“Qarabağ” çox asanlıqla Rusiyanın elita klubları arasında yer ala bilər”
Futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayan Emin Ağayev “Dağdizel”, “Anji”, “Volqa”, “Ximki” kimi klublarda işlədi. Bu yay isə yenidən vətənə döndü. 65 oyunda millinin şərəfini qoruyan veteran futbolçu hazırda “Səbail”də Aftandil Hacıyevin köməkçisi kimi çalışır. Onunla söhbətdə ölkə futbolunun səviyyəsindən tutmuş millinin Millətlər Liqasındakı çıxışına kimi bir çox məsələləri müzakirə etdik.
- Uzun fasilədən sonra yenidən Azərbaycandasız. Vətəni futbolçu kimi tərk edib, məşqçi kimi qayıtdız. Futbolumuzun durumu ilə bağlı ilk təəssüratınızı bilmək istərdik.
- Açığı, premyer-liqada belə güclü rəqabətin olacağını gözləmirdim. “Qarabağ”ı çıxmaq şərti ilə 7 komandanın, demək olar ki, hamısı eyni gücdədi. Bu üzdən hər qarşılaşmada gərgin mübarizəyə şahidlik edirik. Çempionatda çıxış edən legionerlərin də ustalıq səviyyəsi yüksəkdi. Odu ki, bizi çox maraqlı və gərgin mövsüm gözləyir.
- Məşqçi kimi təxminən 8 ilə yaxın Rusiyanın birinci dəstəsində çıxış edən müxtəlif klublarda çalışmısız. Premyer-liqa ilə Rusiyanın birinci divizionunu müqayisə edərdiz.
- Rusiya premyer-liqasının səviyyəsi çox yüksək olduğundan, təbii ki, bizim güclülər dəstəsi ilə oranı müqayisə etmək düzgün çıxmaz. Orda daha böyük büdcəyə malik klublar mübarizə aparır, qiyməti milyonlarla ölçülən legionerlər çıxış edir. Ancaq birinci divizionla bağlı məsələ fərqlidi. Fikrimcə, bizim elita təmsilçiləri Rusiyanın birinci dəstəsində çıxış edən və premyer-liqaya yüksəlmək iddiasında olan klublarla eyni səviyyədədi. Yəni ilk “üçlük”də olanlarla müqayisə etmək mümkündü. Əlbəttə, “Qarabağ”ı bura aid etmirəm. Qurban Qurbanovun komandası çox asanlıqla Rusiyanın elita klubları arasında yer ala bilər. Yuxarıda qeyd etdiyim kimi, Rusiya klublarının büdcəsi çox genişdi. Bizdə yalnız iki klubda elə imkanlar var. Müasir futbolda isə maliyyə çox şey deməkdi. İmkanlı klub daha güclü futbolçuları rənglərinə bağlaya bilir.
- Oğlunuz hardadı, futbolçu karyerasını davam etdirir?
- O hazırda ikinci dəstədə mübarizə aparan Moskva təmsilçisi “Stroqino”nun şərəfini qoruyur.
- Nə üçün Azərbaycana qayıtmır?
- Gərək təklif göndərən olsun ki, gəlsin də (gülür). Sözün düzü, o indiki məqamda istəsə belə, gələ bilməz. Təhsilini yeni başa vurub və hərbi xidmətlə bağlı Rusyanı tərk edə bilməz. Əsgərliyi başa vurandan sonra, yəqin ki, bu haqda düşünər.
- “Səbail”də vəziyyət necədi? Komandadan razısız?
- Narazılığa heç bir əsas yoxdu. Çox yaxşı kollektiv formalaşıb. Mövsümün əvvəli bir qədər bizim üçün çətin keçdi. Çünki legionerlərin əksəriyyəti komandaya yeni qoşulmuşdu. Bizimlə birgə Antalyada toplanışda belə olmamışdılar. Ona görə də optimal formalarından uzaq idilər. Tədricən hər şey yoluna düşür. Bəlkə də premyer-liqanın startından əvvəl fikirləşirdilər ki, Azərbaycan çempionatının səviyyəsi aşağıdı və bir ayaqla burda legioner həyatı yaşaya biləcəklər. Gəlib hər şeyi gördükdən sonra başa düşdülər ki, burda vaxt keçirmək, oyunları yola vermək mümkün deyil. Ya üzərinə düşən işi vicdanla və peşəkar şəkildə yerinə yetirəcəksən, ya da komandada sənə yer olmayacaq. Artıq hamı məşqlərə ciddi yanaşır ki, bu da istər-istəməz oyun planında özünü göstərir. Mənə elə gəlir, müəyyən vaxtdan sonra “Səbail” daha yaxşı təsir bağışlayacaq. Ən əsası odu ki, rəhbərlik də komandanın uğur qazanması üçün lazımi şərait yaradıb, hər cür dəstəyi hiss edirik.
- Yəqin ki, yığmanın Millətlər Liqasında çıxışını izləmisiz. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda haqda fikirlərinizi bilmək istərdik. Belə oyunla qrupu birinci pillədə başa vura bilərik?
- Mənim üçün yığma barədə danışmaq bir qədər çətindi. Çünki komandanın içində olmadığımdan ordakı ab-havadan xəbərsizəm. Ancaq mənə elə gəlir ki, yığma bir qədər də “artıra” bilər. Komandada bu potensialı görürəm. Milliyə futbolçu klubdan gedir. Və həmin oyunçu yığmanın düşərgəsinə hazır vəziyyətdə qoşulmalıdı. Qurban müəllimin futbolçunu fizki cəhətdən hazırlamaq üçün o qədər də çox vaxtı yoxdu.
- Kosovo ilə qarşılaşmada qeydə alınan heç-heçəni hardasa başa düşmək olar. Onların futbolçularının hamısı legioner həyatı yaşayır. Bəs Malta ilə bərabərliyə nə ad qoymaq olar?
- İndi hamı futbol oynamağı bacarır. O əvvəllər idi ki, Malta, Farer adaları və yaxud başqa “cırtdan” komandaların heyətində poçtalyonlar, balıqçılar, çilingərlər top qovurdu. Həmin vaxt artıq geridə qalıb. Elə Maltanı götürək. Onların futbolçularının bəziləri İtaliyada çıxış edir. Aşağı dəstələrdə oynasalar da, İtaliya futbolunda nəsə əldə edirlər, ustalıq səviyyələrini artırırlar. Odu ki, indi heç kimə yuxarıdan aşağı baxmaq, “filan yığma çox zəifdi, asanlıqla qalib gələ bilərik” söyləmək düzgün deyil. Bir neçə il öncə kimsə mənə desəydi ki, Lüksemburq klubu Avropa Liqasının qrupunda oynayacaq, həmin adama dəli kimi baxardım. Ancaq bu yay buna şahidlik etdik. Malta klubları da avrokuboklarda heç də pis təsir bağışlamadılar. Ona görə də iki qarşılaşmadan sonra yığmaya olan ümid ölməməlidi. Hələ qarşıda 4 oyun var və vəziyyəti xeyrimizə dəyişmək olar.
- Bu gün cəmiyyətdə belə fikir formalaşıb ki, Qurbanovun əlinin altında normal material olmadığından istədiyi komandanı formalaşdıra bilmir. Rəşad Sadıqovun gedişindən sonra müdafiənin mərkəzində problem hiss olunur. Onu da qeyd edirlər ki, Emin Ağayevdən sonra milllidə müdafiənin sol cinahında oynaya biləcək normal futbolçu yoxdu. Bu fikirlərlə razısız?
- Sözün düzü, hələ ki premyer-liqada çıxış edən bütün klublarla qarşılaşmadığımızdan azərbaycanlı futbolçuların hamısını tanımıram. Ona görə də bu suala dəqiq cavab verə bilməyəcəm.
RƏŞAD