Sizin reklam burada

Voleybolçular dünya çempionatına inamlı yollanır

Müəllif: football Tarix: 20-09-2018, 00:23 403 Baxış
Voleybolçular dünya çempionatına inamlı yollanır
Natalya Məmmədova: “İlkin hədəfimiz qrupdan çıxmaqdı”
Qadınlardan ibarət voleybol yığmamızın sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək dünya çempionatında mübarizə aparacağını bilirsiz. C qrupunda ABŞ, Rusiya, Tayland, Koreya və Trinidad və Tobaqo ilə münasibətləri aydınlaşdıracaq millimizin dünən ölkəni tərk etdiyini də xəbər vermişdik. İkigünlük Qətər səfərindən sonra komandamızın bu gün yarışın keçiriləcəyi məkanda olacağı gözlənilir. Mundialın startınadək İtaliya ilə 2-3 yoxlama oyununun baş tutması da planlaşdırılır. Ötən həftə səfər ərəfəsində - Krasnodar “Dinamo”su ilə Dərnəgül Voleybol Mərkəzində təşkil olunan yoxlama oyunundan (3:0) sonra toppaylayıcı Şəfaqət Həbibova, hücumçu Natalya Məmmədova və libero Yuliya Kərimovanın fikirlərini öyrəndik. DÇ-yə az qalmış yığma üzvlərinin yüksək əhval-ruhiyyədə olması sevindiricidi.
Şəfaqət Həbibova: “Dünya çempionatının hazırlığına Sloveniyada başladıq. Təbii ki, onda formada deyildik. Sonra məşqlərlə formaya düşdük. Uyğunlaşma problemini geridə qoyduq. Sonradan Natalya Məmmədova sıralarımıza qoşuldu. Maribora ilk səfərimizdə komandada cəmi 11 voleybolçu var idi. Avqustun sonlarında Türkiyənin Antalya şəhərində “Gloria Cup”a qatıldıq. Həmin turnirdə yaxşı oynamadıq. Ən azı öz səhvlərimizi gördük. Məncə, indi 80 faiz dünya çempionatına hazırıq. Hələ İtaliya ilə Yaponiyada yoxlama oyunlarımız olacaq. Bir az taktikada dəyişiklik var. Yana Kulan Türkiyədə çox yaxşı mövsüm keçirdi. Çempionatın ən yaxşılarından biri idi. Bu da öz təsirini göstərir. Kulan topu pis qəbul eləmir. Məncə, indi servisləri daha yaxşı qarşılayırıq. Özümə gəlincə, “Gloria Cup”da formada deyildim. Amma indi-indi formaya düşürəm. Əsas heyətdə hansı toppaylayıcının olacağı hələ bilinmir. Dünya çempionatında zəif rəqib yoxdu. Qrupda güclü komandalarla qarşılaşacağıq. Allah köməyimiz olsun, qrupdan çıxaq (gülür). Növbəti mərhələyə adlamaq şansımızı yüksək qiymətləndirirəm”.
Natalya Məmmədova: “Hamımız sağlamıq və çox yaxşı vəziyyətdəyik. Dünya çempionatına hazırlaşırıq. Baş məşqçi mənə hansı mövqedə güvənsə, orda da oynayacam. Komandama tam güclə kömək etməyə hazıram. İlkin hədəfimiz qrupdan çıxmaqdı. Addım-addım irəliləməyi qarşımıza məqsəd qoymuşuq”.
Yuliya Kərimova: “Ümid edirəm ki, ümidləri boşa çıxarmaram. Valeriya Məmmədovanın boşluğunu doldurmağa çalışacam. O, mənə kömək edir, məsləhətlərini verir. Bununla bağlı tez-tez ünsiyyətdə oluruq. Oyunlara çox ciddi hazırlaşırıq. Çünki bizi çətin qarşılaşmalar gözləyir. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Əlbəttə, həyəcan var. Çünki bu qatılacağım ilk dünya çempionatı olacaq. Burda əsas məsələ mundiala psixoloji cəhətdən hazır olmaqdı. Məqsədimiz qrupdan çıxmaqdı. Bundan sonra növbəti hədəfi qarşımıza qoyacağıq”.
SƏRXAN
SON XƏBƏRLƏR