Sizin reklam burada

Dünya çempionatının püşkü atıldı

Müəllif: football Tarix: 20-09-2018, 22:00 445 Baxış
Dünya çempionatının püşkü atıldı
Yarış 190-dan çox ölkədə yayınlanacaq
Dünən Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olundu. “Hilton” oteli bəlkə indiyədək belə qələbəlik görməmişdi. Konfrans zalındakı oturacaqlar tam dolmuş, hələ nə qədər adam ayaqüstə qalmışdı. Tədbirə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, qurumun baş katibi Elmar Babanlı, ACF-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri qatılmışdı.
Əvvəlcə İJF-nin Bakıda keçirilən yarışla bağlı hazırladığı tanıtım videoçarxı təqdim olundu. Daha sonra qonaqları salamlayan Vizer gözəl təşkilatçılığa görə ACF-yə təşəkkür etdi. “Ən yaxşı və güclü olan qalib gəlsin! İdmançılara uğurlar arzulayıram” deyən ali cüdo qurumunun rəhbəri yarışa marağın böyük olduğunu və Bakıda ən yaxşı dünya çempionatlarından birinin keçiriləcəyinə əminliyini vurğuladı. Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə etdi: “Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədi”.
Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün tək yarış yox, həm də tarix olduğunu söylədi. O, mundial iştirakçılarına uğurlar arzulamağı da unutmadı.
Ardınca kompüter vasitəsi ilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atıldı. Əvvəlcə qadınların çəkilərində püşkatma baş tutdu. Hər kateqoriyada dünya reytinqində ilk “3-lük”də qərarlaşanların qələbələrindən görüntülərin yer aldığı qısa videoçarxdan sonra reytinqdə ilk “8-lik”də yer alanlar müxtəlif qruplara bölüşdürüldü. Ardınca qalanları avtomatik püşkatma sistemiylə səpələndi. Kişilərdə videoçarx zamanı reytinqdə ilk “4-lük”də yer alanların görüntüləri əksini tapırdı. Qalan elementlər qadınlarda olduğu kimi idi.
Ən sonda komanda yarışının püşkü atıldı. 19 ölkənin mübarizə aparacağı turnirdə yığmamızın ilk rəqibi Avstriya olacaq. Ancaq püşkün üzümüzə güldüyünü söyləmək olmaz. Çünki millimiz Qərbi Avropa təmsilçisini sıradan çıxarsa, növbəti mərhələdə Yaponiya - Monqolustan cütünün qalibi ilə qarşılaşacaq. Asiyalıların bu idman növündə necə güclü olduğunu isə izah etməyə ehtiyac yoxdu. Bundan başqa, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası vahid komanda kimi mübarizə aparacaq. Bu, fərdi yarışlara şamil olunmayacaq.
Bundan sonra cüdoçumuz Rüstəm Orucov, fransalı 2 qat olimpiya, 10 qat dünya və 5 qat Avropa çempionu Teddi Riner və avstriyalı Avropa çempionu Sabrina Filtsmozerin iştirakıyla mətbuat konfransı keçirildi. Təəssüf ki, əcnəbi idmançıların fikirləri dilimizə tərcümə olunmadı.
Rüstəm Orucov: “Yığmamız çox yaxşı formadadı. Komanda yoldaşlarım yarışa ciddi hazırlaşıb. Ümid edirəm ki, mundialda uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəyik”.
Teddi Riner: “Qarşıdakı iki dünya çempionatında iştirak etməməyə qərar verdim. Amma bütün rəqiblərimin görüşlərini izləyəcəm. Bakıda çox maraqlı yarış olacaq”.
Sabrina Filtsmozer: “Bir neçə dəfə Bakıda olmuşam. Yenidən burda olmaq xoşdu. Dünya çempionatı hər idmançı üçün xüsusi hadisədi. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Daha sonra həmin mehmanxanada İJF-nin gender bərabərliyinə həsr olunan "Biz birlikdə güclüyük" adlı ilk beynəlxalq konfransı keçirildi. Konfransda çıxış edən Maruis Vizer bunları dedi: “İdman sülh və dostluğu tərənnüm edir. Uğur əldə etmək üçün idmançı peşəkar və iddialı olmalıdı. Cüdoda gender balansı tam qorunur. Dünya çempionatında bunun şahidi olacağıq. Başqa idman növlərindən fərqli, cüdoda bu balans ciddi gözlənilir”.
Sonra İJF-nin gender bərabərliyi üzrə rəhbəri Liza Allan məruzə ilə çıxış edərək, bu sahədə həyata keçirilən layihələr, əldə olunan uğurlar və perspektivlər haqda məlumat verdi. Ali qurumun inkişaf üzrə direktoru Yamaşita Yasuhiro çıxışında Yaponiya Cüdo Federasiyasının gender bərabərliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışdı. Konfrans məruzələrlə davam etdi.

Yeri gəlmişkən...
IJF mundialı yayınlayacaq telekanalların adını açıqlayıb. Onlar arasında CNN, “Euronews”, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq. 86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış Az.TV (İdman Azərbaycan) və “CBC Sport” vasitəsilə yayınlanacaq.
SƏRXAN
SON XƏBƏRLƏR