Sizin reklam burada

Bayılda qarşılıqlı qollar

Baxış Sayı:1 534

Bayılda qarşılıqlı qollar
14. Səbail – Zirə 1:1 (0:0)
1. Emil Balayev – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
99. Jarjue Maudo – 4,5
4. Perilyo Enrike – 5,0
33. Tome Kitanovski – 5,0
8. Yevgeni Koçuk – 5,0
(5. Vüqar Bəybalayev, 69) – 4,5
22. Edqar Paçeko – 4,5
11. Ruslan Qurbanov – 4,5
(10. Ağabala Ramazanov, 69) – 4,5
14. Rahid Əmirquliyev (k) – 5,5
7. Fəhmin Muradbəyli – 5,0
(18. Aqşin Qurbanlı, 80) – qiymətsiz
28. Kevin Kubemba – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
27. Emil Martinov
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
88. Orxan Qurbanlı
16. İqor Korotetski
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev

1. Anar Nəzirov (k) – 4,5
26. Miloş Radivoyeviç – 5,0
5. Adil Nağıyev – 5,0
27. Adrian Skarlatake – 5,5
2. İlkin Qırtımov – 4,5
11. Dilan Duventru – 4,5
6. Vüqar Mustafayev – 5,0
3. Budaq Nəsirov – 4,5
(38. İlkin Muradov, 46) – 5,0
17. Vüsal İsgəndərli – 5,0
10. Sadio Tounkara – 5,0
(77. Mirsahib Abbasov, 84) – qiymətsiz
7. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
39. Sadiq Quliyev
16. İbrahim Aslanlı
88. Tellur Mütəllimov
4. Müşfiq İlyasov
8. Kamal Mirzəyev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Adrian Skarlatake
Qollar: P.Fərcad-Azad, 68-p. (0:1). R.Əmirquliyev, 84 (1:1).
Vərəqələr: V.İsgəndərli, 29 (qeyri-idman hərəkəti). T.Kitanovski, 33 (qeyri-idman hərəkəti). S.Tounkara, 45+1 (qeyri-idman hərəkəti). V.Mustafayev, 65 (qeyri-idman hərəkəti). P.Fərcad-Azad, 80 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
15 sentyabr. Bakı. Bayıl Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hesabat turunun ikinci oyun günündə yalnız bir matç var idi ki, o da “Bayıl Arena”da keçirildi. Meydan sahibləri fasilə zamanı yeni baş məşqçiyə qovuşan “Zirə”ni qonaq edirdi. Çoxları Samir Abasovun gəlişi ilə “qartallar”ın yüksəlişə nail olacağını, tezliklə turnir cədvəlinin sonuncu pilləsini tərk edəcəyini düşünürdü. Ancaq bəribaşdan qeyd edək ki, Abasovun debütü o qədər də uğurlu olmadı. Samir bəyin yeni komandası “dənizçilər”lə görüşdə heç-heçə etsə də, oyunun protokolunun doldurulması zamanı yol verilən kobud səhv böyük ehtimalla texniki məğlubiyyətlə nəticələnəcək.
Oyuna gəlincə, tribunalara toplaşan azsaylı azarkeşlər, demək olar ki, eyni səviyyəli iki komandanın mübarizəsini izlədi. İlk yarıda meydan sahibləri, fasilədən sonra isə qonaqlar daha fəal təsir bağışladı. Yeri gəlmişkən, “Sumqayıt”da daha çox üç mərkəz müdafiəçisinin xidmətindən yararlanan Abasov “qartallar”da 4-3-3 düzülüşündən istifadə etdi ki, bu da bir qədər gözlənilməz oldu. Oyunsonrası mətbuat konfransında Abasov bu addımı əlinin altında olan futbolçulara görə atdığını bildirdi.
Matçda ilk qol penaltidən vuruldu. Künc zərbəsindən sonra cərimə meydançasında yaranan qarışıqlıq zamanı “Səbail”in müdafiəçiləri Skarlatakeyə qarşı kobud oynadılar və hakim çox düşünmədən penalti nöqtəsini göstərdi. Topun arxasına keçən Pərdis isə şansını boşa vermədi. Qoldan sonra bir qədər rahatlaşan və daha çox müdafiəyə çəkilən qonaqlar çox keçmədən bunun acısını çəkdilər. Əmirquliyev təxminən 25 metrdən baxımlı qola imza atdı. Həmin an Anar Nəzirovun da səhvə yol verdiyini vurğulamaq lazımdı. Cari mövsümdə inamsız təsir bağışlayan qolkiper uzaq “doqquzluğ”a gedən “mərmi”yə əliylə toxunsa da, bu yetərli olmadı. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə rəğmən, matçda hesab dəyişmədi.
RƏŞAD

Reaksiyalar
Samir Abasov: “Yeni komandamda ilk oyunum idi. Uşaqlara paltardəyişmə otağında bildirdim ki, bəhanə üçün zaman yoxdu. Əks halda çox şey itirə bilərik. Oyundan-oyuna “artırmalıyıq”. Məncə, bugünkü görüşdə xeyli suala cavab tapdıq. Təəssüf ki, təlim-məşq toplanışı dövrü deyil. 5-6 yoxlama görüşü keçirib çatışmazlıqları üzə çıxarardıq. Bunların hamısını rəsmi oyunlarda görə biləcəyik. “Sumqayıt”dakından fərqli oyun modelinə üstünlük verməyimə gəlincə, əlimdəki oyunçulara uyğun taktiki düzülüşdən istifadə edirəm. Bu gün Bilal və Dedov zədəli idi. Bu baxımdan hücumda rotasiyalar etdik. Limitə daxil olan futbolçuların hər ikisi dayaq yarımmüdafiəçisidi. Alınmasa da, bu sistemlə oynayacağıq. Arxada top saxlamaq mənim tapşırığım idi. Kor-koranə topu irəliyə vurmağın əleyhinəyəm. Təbii ki, müəyyən narazı qaldığım məqamlar var. Onları qısa vaxtda düzəltməyə çalışacağıq”.
Aftandil Hacıyev: “Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Belə matçların sayı artdıqca çempionatımızın səviyyəsi də yüksəlir. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçuları təbrik edirik. 6 futbolçumuz müxtəlif yığmalara dəvət almışdı. Bu da təsirsiz ötüşə bilməzdi. Bəziləri yorğun idi. Bizim qarşımıza avrokuboka düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə yük qoymaq istəmirik. Əlbəttə, qitəmiqyaslı turnirə vəsiqə qazansaq, yaxşı olar. Lakin indidən bu haqda danışmaq tezdi. Hazırda turnir cədvəlinin sonuncu pilləsində olmasına baxmayaraq, “Zirə” yaxşı komandadı və Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır”.

Gözdən qaçmadı
* “Sabah”ın baş məşqçisi Elşad Əhmədov və köməkçiləri, “Qarabağ”ın məşqçilər korpusunda yer alan Müşfiq Hüseynov və U-21-in çalışdırıcısı Rəşad Sadıqov da oyunu izləyənlər arasında idi.
* 38-ci dəqiqədə Samir Abasovun tapşırığı ilə İlkin Muradov Budaq Nəsirovu əvəz etmək üçün 4-cü hakimin yanına getdi. Lakin oyun dayanmadığına görə İlkin təxminən 5 dəqiqə gözləməli oldu. İlk hissənin başa çatmasına iki dəqiqədən də az vaxtın qaldığını görən Abasov fikirindən daşındı və Muradova ikinci hissədə meydana çıxacağını bildirdi.
* İkinci yarının sonlarına yaxın Dilan Duventru komanda yoldaşından ötürmə alaraq sol cinahla sürətlə irəliləyirdi ki, Abasovun köməkçisi Seymur Rəhimovun özünü saxlaya bilməyərək, demək olar ki, onunla paralel qaça-qaça Azərbaycan dillində “Dilan, qaç, heç kim yoxdu, tələsmə, özün vur” söyləməsi tribunadakılar tərəfindən gülüşlə qarşılandı. Zirəli azarkeşlərdən biri isə üzünü köməkçi-məşqçiyə tutaraq “özünü yorma, o bizim dildə bilmir” deməyi özünə borc bildi.
* Matçdan sonra “Zirə”nin düşərgəsində hamı dilxor idi. Səbəb isə klubun mətbuat katibi Elmar Abdullazadənin protokolu doldurarkən kobud səhvə yol verməsi idi. Elmar bəy Əsasnaməyə uyğun heyətdə göstərilməli olan 2000 doğumlu futbolçunun adını matçın iştirak ərizəsində qeyd etməyi unutmuşdu. Buna görə isə “Zirə”yə texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
* Samir Abasov və köməkçiləri texniki səhvə görə “Zirə”yə məğlubiyyət veriləcəyini bildikdə çox əsəbləşdilər. Bir tərəfə çəkilən baş məşqçi və yardımçıları uzun-uzadı nəyisə müzakirə edib, başlarını yelləyirdilər. Həmin arada “Zirə”nin əməkdaşlarından biri Samir bəyə yaxınlaşaraq, xidməti avtomobilin onu gözlədiyini bildirdi.
* Ötən mövsüm Samir Abasovun çalışdırdığı “Sumqayıt”ın “çərçivə”sini qoruyan, hazırda isə “Səbail”də qapıçılarla işləyən məşqçi funksiyasını daşıyan Fərhad Vəliyevin oyundan sonra sabiq məşqçilərinə yaxınlaşıb söhbətləşməsi gözümüzdən yayınmadı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR