Sizin reklam burada

Dünya çempionatına yaxşı başlamadıq

Müəllif: football Tarix: 21-09-2018, 22:44 661 Baxış
Dünya çempionatına yaxşı başlamadıq
Gözlənilən an gəlib çatdı. Dünən Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürdü. İlk yarış günündə 48 kq-da qadınlar və 60 kq-da kişilər mübarizə apardı. Ancaq buna keçməzdən öncə təşkilatçılıq məsələlərinə toxunaq.
Çatışmazlıqlar var
Müşahidələrimə əsasən deyə bilərəm ki, cüdoya yetərincə maraq var. Dəvətnaməsi olmayan tamaşaçılar arenanın önündəki kassaya yaxınlaşıb, bilet alıb zala daxil olurdu. Tribunalar da ümumilikdə dolu təəssüratı yaradırdı. Xüsusən cüdoçuların fəndlərinə verilən reaksiya xoş ab-hava yaradırdı. MDB məkanından olan cüdoçulara dəstək daha çox idi. Xüsusən də ukraynalılara.
Ölkəmizə yarışı işıqlandırmaq üçün xeyli jurnalist təşrif buyurub. Onların əksəriyyəti Şərqi Asiyadandı. Təəssüf ki, media nümayəndələri üçün əlverişli şərait yaradılmayıb. Düzdü, internetlə bağlı ciddi sıxıntı ilə üzləşmədik. Ancaq media otağında yüngül də olsa, təam süfrəsi açılmalıydı. Nəzərə alaq ki, yarış səhər saat 10-dan axşam 7-dək davam edir. Ən acınacaqlısı günün ikinci yarısında samovarın yanında çay içmək üçün plastik stəkanların belə tapılmamasıydı. Mükafat fondu 1 milyon avro olan yarışda media nümayəndələrinə belə biganə münasibəti anlamaq mümkün deyil.
İştirakçıların sayı kəskin azaldı
Daha öncə Bakıda 129 ölkədən 800-dən artıq cüdoçunun yarışacağı və bununla yeni rekord qırılacağı yazılmışdı. Ancaq son anda iştirakçıların sayında kəskin azalma baş verdi. Yekunda bəlli oldu ki, paytaxtımızda 125 ölkədən 758 (460 kişi, 298 qadın) cüdoçu mübarizə aparacaq. Elə yığmamızda da ixtisar getdi. Naməlum səbəblərdən son anda Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Rəhimli (57 kq) heyətdən çıxarılıb.
İlk gündə medalsız qaldıq
Dünən üç cüdoçumuz tatamiyə çıxdı. Təəssüf ki, ilk gün bizim üçün uğursuz alındı. Halbuki təmsilçilərimizdən biri medal qazanmağa çox yaxın idi. Əslində Aişə Qurbanlının (48 kq) çıxışını zəif saymaq insafsızlıq olar. Startda ötən il gənclər arasında dünya çempionu olan holland Amber Gersyesə qalib gələn cüdoçumuz daha sonra avstriyalı Karolin Hainin də öhdəsindən gəldi. Ancaq Qurbanlı 1/8 finalda argentinalı olimpiya və dünya çempionu Paula Pareto ilə bacarmadı. Əsas ümidlər Orxan Səfərova (60 kq) idi. Əvvəlcə monqol Amartuvşin Bayaraa üzərində qələbə qazanan yığma üzvü madaqaskarlı Abdu bin Nazirin işini cəmi 10 saniyəyə bitirdi. Əslində 1/8 finalda Amiran Papinaşvilini də yenmək iqtidarındaydı. Ancaq əks-hücumda yaxalanan Səfərov şok məğlubiyyətlə barışmalı oldu. Onunla eyni çəkidə çıxış edən Kəramət Hüseynov sürprizə imza atmağa çox yaxın idi. Olimpiya çempionu Elnur Məmmədlinin yaxın qohumunun belçikalı Yoran Şildermansı mübarizədən kənarlaşdırması gözlənilən idi. Ancaq 20 yaşlı cüdoçunun üçqat Avropa və son olimpiya çempionu Beslan Mudranovu (Rusiya) üstələməsi xoş sürpriz oldu. 1/8 finalda ispan Fransisko Qarriqos da təmsilçimizlə bacarmadı. Ancaq Kəramət növbəti mərhələdə yapon Naohişa Takatonun ağrıdıcı fəndi qarşısında aciz qaldı. Təsəlliverici görüşdə əlavə vaxtda Yonq Qvon Kimə (KXDR) qalib gələn Hüseynov “bürünc” savaşında Papinaşviliyə uduzdu. Əslində Kəramət görüşə istəkli və hücum üslubunda başlamışdı. Təsadüfi deyil ki, Amiran qısa vaxtda iki “şido” cəriməsi aldı. Daha bir “şido” isə Hüseynovun qələbəsi demək idi. Ancaq “vazari” ilə önə keçən Papinaşvili sonadək üstünlüyü qorudu və Orxanın ardınca Kəraməti də medalsız qoydu.
Susmayın, danışın!
Təəssüf ki, cüdoçularımızdan yalnız Aişə Qurbanlı açıqlama verdi: “Məşqçinin tapşırığını yerinə yetirə bilmədiyim üçün uduzdum. Argentinalı cüdoçu tanınmış idmançıdı. Sıradan rəqibə məğlub olmamışam”.
Ancaq nə Orxanı, nə də Kəraməti danışdırmaq mümkün oldu. Yəqin ki, medal qazansaydılar, açıqlama vermək üçün özləri jurnalist axtarardı. Hər halda, bu məsələnin də tənzimlənməsinə ehtiyac var. Mübarizəni başa vuran cüdoçu jurnalistlərdən qaçmamalıdı.
Ən gənc dünya çempionu
Sonda medalçılardan danışaq. Qadınların yarışında Pareto və qazax Otqontsetseq Qalbadrax “bürünc”ü boynundan asdı. Finalda gözlənilmədən yapon Funa Tonakiyə qalib gələn ukraynalı Darya Bilodid adını cüdo tarixinə yazdırdı. 17 yaş 345 günlüyündə mundialda titul qazanmaqla ən gənc dünya çempionu ünvanını qazandı. Kişilərdə Papinaşvili və yapon Ryuyu Naqayama 3-cü yeri tutdu. Finalda isə Takato rusiyalı Robert Mşvidobadzedən güclü oldu.
Qeyd edək ki, bu gün kişilər 66, qadınlar 52 kq-da mübarizə aparacaq.
SƏRXAN

Medal sıralaması
1. Yaponiya 1 1 1
2. Ukrayna 1 0 0
3. Rusiya 0 1 0
4-6. Argentina 0 0 1
4-6. Gürcüstan 0 0 1
4-6. Qazaxıstan 0 0 1
SON XƏBƏRLƏR