“Uğur” hələ də uğurunun mükafatını gözləyir
Artıq neçə vaxtdı ki, ötən mövsüm Region Liqasında çempion olan “Uğur”un yaşadığı problemi gündəmə gətiririk. Ancaq təəssüf, çox təəssüf ki, büdcəsi milyonlarla ölçülən AFFA rəhbərliyi nə tənqiddən, nə də “Uğur”un futbolçularının narazılığından nəticə çıxarır. Hakim və Hakim-İnspektorlar Komitəsinə əcnəbi müətəxəssis dəvət edən və bunun qarşılığında ona böyük məğbləğdə əməkhaqqı ödəyən assosiasiya rəsmiləri nədənsə Region Liqasının ötənilki çempionuna çatacaq 10 min manat mükafatı ödəyə bilmir. Hər dəfə bu məsələ ilə bağlı sözügedən liqanın Təşkilat Komitəsinin üzvü Yusif Vəliyevlə danışanda eyni sözləri eşidirik: “Uzağı gələn həftənin ilk günlərində 10 min manat “Uğur”un hesabına köçürüləcək”. Ancaq nə faydası... Yusif bəy bu sözləri ən azı 5 dəfə bizə deyib. Sumqayıt təmsilçisinin üzvləri isə verilən yalançı vədlərin sayını artıq itiriblər. Özləri demişkən, “biz uşaqlarımıza nağıl danışırq, AFFA isə bizə”.
Bu həftənin əvvəlində növbəti dəfə “Uğur”un oyunçuları redaksiyamızla əlaqə saxladılar. Onlar assosiasiya rəhbərliyinin onları yenə aldatdığını bildirdilər. Həvəskar statuslu çempionatda çıxış edən, bir manata da ehtiyacı olan futbolçuların narazılığını, giley-güzarını növbəti dəfə dinlədik. Ancaq bu dəfə əvvəlki günlərdən fərqli, Yusif bəylə əlaqə saxlamadıq. Çünki artıq onun söylədiyi yalanlardan biz də bezmişik. “Uğur”un oyunçuları ümidini mediaya dikir, düşünür ki, bu məsələ mətbuatda işıqlandırılarsa, aiddiyatı qurumlar tənqidlərdən nəticə çıxarıb əməli tədbirlərə əl atar, narazılıq edənləri razı salmaq üçün hər hansı addım atar. Ancaq Yusif bəyin sayəsində media da artıq hörmətdən düşür. Belə çıxır ki, o və Region Liqasının təşklinə cavabdehlik daşıyan şəxslər üçün ictimai qınağın heç bir mənası yoxdu. Ancaq hər şeyin bir sonu var. Ölkənin bir nömrəli idman nəşrinə yalanları muncuq kimi yan-yana düzən, hər dəfə bir bahənə ilə çuvalını sudan çıxardığını düşünən funksionerlərə bir söz demək istəyirik: “Yalan ayaq tutar, yeriməz”. Yusif bəy, mövsüm yeni başlayıb, yəqin ki, bundan sonra yollarımız çox kəsişəcək. İstər uşaq, istərsə də Region Liqası oyunlarında.
RƏŞAD