"Qarabağ"ın qrupdakı ilk oyunu fransız Fransua Leteksiyeyə tapşırılmışdı. "Sportinq"lə matçda çəkindiyimiz məqamlardan biri hakimin təcrübəsiz olması idi. Ədalət naminə qeyd edək ki, "Qarabağ"ın məğlubiyyətində hakimin təsiri olmadı.
Leteksiye oyunun əvvəlində qapımıza penalti təyin edə bilərdi. İkili mübarizə zamanı Jezniçak rəqibin qolunu qoltuğuna salıb sıxaraq çəkib yıxdı. Ancaq fransız referi bu incə məqamı görmədi. İlk yarının ortalarında portəgizlərin cinah hücumu zamanı top qapı xəttini tərk etməsə də, hakim Vaqnerə qapıçı vuruşu ilə oyuna başlamağa dair göstəriş verdi.
İkinci hissədə iki mübahisəli epizod yaşandı ki, hər ikisi "Qarabağ"ın lehinə oldu. Gerye 48-ci dəqiqədə Naniyə açıq əllə xəsarət yetirsə də, hakim sarı vərəqə göstərmədi. Bir neçə dəqiqə sonra isə yan xətt hakimi rəqibin təhlükəli hücumunu ofsayd işarəsi ilə saxladı ki, burda oyundankənar vəziyyət yox idi.
Sabiq FİFA referisi Anar Salmanov fransız hakimin işini normal qiymətləndirir: "İlk növbədə hakimin manerası, görkəmi haqda müsbət rəyimi diqqətə çatdırmaq istəyirəm. Gənc olmasına rəğmən, Fransua hakimə lazım olan bir çox keyfiyyətlərə sahibdi. Boy-buxunu, fiziki göstəriciləri qənaətbəxş idi. Mövqe seçimi, jestləri də qaydasında idi. Futbolçular onu ilk dəqiqələrdən qəbul etdi. Komanda işi haqda da yalnız müsbət fikir bildirmək olar. Bununla belə, verilməyən vərəqələr var idi. Ozobiçə qarşı 24-cü dəqiqədə qayda pozulmuşdu, nəinki cərimə zərbəsi təyin etməli, perspektivli hücumun qarşısını kəsdiyinə görə rəqib futbolçuya sarı vərəqə göstərməliydi. Hakim heç birini etmədi. 39-cu dəqiqədə yan xətt hakiminə kəskin etiraza görə "Sportinq"in futbolçusuna sarı vərəqə göstərilməli olduğu halda, referi şifahi xəbərdarlıqla kifayətləndi.
İkinci hissədə "Qarabağ"ın futbolçusuna vərəqə verməli idi, bunu etmədi. Bir epizodda isə yanlış ofsayd qərarı oldu. Videotəkrardan da göründü ki, "Sportinq"in futbolçusu ofsaydda deyildi. Ümumiyyətlə, fransız referi əsasən vərəqələrin təyinatında axsayırdı. Fikrimcə, Fransua və briqadasının qiyməti 8,3 olacaq".
MİRAĞA