Sizin reklam burada

16 medalın izi ilə...

Baxış Sayı:712

16 medalın izi ilə...
5 illik titul həsrətinə son qoyulacaqmı?
Sabah ölkəmizdə daha bir mötəbər yarışın startı veriləcək. Yəqin ki, söhbətin cüdo üzrə dünya çempionatından getdiyini anladız. Hansı ki, indiyədək yalnız bir dəfə himnimizi səsləndirə bilmişik. Bəli, hər nə qədər bu idman növünə diqqət və qayğı olsa da, cəmi bir dünya çempionumuz var. Bu da cüdoda rəqabətin necə güclü olmasından xəbər verir. Təbii, bu dəfə cüdoçularımızdan daha böyük uğur gözləyirik. Hər halda, doğma tatami və azarkeş dəstəyinin köməyimizə çatacağına ümid edirik. Hansı cüdoçularımız 5 illik titul həsrətinə son qoya bilər? Kimlər fəxri kürsüyə qalxmağa namizəddi? Gəlin, bu suala cavab tapmağa çalışmayaq. Əvvəlcə bu gün “Hilton”da baş tutacaq püşkatmanın nəticələrini gözləyək, ondan sonra şanslar haqda danışarıq. Püşkatma 14.00-da başlayacaqsa, ondan yarım saat əvvəl mətbuat konfransı baş tutacaq. Dünən isə Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə “Buta Palace”da cüdo ictimaiyyəti üçün qala gecə keçirilib. Tədbirdə bu idman növü üzrə dünya və olimpiya çempionu olmuş veteranlar da iştirak edib.
Bəs indiyədək cüdoçularımız DÇ-də hansı nəticələrə imza atıb? Gəlin, keçmişə qısa səyahət edək və medal qazandığımız azsaylı mundialları xatırlayaq.
Hamilton-1993
Bir il əvvəl Barselona Olimpiadasında olimpiya çempionu olan Nazim Hüseynov (60 kq) Kanadada da titul qazanmağa yaxın idi. Yalnız finalda uduzan cüdoçumuz okeanın o tayında olan insanları ölkəmiz və bayrağımızla tanış etdi. Beləliklə, Hüseynov Olimpiada və DÇ-də fəxri kürsüyə qalxan ilk azərbaycanlı cüdoçu kimi adını tarixə yazdırdı.
Münhen-2001
8 illik medal həsrəti Almaniyada başa çatdı. Özü də ilk dəfə bir DÇ-də iki cüdoçumuz fərqləndi. Elxan Rəcəbli (81 kq) və Rəsul Səlimov (90 kq) “bürünc”ə sevindi.
Osaka-2003
Növbəti mundial cüdonun vətənində - Yaponiyada təşkil olundu. Bu dəfə Mövlud Mirəliyev açıq çəkidə (indi DÇ-də belə kateqoriya yoxdu) üçüncü yeri tutan yeganə idmançımız oldu.
Kayro-2005
Hələ də karyerasını davam etdirən Nicat Şıxəlizadə (60 kq) yeganə DÇ “bürünc”ünü Misirdə qazandı.
Rio-2007
Elnur Məmmədli (73 kq) fenomeninin üzə çıxdığı yarış. Braziliyada gümüş medalçı olan cüdoçu bir il sonra Pekin Olimpiadasının qalibi oldu.
Rotterdam-2009
Hollandiyadakı yarış cüdo tariximizdə növbəti ilklə əlamətdar oldu. Belə ki, ilk dəfə qadınlar arasında da medal qazandıq. Kifayət Qasımova (57 kq) üçüncü yeri tutdu.
Tokio-2010
Bu dəfə Yaponiyada iki cüdoçumuz fərqləndi. Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) bürünc medal əldə etdi.
Paris-2011
Fransada yalnız İlqar Müşkiyevin (60 kq) “bürünc”ü ilə təsəlli tapdıq.
Rio-2013
Bundan 6 il əvvəl Elnurun “gümüş” qazandığı məkanda ən uğurlu tarix yazıldı. Elxan Məmmədov (100 kq) bütün rəqiblərinə qalib gələrək, Braziliyada himnimizi səsləndirdi. Məmmədov həm yeganə dünya çempionumuz, həm də iki fərqli çəkidə DÇ-də medal qazanan yeganə cüdoçumuzdu. Həmin yarışda Orxan Səfərov (60 kq) üçüncü yeri tutdu. Komanda hesabında 7-ci olduq ki, bu da bizim üçün hələ də rekord sayılır.
Budapeşt-2017
Boşa verilən ardıcıl iki mundialdan sonra “partlayış” verdi. Birdən-birə 4 cüdoçumuz fəxri kürsüyə qalxdı ki, bu da bir DÇ-də qazandığımız ən çox medal anlamına gəlirdi. Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) “gümüş”ü, Hidayət Heydərov (73 kq) və Elmar Qasımov (100 kq) isə “bürünc”ü boynundan asdı.
Ümumilikdə mundiallarda 1 qızıl, 4 gümüş və 11 bürünc medal qazanmışıq. Ölkələrin sıralamasında 29-cu (SSRİ sayılmır) pillədəyik.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR