəlkə də Mədətovun gecə həyatı yoxdu. Ancaq özünü aparmağı bacarmır ki bacarmır. “İnstaqram”dakı bu paylaşımı isə “qozbeli qəbir düzəldər” məsəlini xatırladır. Kişinin oğlu amerikalı yazıçı Uilyam Gibsonun fikirlərini paylaşıb. Bir növ ətrafındakı insanları alçaqlıqda ittiham edib. Üstəlik, “siz sağ, biz salamat” həşteqini paylaşmaqla sanki onun ünvanına tənqidi fikir səsləndirənləri vecinə almadığına işarə vurub.
Deyirəm, yaxşı ki, Mahir 2017-ci ilin ən yaxşı futbolçusu seçilmədi. İndi Allah bilir, elə tufan qoparmışdı ki... Ata efirdə qələm əhli ilə haqq-hesab çürütməyə çalışır, övlad da belə. Bu futbolu normal oynamaması cəhənnəm, heç olmasa, dilini dinc qoysun. Artıq Qurban Qurbanovun hələ bığ yeri yenicə tərləyən bu dəliqanlıya “qulaqburması” verməsinin vaxtı çatıb. Yoxsa Mədətovun bu gedişi onun üçün heç də xoş sonluq vəd etmir. Mahir, başını aşağı sal, futbolunu oyna, səhvlərin üzərində işlə. Arada vaxtın olanda böyük futbolçuların həyat hekayəsini oxu. Sadəlik hər zaman başucalığıdı. Unutma ki, ağac bar verdikcə başını aşağı salar. Hərçənd sənin bar verməyinə hələ çox var...
SƏRXAN