Abdullazadə: “Həm Samir Abasov, həm də rəhbərlik səhvimi anlayışla qarşılaşdı”
Premyer-liqanın maraqla gözlənilən oyunlarından biri “Bayıl Arena”da keçirildi. “Səbail” – “Zirə” oyunu Samir Abasovun dönüşü baxımından diqqəti çəkirdi. Oyunda qalib müəyyənləşməsə də (1:1), 3 xalı qazanan tərəf meydan sahibləri olacaq. Çünki “Zirə”nin matç üçün təqdim etdiyi iştirak ərizəsində səhvə yol verilib. Belə ki, protokolda 1998 doğumlu və daha gənc bir futbolçunun adı göstərilməyib. Bu isə Əsasnaməyə ziddi. AFFA İntizam Komitəsinin sabah keçiriləcək iclasında matçla bağlı qərar verəcək və nəticənin ləğv olunacağı, “Zirə”yə texniki məğlubiyyət veriləcəyi şübhə doğurmur. Maraqlıdı ki, "qartallar"ın limitə uyğun gələn futbolçusu - 2000 təvəllüdlü Hüseyn Əhmədovun adı matçın protokoluna daxil edilməsə də, ilk 45 dəqiqədə ehtiyat oyunçular skamyasında oturub. Lakin sonradan məsələ məlum olub və gənc futbolçu ikinci yarıda artıq həmin yerdə olmayıb.
Düzdü, şablon səslənsə də, səhvdən heç kim “sığortalanmayıb”. Ancaq sonda bunun əziyyətini klub çəkir. Necə ki, “Zirə” 1 xalından olacaq. Son illərdə daha iki klub premyer-liqa matçında texniki məğlubiyyət alıb. 2014/15 mövsümünün ilk turunda “Qarabağ” arzuolunmaz halla üzləmişdi. Belə ki, Ağdam təmsilçisinin heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzində meydana çıxdı. Həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, limit pozuldu. Nəticədə “Qarabağ” İK-nın qərarı ilə 0:3 hesablı məğlubiyyət aldı. Halbuki həmin görüşdə “köhlən atlar” 3 cavabsız qolla qalib gəlmişdi. 2016/17 mövsümündə isə elə məhz “Zirə”nin iştirakı ilə keçirilən görüşdə limit pozulmuşdu. “Qartallar”ın “Neftçi” ilə ev oyununda qonaqlar səhvə yol vermişdi. 68-ci dəqiqədə Ruslan Abışovun əvəzinə meydana Hüqo Barqasın çıxması ilə legioner limiti pozuldu. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, İK-nın qərarı ilə “ağ-qaralar”a 0:3 hesablı məğlubiyyət verildi. Hələ bu harasıdı?! 8 il öncəyə qayıtsaq, UEFA-nın “Bakı”ya texniki məğlubiyyət verdiyini də xatırlaya bilərik. Avroliqanın 2-ci təsnifat mərhələsində “zolaqlılar”ın "Buduçnost"la (Monteneqro) ilk oyununun nəticəsi ləğv olunmuşdu. Paytaxtın eyniadlı komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzləndi. Buna "Bakı"nın heyətində Joel Epallenin meydana çıxması səbəb olmuşdu. Kamerunlunun daha öncə çıxış etdiyi "İraklis"dən (Yunanıstan) qalan cəzası təmsilçimizin “başında çatladı”.
Onu da qeyd edək ki, “Səbail” – “Zirə” matçında protokolun qonaqlara aid hissəsini mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə doldurub. Odu ki, yol verilən səhvlə bağlı onun fikirlərini öyrəndik: “Əvvəllər protokolu inzibatçı yazırdı. Bu dəfə onun işi çox olduğuna görə mən doldurdum. Sonda da belə bir vəziyyət yarandı. Mexaniki səhvdi. Həmin futbolçunun (Hüseyn Əhmədovu nəzərdə tutur – F.) lisenziyası da var, AFFA nümayəndəsinə, 4-cü hakimə də təqdim olunub. Özü də 45 dəqiqə ehtiyat oyunçular skamyasında oturub. Sadəcə, sistematik şəkildə hamının diqqətindən yayınıb və yekunda belə səhvə gətirib çıxarıb. Oyundan sonra Samir Abasov mənə yaxınlaşıb soruşdu ki, nə məsələdi? Mən də vəziyyəti izah etdim. Söhbətimiz elə “Bayıl Arena”nın paltardəyişmə otağına gedən dəhlizdə oldu, jurnalistlərdən də bəziləri ordaydı, bəlkə də gördülər. Ciddi bir irad olmadı. Həm Abasov, həm də rəhbərlik anlayışla qarşılaşdı”.
FARİZ