Sabiq komitə sədrləri hakim-inspektor kimi təyinat alacaq
Ötən həftənin cümə günü keçirilən AFFA İcraiyyə Komitəsinin (İK) iclasında ölkə futbolu adına önəmli qərar verildi. Belə ki, Hakimlər Komitəsi (HK) ilə Hakim-İnspektorlar Komitəsi (HİK) birləşdirildi. Əslində bu qərar gec-tez verilməliydi. Çünki UEFA-nın bu haqda tövsiyəsi vardı. Ancaq nədənsə bizimkilər qitə futbol qurumunun tövsiyəsinə isti yanaşmırdı. Nəhayət, ötən cümə İK bu iki qurumun Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında birləşməsinə qərar verdi. Ancaq yeni komitə əvvəlki rəhbərlərdən heç birinə - nə HK-nın sədri Xaqani Məmmədova, nə də HİK sədri Əli Hüseynova tapşırıldı. AFFA komitəyə əcnəbi mütəxəssis təyin etdi. Bundan sonra hakimlərə, inspektorlara və nümayəndələrə avstriyalı Frits Stuxlik rəhbərlik edəcək.
Təbii, həm Xaqani Məmmədovun, həm də Əli Hüseynovun dəyişikliklə bağlı fikirləri maraqlıdı. Lakin istər dünən, istərsə də daha öncə sabiq komitə rəhbərlərinə etdiyimiz zənglər cavabsız qaldı. Görünən odu ki, nə Məmmədov, nə də Hüseynov yeni komitədə yer alacaq. Hər halda, onların işi qaneedici olsaydı, əcnəbi mütəxəssisə ehtiyac duyulmazdı. Ancaq adı çəkilənlər hakim-inspektor kimi işinə davam edə bilər. Maraqlıdı ki, artıq premyer-liqada növbəti turun hakim təyinatları açıqlanıb. “Keşlə” – “Sumqayıt” duelində hakim-inspektor Əli bəy olacaq. Lakin Məmmədova qarşıdakı turda təyinat verilməyib.
Sabiq komitə rəhbərlərinin bundan sonrakı fəaliyyəti ilə bağlı məlumat almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: “Səhv etmirəmsə, hər ikisi mövsümdən öncə hakim-inspektor kimi təsdiq olunub. Onların komitə sədri kimi fəaliyyəti yekunlaşıb. Hakim-inspektor fəaliyyəti ilə bağlı hər hansı problem yoxdu. Təyinat verilsə, təbii ki, davam edəcəklər. Hansısa cəzaya məruz qalmayıblar ki, birdəfəlik uzaqlaşdırılsınlar. Sadəcə, komitələr birləşdirilib və yeni rəhbər təyin olunub. Məmmədovla Hüseynov isə sədr vəzifəsindən gediblər. Dünən Xaqani müəllim AFFA-ya gəlmişdi. Düzü, bu gün görməmişəm”.
Yeri gəlmişkən, Firuz bəydən Stuxlikə AFFA-nın binasında xüsusi otaq ayrılıb-ayrılmadığını soruşduq. O, avstriyalı FİFA referisinin daha öncə Xaqani bəyin “məskunlaşdığı” otaqda fəaliyyət göstərdiyini bildirdi.
FARİZ