Sizin reklam burada

Deviç vurur, “Sabah” udur

Baxış Sayı:927

Deviç vurur, “Sabah” udur
15. Sabah (Bakı) – Qəbələ 1:0 (1:0)
30. Saşa Stamenkoviç – 5,5
19. Məqsəd İsayev – 4,5
13. Filip İvanoviç – 5,0
5. Kərim Diniyev – 5,0
21. Novruz Məmmədov – 5,0
33. Eltun Turabov – 5,0
15. Erik Ramos – 5,5
8. Elşən Abdullayev – 6,0
(25. Vanderson Silva, 84) – qiymətsiz
7. Vitali Kvaşuk – 4,5
(6. Vadim Abdullayev, 57) – 5,0
10. Cavid İmamverdiyev (k) – 5,5
(11. Elgün Nəbiyev, 75) – 4,5
9. Marko Deviç – 5,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
88. Elçin Əsədov
3. Elvin Bədəlov
2. Ülvi İbazadə
14. Tural Qürbətov
27. Bəxtiyar Soltanov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Elşən Abdullayev

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov (k) – 5,5
3. Voislav Stankoviç – 5,0
27. Bəhlul Mustafazadə - 5,0
(7. Roman Hüseynov, 90) – qiymətsiz
18. İlqar Qurbanov – 5,0
4. Elvin Camalov - 4,5
(11. Asif Məmmədov, 70) – 4,5
88. Sabien Lilay – 5,0
33. Təmkin Xəlilzadə - 6,0
17. Ceyms Adeniyi – 5,0
21. Lalavele Atakora – 4,0
(14. Cavid Hüseynov, 46) – 5,0
10. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qol: M.Deviç, 23 (E.Abdullayev).
Vərəqələr: C.Adeniyi, 28 (qeyri-idman hərəkəti). R.Əliyev, 37 (qeyri-idman hərəkəti). M.İsayev, 45+2 (qeyri-idman hərəkəti). K.Diniyev, 70 (qeyri-idman hərəkəti). S.Stamenkoviç, 90+4 (oyunun bərpasını ləngitmək) - sarı. M.İsayev, 75 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Elşən Acalov, Elşad Abdullayev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
16 sentyabr. Masazır. Əlincə Arena. 1200 tamaşaçı
(13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Premyer-liqanın debütantı olmasına baxmayaraq, “Sabah” “asan yem” olmadığını startdaca göstərə bilmişdi. Odu ki, Əhmədovun komandası “Qəbələ” ilə matçda da xal və ya xallar üçün mübarizə aparacaqdı. “Qırmızı-qaralar” isə Masazıra qələbə arxasınca gəlmişdi. Əvvəlki iki turda qalib gələ bilməyən bölgə təmsilçisi uğursuz seryanın ömrünün daha da uzanmasını istəmirdi.
Oyun dinamik başladı, debütdə qarşılıqlı hücumların şahidi olduq. Əvvəlcə "Qəbələ"dən İlqar asma etdi, Raufun yaxın məsafədən başla zərbəsini Stamenkoviç zərərsizləşdirdi. "Sabah"ın buna cavabı özünü çox gözlətmədi. Cavidin uzaqdan yerlə vuruşundan sonra Bezotosnı topu ələ keçirməkdə çətinlik çəkmədi. İlk 15 dəqiqədən sonra temp bir qədər aşağı düşdü. Ancaq bu elə də uzun çəkmədi. 23-cü dəqiqədə İlqar yerdə qalsa da, hakim davam işarəsi verdi. Yeri gəlmişkən, həmin epizodda qayda pozuntusu yox idi. Sürətli əks-hücuma keçən "Sabah" isə fürsəti qaçırmadı. Caviddən topu qəbul edən Elşənin qapıya paralel ötürməsini Deviç bir toxunuşla dəqiq tamamladı. Marko ardıcıl 4-cü oyunda da fərqləndi və bu onun premyer-liqada 5-ci qoludu. Onu da bildirək ki, ukraynalı forvard fərqləndiyi bütün qarşılaşmalarda hesabı açan oyunçu olub.
32-ci dəqiqədə mübahisəli vəziyyət yaşandı. Təmkin cərimə meydançasında yerdə qalsa da, hakim davam işarəsi verdi. Bundan sonra hər iki komanda təhlükəli hücumla yadda qaldı. Kvaşukun uzaqdan vuruşu zamanı Dmitri topu tutdusa, Ürfanın zərbəsində cüzi dəqiqlik çatmadı. Hissənin son dəqiqələrində "Qəbələ" rəqibi qapısına doğru sıxışdırsa da, fasiləyə qədər hesab dəyişmədi.
İkinci hissənin startında "Qəbələ"nin heyətində dəyişiklik reallaşdı. Fasiləyə qədər, demək olar, heç nə ilə yadda qalmayan Atakoranı Hüseynov əvəzlədi. Bu, cəzalı olduğuna görə çempionatın ilk 3 turunu buraxan Cavidin yeni mövsümdə birinci oyunu idi. Ümumiyyətlə, ikinci hissə tam “qırmızı-qaralar”ın üstünlüyü şəraitində keçdi. Bütün komanda ilə müdafiə olunan “Sabah” isə əks-hücumlara bel bağlayır, ancaq bu, meydan sahiblərində heç də uğurlu alınmırdı. İkinci yarının əvvəllərində Bəhlulun başla vuruşundan sonra top cüzi fərqlə qapının yanından keçdi. 51-ci dəqiqədə isə Rauf iki real qol vəziyyətini dəyərləndirə bilmədi. Əvvəlcə ona Stamenkoviç mane oldusa, ikinci cəhdində topu qapının yanından vurdu. Halbuki hücumçu həmin epizodda toru silkələməyə borclu idi. Qonaqlar həmlələrinə ara vermirdi. 57-ci dəqiqədə Təmkinin zərbəsindən sonra top qapının yanından keçdi. Ardınca Ürfanın fərqlənməsinə Saşa mane oldu.
73-cü dəqiqədə bəxt “Sabah”ın üzünə güldü. Lilayın uzaqdan qüvvətli vuruşu zamanı top tirə dəydi. Cəmi 2 dəqiqə sonra meydan sahibləri azlıqda qaldı. Təmkinə qarşı kobudluğa görə Məqsəd ikinci dəfə qarşısında sarı, ardınca isə qırmızı vərəqə gördü. Onsuz da “Qəbələ” rəqibini tam qapısına sıxışdırmışdı, “Sabah” azlıqda qaldıqdan sonra təzyiq daha da artdı. Son dəqiqələrdə “qrımızı-qaralar” iki dəfə qola yaxın oldu. Özü də hər iki epizod Təmkinin qapı önünə asması zamanı baş verdi. İlk cəhddə Asifin başla vuruşundan sonra top Vandersondan geri qayıtdı. Qonaqlar penalti tələb etsə də, istəkləri gerçəkləşmədi. Ardınca isə Ürfanın zərbəsində cüzi dəqiqlik çtmadı.
Bu qələbə sayəsində “Sabah” tunrir cədvəlinin 2-ci pilləsindədi. Artıq debütant üçün qələbənin yolu bəllidi: Deviç vurur, “Sabah” udur! “Qəbələ” isə 4 oyundan yalnız birində qalib gəlib və bu iddialı komanda üçün heç də yaxşı başlanğıc deyil.
FARİZ

Gözdən qaçmadı
* 14-cü dəqiqədə Marko Deviç geriyə qaçarkən baş hakim Rauf Cabbarovla sərt şəkildə toqquşdu. Amma referi tarazlığını pozmamaqla fiziki durumunun yerində olduğunu göstərdi.
* İlk dəqiqələrdən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov hakimə tez-tez etiraz edirdi. Artıq birinci hissənin ortalarında Cabbarov ona şifahi xəbərdarlıq etdi.
* 68-ci dəqiqədə "Sabah"ın əks-hücumu zamanı Bəhlul yerdə topu əli ilə saxladı. Bu, Deviçi özündən çıxardı və ukraynalı 4-cü hakimə kəskin şəkildə narazılığını bildirdi. Marko əlini belinə qoyub düz Həmzəzadənin qarşısında duraraq, tribunada aşkar eşidiləcək tərzdə yüksək səslə etiraz etsə də, Rəvan onu "yola verdi". Matçın sonlarına yaxın isə Marko oyunda yaranan qısa fasilədən istifadə edib, Həmzəzadəyə yaxınlaşaraq, onun əlini sıxdı. Maraqlıdı ki, final fitindən sonra hücumçu bir daha referidən üzr istədi.
* Məqsəd "qırmızı" alandan sonra asta addımlarla meydanın ortası ilə paltatdəyişmə otağının yolunu tutdu. O, dəhlizin girişində durub oyuna baxmaq istədi. Lakin 4-cü hakim İsayevdən həmin yeri tərk etməyi tələb etdi və müdafiəçi girişdən "yoxa çıxdı".
* Qarşılaşmanın sonuna doğru Saşa Stamenkoviç zədələndi və həkim yardımına ehtiyac duyuldu. Ardınca xərək daşıyan uşaqlar da olay yerinə tələsdi. Lakin onlar meydanın yarısına qədər gəlmişdilər ki, geri qayıtmalı oldular. Qapıçı ayağa qalxa bildi.

Reaksiyalar
Sənan Qurbanov: “Deyiləsi bir şey yoxdu. Bir qapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Deməyə söz tapmıram. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, “Sabah” bu cür oynayacaq. Gözlədiyimiz də oldu. Əks-hücumda bizi yaxaladılar. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbəyə həsrətik. Ancaq bu, bizi psixoloji gərginliyə salmamalıdı. Oyundan razı olsam da, nəticə pisdi, 3 xal itirdik. Vəziyyətdən çıxış yolu axtaracağıq. İmkanları dəyərləndirə bilsəydik, indi fərqli danışa bilərdim. Oyun baxımından nədənsə narazı qaldığımı deyə bilmərəm. Topa sahibolma və yaradılan imkanlar göz qabağındadı. Lakin qapıya yol tapa bilmədik, uduzduq. Əsas odu ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar. Hakimin idarəçiliyi? Məğlubiyyətimizdə hakimin heç bir rolu olmadı. Sadəcə, bir-iki epizod var idi, baxmaq lazımdı ki, əlinə dəydi, ya yox. Ümumilikdə idarəçilikdən narazı qalmadım”.
Elşad Əhmədov: “Özünüz də gördüz ki, çətin oyun oldu. “Qəbələ” yaxşı komandadı. Qələbə qazanmaq üçün bizdə istək daha çox idi. Uduza da bilərdik, ancaq şansımız gətirdi. Uşaqlara təşəkkür edirəm ki, azlıqda qalsaq da, qələbə hesabını qoruya bildilər. Dediyim kimi, premyer-liqada qalmaq hədəfimiz dəyişməyib. Lakin daha yaxşı nəticə də bizi sevindirər. Deməzdim ki, komandam fiziki cəhətdən çatdırmır. 21 günlük fasilə zamanı daha çox fiziki hazırlığa diqqət yetirdik. Bu baxımdan problemimiz yoxdu. Fiziki hazırlıq üzrə məşqçimiz bu işlə məşğul olur, aparatlarla yoxlayırıq. Sadəcə, yeni komandayıq. Azlıqda qalanda bir də görürsən çaşqınlıq yaranır. Belə şəraitlərdə necə oynamalı, hesabda irəlidə olarkən hansı gedişləri etməli olduğumuzu uşaqlara tam başa salmaq üçün zamana ehtiyac var”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR