Sizin reklam burada

Cüdo yığmamızda məcburi dəyişiklik

Baxış Sayı:660

Cüdo yığmamızda məcburi dəyişiklik
Ruslan Maşurenko: “Bu da müəyyən qədər təzyiq yaradır”
“Hilton” otelində cüdo üzrə dünya çempionatının püşkatma mərasimi və mətbuat konfransı başa çatdıqdan sonra yığmamızın məşqçiləriylə danışdıq. Baş məşqçi Ruslan Maşurenko bunları dedi: “Bu, ən güclü dünya çempionatlarından biri olacaq. Burda müxtəlif ölkələrdən səviyyəli cüdoçular yarışacaq. Hamısı güclü rəqibdi. Bizi ağır mübarizə gözləyir. Buna baxmayaraq, komandamızın bu sınağa hazır olduğunu düşünürəm. Yüksək nəticə göstərməyə çalışacağıq. Hər idmançımız uğura köklənib. Cüdoçularımız yaxşı hazırlıq dövrü keçib. Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizim üçün hər cür şərait yaradılıb. Bütün yığma üzvləri güclüdü və yetərli təcrübəyə sahibdi. Sözsüz, onlarda müəyyən həyəcan var. Çünki bu yarış Azərbaycanda keçirilir. Bu da müəyyən qədər təzyiq yaradır. Ancaq hamının bunun öhdəsindən gələcəyini düşünürəm. Kim dünya çempionu ola bilər? Mən bütün idmançılarımıza güvənirəm. Konkret kiminsə adını çəkmək istəmirəm. Hər bir yığma üzvü medal uğrunda mübarizə apara bilər. Cüdoçuların dünya çempionatına psixoloji cəhətdən hazır olduğunu düşünürəm. Çünki çox yaxşı hazırlıq dövrü keçmişik”.
Cüdoda yeganə dünya çempionumuz Elxan Məmmədovun da fikirləri ilə tanış olmağa dəyər: “Mənim mundiala qatılmamağım federasiya rəhbərliyinin qərarı oldu. Tapşırıq verildi ki, məşqçi kimi komandanın yanında olum. Ancaq hələ karyeramı başa vurmamışam. Tokio Olimpiadasına qədər çıxış etmək istəyirəm. Federasiya dəstəyini göstərdi. Komandamız Yaponiya, Koreya, Fransa, Rusiya kimi ən güclü cüdo yığmalarıyla birgə təlim-məşq toplanışı keçdi. Fiziki və taktiki-texniki hazırlığımızı yüksək səviyyəyə çatdırmalıydıq. Şükür Allaha, millimizin durumu pis deyil. Son hazırlığımızı Zaqulbada keçirdik. Bu da şəhərin sıxlığından bir qədər kənarda, stressdən uzaq olmağa və rahat məşq etməyə hesablanmış addım idi. Hazırlıq prosesində bütün məşqçilər öz fikrini bildirir. İndi cüdo o qədər inkişaf edib ki... Müasir cüdoda daha çox dözümlülüyə fikir verilir. Kim sona kimi mübarizə aparırsa, o da uğur qazanır. Tural Səfquliyevin zədəsi olduğundan son anda adı DÇ-nin iştirakçıları sırasından çıxarıldı. Onun yerinə Kəramət Hüseynovu sifariş verdik. Hüseynov yığmayla birgə toplanışda iştirak etdiyindən hazırlığında problem yoxdu. Püşkün nəticəsi pis deyil. Yalnız 100 kq-da güclü rəqiblərlə erkən qarşılaşma olacaq. Qalan hər şey yolundadı. Rəhbərlik qarşımızda ən azı 1-2 qızıl medal qazanmağı məqsəd qoyub. Orxan Səfərov, Kəramət Hüseynov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Elmar Qasımov və Zelim Kotsoyev titul qazana biləcək potensiala sahibdi”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR