“Novruz Həsənov türkçü olduğundan “komandanın adını “Turan” qoy” dedi”
Novruz Həsənov - qərb bölgəsində hamının hörmət etdiyi, xalq arasında daha çox “Novruz əmi” kimi tanınan, milli-azadlıq hərəkatının fəallarından olan, müstəqil Azərbaycanın ilk polis rəislərindən biri kimi adını tarixə yazdıran şəxs...
Sentyabrın 19-dan 20-nə keçən gecə Tiflis xəstəxənalarından birində xərçəng xəstəliyindən 70 yaşında dünyasını dəyişən sabiq polis zabitini bəlkə də futbol ictimaiyyəti o qədər də yaxından tanımır. Ancaq o ötən əsrin 90-cı illərində irəli sürdüyü bir ideya ilə ölkə futbolunun tarixinə möhürünü vurmağı bacarıb. Söhbət müstəqil Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən “Turan”dan gedir. Bəli, məhz onun təklifi ilə Tovuz klubu “Turan” adı ilə milli çempionata qatılıb. Bu haqda bilgini qərb klubunun “qızıl tarixi”nə adını böyük hərflərlə yazdırmış Vidadi Əhmədovdan aldıq. Mərhumla eyni kənddən – Bozalqanlıdan olan Vidadi bəy bizimlə söhbətdə həmin günləri xatırladı: “Özünüz də bilirsiz ki, 90-cı illərin əvvəlində Azərbaycanda vəziyyət necə idi. Ermənistanla həmsərhəd olan bütün bölgələr cəbhə zonası idi. Mənfur düşmənlərimiz Dağlıq Qarabağla yanaşı, digər rayonlarımızı da işğal etmək niyyətində idi. Tovuz da daim düşmənin atəşinə məruz qalırdı. Həmin vaxt Novruz Həsənov Tovuzda özünümüdafiə dəstələrinə rəhbərlik edirdi. O sonradan Tovuzun polis rəisi oldu. Ona qədər isə Gəncədə çalışmışdı. 1992-ci ilin əvvəllərində Tovuzun futbol ictimaiyyətinin bəzi tanınmış nümayəndələri mənə müraciət etdilər ki, komandanın maddi durumu yaxşı deyil. Komandaya himayədarlıq etməyimi xahiş etdilər. Ağır durumu nəzərə alaraq, xalqda sabaha ümid yaratmaq üçün futbol komandasının olmasını vacib saydım və müraciət edənlərə “komandaya mən baxacam” söyləyib, razılıq verdim. Novrüz bəylə isə möhkəm dost idik. Komandaya baxacağıma söz verəndən bir neçə gün sonra onunla görüşdüm”.
Qanlı-qadalı günlərdə, vətəni canından çox istəyən, doğma rayonu düşmənə təhvil vermək istəməyən dostların görüşündə isə tək futbol yox, müharibə şəraitində olan rayonun gələcək taleyi və insanların durumu müzakirə olunub: “Onunla görüşüb hal-əhval tutduqdan sonra futbol komandasına himayədarlıq etmək fikrində olduğumu söylədim. Məni diqqətlə dinlədikdən sonra “yəqin ki, sən hansı yükün altına girdiyini yaxşı başa düşürsən. Bir neçə ay komandaya baxıb, sonradan fikrini dəyişsən, bu camaat elə başa düşəcək ki, artıq hər şeyin sonudu və sabaha, qələbəmizə ümidləri qalmayacaq. Bir daha yaxşı-yaxşı fikirləş və sona qədər gücün çatacaqsa, klubun sponsoru olacağına söz ver” dedi. “Artıq geri çəklməyin mənası yoxdu, son qəpiyimə qədər komandaya xərcləyəcəm” cavabını verdim. Bu söhbətdən sonra onunla komandaya ad qoymaq hada danışdıq. Novruz Həsənov türkçü, ülküçü olduğundan “komandanın adını “Turan” qoy” dedi. Həmin vaxtlar mən ticarət sferasında çalışırdım. İşim pul qazanmaq idi. Açığı, siyasətlə marqlanmırdım, türkçülükdən, tarixi kökümüzdən, milli-mənəvi dəylərimizdən o qədər də məlumatlı deyildim. Məhz Novruz bəyin sayəsində bütün bunlardan xəbərdar oldum. O həmin vaxt qardaş Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (Boz qurd) üzvləri ilə çox yaxın idi. Hətta həmin illərdə türk qardaşlarımızın Tovuza gəlib bizim döyüşçülərə təlim keçməsinə nail olmuşdu. Bir sözlə, komandaya “Turan” adının qoyulmasının ideya müəllifi Həsənov olmuşdu. Sizinlə danışan zaman hüzr yerindəyəm. Hətta Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan deputatı Atilla Kaya da Novruz bəyin dəfnində iştirak etmək üçün Tovuza gəlib. Allah ona rəhmət eləsin, o vətəni sevən, cəsur və mərd oğul idi”.
RƏŞAD