Elxan Abdullayev: “Sportinq”dən Bakıda ən azı 1 xal almaq mümkündü”
Avropa Liqasının qrup mərhələsinin ilk turunda Lissabona yollanan “Qarabağ” məğlub döndü. Qurban Qurbanovun komandası ilk hissədə “Sportinq”in hücumları qarşısında duruş gətirsə də, fasilədən sonra Rafinya ilə Kabral “ağ-yaşıllar”a qələbə gətirən qollara imza atdı. Qarşılaşmadan sonra istər mediada, istərsə də sosial şəbəkələrdə ağdamlıların çıxışı güniş müzakirə olundu. Bəziləri Qurban Qurbanovun yetirmələrinin gözləniləndən daha yaxşı təsir bağışladığını vurğulayıb, bəziləri isə əksinə, komandanın potensialından aşağı oynadığını qeyd edib. Bəs görəsən, mütəxəssilər Lissabondakı oyun barədə hansı fikirdədi?
Öncə Vidadi Rzayevi dinləyək: “Qarabağ”ın “Sportinq”lə oyununu iki hissəyə bölərdim. İlk yarıda təmsilçimiz adlı-sanlı rəqibdən heç də zəif təsir bağışlamadı. Oyuna nəzarət meydan sahiblərinin tərəfində olsa da, Qurban Qurbanovun komandası vaxtaşırı rəqibi həyəcanlandırmağı bacarırdı. Xüsusilə Emeqaranın qol imkanını yada salmaq istəyirəm. Forvard fərqlənmək üçün hər şey etsə də, təəssüf ki, son nöqtəni qoymağı bacarmadı. Bəlkə də həmin an “Qarabağ” hesabda önə çıxmağı bacarsaydı, qalan dəqiqələrdə oyun tam fərqli məcrada davam edərdi. Mənə elə gəldi ki, ilk hissədə meydan sahibləri də qonaqları lazımınca qiymətləndirməmişdi. Fasilədən sonra isə “Sportinq” toparlanmağı bacardı və sürəti bir qədər artırdı. Bunun da nəticəsi kimi “Qarabağ”ın müdafiəçiləri səhvlərə yol verməyə başladı. Qapımıza vurulan hər iki qolda arxa xətdə yer alan futbolçuların mövqe səhvləri oldu. Əslində onları da qınamaq düzgün deyil. “Sportinq” öz çempionatında “Portu”, “Benfika” kimi güclü heyətə malik komandalarla mübarizə aparır. Yəni bizim çempionatdan fərqli, Portuqaliya birinciliyi daha sürətlidi, orda daha səviyyəli komandalar çıxış edir. Bəs “Qarabağ” harda oynayır? Premyer-liqada ağdamlılar az qala ikinci heyətlə də meydana çıxanda qalib gəlir. Odu ki, “Sportinq”lə arada olan səviyyə fərqini nəzərə alıb məğlubiyyətə görə Qurban müəllimin komandasını asıb-kəsmək lazım deyil. Hələ onlara “çox sağ ol” deməliyik ki, premyer-liqadakı rəqabətsizlik fonunda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıblar. Biz də ən azı qışa qədər qitəmiqyaslı turnirin həyəcanını yaşayacağıq. Gəlin açıq danışaq. “Qarabağ” bu gün hansı meyara görə “Sportinq”i udmağa borclu idi? Büdcə, heyətdəki futbolçuların səviyyəsi, avrokubok təcrübəsi, adını çəkmədəyim başqa göstəricilər baxımından onlar bizimkilərdən bir yox, beş-on addım öndədi. Hər şeyə real yanaşıb, gördüyümüzü olduğu kimi deməliyik. Bu qrupda xal və ya xallar ala biləcəyimiz yeganə komanda “Vorskla”dı ki, onlar da “Arsenal”la səfər oyununda iki dəfə rəqibi məyus etməyi bacarıb. Bu isə Ukrayna klubunun hücum xəttinin gücündən xəbər verir. Ona görə də eyforiyaya qapılmaq, “Qarabağ”dan səfərdə “Sportinq”, “Arsenal” kimi komandalardan xal almağı tələb etmək məndən bu yaşda kosmonavt olmağı tələb etmək kimi bir şeydi. Hələ ona sevinməliyik ki, halbuki bir çoxları matçdan öncə məhz belə düşünürdülər, ağdamlılar böyük hesabla uduzmadı”.
Elxan Abdullayev isə bunları dedi: “Bu oyun haqda çox danışmaq, “Qarabağ”ın harda səhv etdiyini, harda düz oynadığını söyləmək çətindi. Əslində qarşılaşmanın belə başa çatacağını da gözləyirdik. Çünki “Sportinq” çox təcrübəli, güclü heyətə malik komandadı. Bir sözlə, lissabonluların qələbəsi gözlənilən idi. Amma ümumilikdə “Qarabağ”ın göstərdiyi oyunu bəyəndim. Komanda rəqibdən çəkinmədi, ilk dəqiqələrdən müdafiədə oturmayacağını ortaya qoydu. Hesab 0:0 olarkən Emeqara fərqlənsəydi, bəlkə də səfərdən minimum 1 xalla dönmək olardı. Onu da bildirim ki, “Sportinq”in baş məşqçisi “Qarabağ”ı yaxşı təhlil etmişdi. Bilirdi ki, Qurban Qurbanovun komandasına topla oynamağa çox imkan vermək olmaz. Ona görə də top bizim hansısa oyunçumuzda olan kimi portuqaliyalılar həmin futbolçunun üstünə ən azı iki nəfərlə gedib, onu səhv etməyə və ya topu itirməyə məcbur edirdilər. Məhz bu səbəbdən mərkəzdə oyun alınmadı. Rəqibin pressinqi “Qarabağ”ın futbolçularına ardıcıl bir neçə ötürmə etməyə, kəskin hücumlar qurmağa imkan vermirdi. Müdafiənin inamsız oyununa gəlincə, burda da təcrübə və səviyyə sözünü dedi. İstər Rafinya, istərsə də Nani usta futbolçulardı və ilk 45 dəqiqədən sonra arxa xəttin zəif cəhətini üzə çıxara bildilər və bundan da maksimum yararlandılar. Məncə, bu rəqibdən Bakıda ən azı 1 xal almaq mümkündü. “Sportinq”i Bakıda heç də asan gəzinti gözləmir”.
RƏŞAD