“Qarabağ” oktyabrın 4-də Avroliqanın qrupunda 2-ci tur çərçivəsində “Arsenal”ı qəbul edəcək. Olimpiya stadionunda keçiriləcək matça maraq böyükdü. Təbii, bu da anlaşılandı. İngiltərənin iddialı və köklü klublarından biri Bakıya səfər edəcək. Azarkeşlərin oktyabrın 4-də BOS-un tribunalarını dolduracağı şübhə doğurmur. Elə ötən mövsüm ÇL oyunlarında oxşar mənzərənin şahidi olmuşduq. Düzdü, "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində deyil. Bununla belə, rəqib Avropanın sayılıb-seçilən komandalarındandı. Bu üzdən boş tribunanın qalacağı inandırıcı deyil.
Artıq dünəndən "Qarabağ" - "Arsenal" marçının biletləri satışa çıxarılıb. İlk gündə kassalardan birinə üz tutduq. "Gənclik Mall" ticarət mərkəzindəki satış məntəqəsindəki mənzərə azarkeş marağı ilə bağlı düşündüklərimizi təsdiq etdi. Kassanın önündə növbə var idi. Qırmızı lent növbəyə duranların sıranı pozmaması, kassanın qarşısında qarışıqlıq yaranmaması üçündü. Qeyd edək ki, bilet almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlisən. Bir pasporta 1 bilet verilir. Ancaq başqalarının şəxsiyyət vəsiqəsinin özünü və ya surətini göstərməklə də bilet almaq olar. Lakin bu 5-dən çox ola bilməz. Kassanın yanında monitor quraşdırılıb və orda sektorlara uyğun biletlərin qiymətləri göstərilib. Təkcə bu satış məntəqəsində bu cür növbə varsa, oyuna marağın hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil.
Bir daha xatırladaq ki, biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdı. Azarkeşlər biletləri "Gənclik Mall"dan başqa, iTicket.az saytından, eləcə də "Qarabağ"ın Park Bulvardakı "fan-şop"undan, "iTicket"in kassalarından, Sumqayıtdakı "ASAN Xidmət"dən, "28 Mall" ticarət mərkəzindən əldə edə bilər. Qeyd edək ki, stadionun qapıları oyunun startından 3 saat öncə açılacaq. Maraq üçün sektorlar üzrə qiymətləri də nəzərinizə çatdıraq:
2 manat - 104-109, 115-121, 204-209, 215-220, 304-307 (əsasən qapıarxası sektorlar)
5 manat - 502, 503, 510-514, 521, 522 (ən hündür sektorlar, medianın yanı, VİP-in üstü)
15 manat - 103, 110, 114, 122 (meydana yaxın, lakin tam mərkəz sayılmayan sektorlar)
20 manat - 102, 111-113, 123 (meydana yaxın, mərkəzi sektorlar)
50 manat - VİP.
Göründüyü kimi, biletlərin təxminən yarısı 2 manatlıqdı. Lakin BOS-da yetərincə "skay-boks"ların olduğunu da unutmayaq. Çox güman, "Arsenal" azarkeşlərinə 308 və 309-cu sektorlara olan biletlər satılacaq. BOS-da, adətən, rəqib fanatlarla məhz künc bayrağı istiqamətində olan sektorlarda yer ayrılır.
FARİZ