"Neftçi" daha bir şirkətlə anlaşdı
Dünən “Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimat mərasimi keçirilib. Tədbirdə klubun prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Roberto Bordin, klub rəsmiləri və akademiyanın məşqçiləri iştirak ediblər. Təqdimat mərasimində Benet "Neftçi” Futbol Akademiyasında görüləcək işlərdən danışıb, futbol fəlsəfəsini məşqçilərlə bölüşüb. Faydalı işbirliyinə inandığını bildirən 55 yaşlı ingilis mütəxəssis məşqçiləri maraqlandıran sualları cavablayıb. Xatırladaq ki, Benetlə birillik müqavilə bağlanıb. O, UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına malikdi.
Yeri gəlmişkən, “Neftçi”nin tərəfdaşları sırasına daha bir şirkət daxil olub. Bu, "Mineral Sular” MMC-di. Tərəflər arasında bağlanmış birillik müqaviləyə əsasən, adı çəkilən şirkət bu müddət ərzində "Neftçi”nin bütün su təminatını öz üzərinə götürüb. Razılaşmanın şərtlərinə görə, "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək. Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən "Neftçi”nin əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidi. Yeni sponsor axtarışını davam etdirən klub yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.
FARİZ