“İki epizodda “Neftçi-2”nin qapısına penalti təyin olunmalıydı”
AFFA-nın məlum islahatından sonra birinci divizionda aşağı dəstə təmsilçiləri ilə yanaşı, elita klublarının əvəzedici komandalarının mübarizə apardığından xəbərdarsız. Divizionda artıq 3 tur geridə qalıb və turnir cədvəlinin ilk iki pilləsində “Qarabağ”la “Sumqayıt”ın ikinci komandası qərarlaşıb. Hər iki komanda yüzfaizlik nəticə göstərib. Aşağı dəstrə təmsilçilərindən yalnız MOİK onlara boy göstərməyə çalışır ki, Azər Bağırovun baş məşqçisi olduğu komanda bu işin öhdəsindən gəlməyi bacarır. “Hərbçilər” də 3 turdan sonra xal itirməyən komandalar arasındadı. Ötən mövsüm elitada çıxış edən, sonuncu olduğuna görə premyer-liqanı tərk edən “Kəpəz” isə hələ də xala həsrətdi. Ölkənin ən köklü klublarından biri olan Gəncə təmsilçisi “Zirə-2” kimi xala həsrət qalan iki komandadan biridi. İstər bu tur, istərsə də geridə qalan oyunlarla bağlı divizionda çıxış edən bəzi klubların məşqçilərinin fikirlərini öyrəndik.
Elbrus Məmmədov (Sumqayıt-2): “Açığı, mövsümə yaxşı hazırlaşmışdıq və ümid edirdik ki, mövsümlərarası fasilədə çəkdiyimiz əziyyətin qarşılığını görə biləcəyik. Ümidlərimiz özünü doğrultdu. Geridə qalan 3 turda qələbə qazansaq da, komandada hər şeyin mükəmməl olduğunu söyləmək çətindi. Rəhbərlik maksimum dərəcədə əlindən gələni edir ki, əsas komanda ilə yanaşı, “Sumqayıt-2” də birinci divizionda uğurlu çıxış etsin, turnir cədvəlinin ilk pillələrində qərarlaşsın. Hələ ki komanda etimadı doğruldur. Bir müddət məşq etməklə bağlı meydan problemi ilə üzləşmişdik. Bildiyiniz kimi, ötən mövsüm başa çatandan sonra “Kapital Bank Arena”nın örtüyünün dəyişdirilməsi ilə bağlı “Mehdi Hüsyenzadə”də məşq etməli olduq. Orda istədiymiz qədər və istədiymiz formada hazırlaşa bilmirdik. Çünki həmin vaxt əsas komandamız da adını çəkdiyim arenadan istifadə edirdi. Hazırda yeni süni örtüklü meydan istifadəyə verilib və baş məşqçisi olduğum komandanın normal məşq etməsi yolunda heç bir problem yoxdu. Geridə qalan 3 turda hakimlikdən narazılıq etməyə əsasım yoxdu. Növbəti turda rəqibimiz “Ağsu” olacaq. Rüfət Quliyevin çalışdırdığı komanda bir neçə il öncə aşağı dəstədə çempionluq sevinci yaşayıb və bilirəm ki, cari mövsümdə də mükafatçılar sırasına düşmək istəyir. Bu tur “Ağsu”nun “Şüvəlan”la oyununu izləmişəm. Rəqibin güclü və zəif tərəflərindən az-çox məlumatım var. Çalışacağıq qələbə seriyasını davam etdirək və turnir cədvəlinin ilk pilləsində qərarlaşaq. Rəhbərlik qarşımıza çempionluq məqsədi qoymasa da, komanda olaraq özümüz mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləmişik”.
Etibar İbrahimov (Kəpəz): “Neftçi” ölkənin ən köklü, ənənəsi olan klubudu və paytaxt təmsilçisinin istər əsas, istərsə də əvəzedici kollektivində həmişə istedadlı futbolçular cəmləşib. “Neftçi-2” ilə qarşılaşmada yetirmələrimin sərgilədiyi oyun məni sevindirdi. Soruşa bilərsiz ki, uduzan komandanın baş məşqçisi nədən razıdı? Bu suala cavab olaraq bildirim ki, komandanın sərgilədiyi oyun, meydanda göstərdiyi əzmkarlıq məni qane etdi. Sözün həqiqi mənasında turdan-tura komanda inkişaf edir, oyun planında “artırdığı” hiss olunur. 3 turdan sonra hesabımızda xal olmasa da, rəqiblərin qapısına qol vura bilməsək də, baxımlı oyunla azarkeşləri sevindirə biliriksə, bu artıq bizim uğurumuzdu. “Kəpəz”in hazırda sonuncu pillədə olması hamı kimi məni də narahat edir. Bütün məsuliyyəti boynuma çəkərək onu deyə bilərəm ki, bu kollektivlə yaxın vaxtlarda çox şeyə nail ola biləcəyik. Çünki gənclərimiz öyrənməyə meyillidilər. “Kəpəz”ə baş məşqçi təyin olunanda bilirdim ki, hansı məsuliyyətin altına girirəm və məni qarşıda hansı çətinliklər gözləyir. Ötən mövsüm “Kəpəz”in həm U-19-u, həm də əvəzedici heyəti çempionatı sonuncu pillədə başa vurub. Həmin futbolçuların da ən yaxşıları bu gün başqa klublara üz tutublar. Ona görə də hər şeyi sıfırdan başlamağa məcburuq. “Neftçi” ilə oyuna gəlincə, demək olar ki, 90 dəqiqə boyunca meydanda başabaş mübarizə getdi. Bizim qol vəziyyətlərimiz qonaqlardan çox olsa da, reallaşdırma baxımından onlardan geri qaldıq. Ancaq bir məqamı da bildirim ki, iki epizodda paytaxt klubunun qapısına penalti təyin olunmalıydı. Oyunu kənardan izləyən mütəxəssislər də bunu qeyd etdilər. Yenə deyirəm, məni bu gün nəticə yox, komandanın oyunu maraqlandırır. İlk turlarda hücum qurmaqda çətinlik çəkirdiksə, artıq bu yöndə problemlə üzləşmirik, əsas çatışmazlıq son nöqtəni qoymaqdadı. Ümid edirəm ki, növbəti görüşlərdə çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik və “Kəpəz” qələbə qazanmaqla gəncəliləri sevindirəcək”.
Azər Bağırov (MOİK): “Tovuz səfəri həmişə çətin sayılıb. İlk iki turda qələbə qazandığımızdan, istəyirdik ki, 3-cü turu da qələbə ilə başa vuraq. Allaha çox şükür ki, çətinliklə də olsa, səfərdən 3 xalla geri dönməyi bacardıq. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə qələbə topunu vurmağı bacardıq. Kənardan baxanda bəlkə də kimlərsə cari mövsümdə birinci divizionda mübarizənin asan keçəcəyini düşünür. Ancaq bu heç də belə deyil. Elita klublarının əvəzedici heyətlərində əsas komandaların da üzvləri çıxış etdiyindən gərginlik maksimum həddə olur. Bəzən bir xal da qazanc sayılır. Odu ki, bu gün 3 oyundan sonra yüzfaizlik nəticə göstərməyimiz məni sevindirir və inanıram ki, uğurlu seriyanın davamını gətirməyi bacaracağıq”.
RƏŞAD