Sizin reklam burada

Tofiq Məmmədov Avropanın ən güclüsüdü!

Müəllif: football Tarix: 14-09-2018, 23:03 792 Baxış
Tofiq Məmmədov Avropanın ən güclüsüdü!
Dünən Bolqarıstanın paytaxtı Sofiyada gənc cüdoçuların Avropa çempionatı start götürüb. İlk yarış günündə Tofiq Məmmədov (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə ikinci mərhələdən başlayan qəzetimizin sahibi Vüqar Məmmədovun oğlu əvvəlcə Moldovanı təmsil edən Adil Osmanova qalib gəlib. 1/4 finalda gürcü dünya çempionu Jaba Papinaşvilini gözəl fəndlə məğlub edən həmyerlimiz yarımfinalda çətinlik çəkmədən, qarşılaşmanın ilk dəqiqəsində fransız Yonis Quffonun işini bitirib. Finalda isə rusiyalı Konstantin Simeonidislə üz-üzə gələn Məmmədov sona 1 dəqiqə 43 saniyə qalmış qələbə fəndini dəqiq icra edərək, Avropa çempionu olub. Tofiqin bütün görüşlərdə ipponla qalib gəldiyini də nəzərinizə çatdıraq.
Onunla eyni çəkidə çıxış edən Yaşar Nəcəfov debütdə türk Mihrac Akkuşa uduzub. 55 kq-da mübarizə aparan təmsilçilərimiz də fəxri kürsüyə qalxıb. Rövşən Əliyev yarımfinaladək avstriyalı Nikolas Rexberqerlə macar Şanad Feşkonu, Balabəy Ağayev isə erməni Yuri İsraelyan və rusiyalı Şaxzod Amonovu üstələyib. Finalın biraddımlığında yığma üzvləri münasibətləri aydınlaşdırıb. Rövşən Balabəydən güclü olub. Ancaq həlledici dueldə ukraynalı Dilşot Xalmatovla bacarmayan Əliyev gümüş medalla kifayətlənib. Hollandiyalı Daan Moesi məyus edən Ağayev isə “bürünc”ü boynundan asıb.
66 kq-da çıxış edənlər ümidləri doğrultmayıb. Nurlan Osmanov startda yunan Yannis Aktzidisə, İbrahim Əliyev isə macar Akos Kozmaya boyun əyib.
Qızlara gəlincə, Gültac Məmmədəliyeva (52 kq) debütdə fransız Koralin Markus Tabelliona yenilib. Şəfəq Həmidova (44 kq) kosovolu Erza Muminoviqi mübarizədən kənarlaşdırdıqdan sonra belçikalı Lois Petiyə “ilişib”. Amma cüdoçumuz təsəlliverici görüşdə britaniyalı Ceymi-Ley Uiteykerə, 3-cü yer uğrunda qarşılaşmada isə rus Olqa Borisovaya qalib gələrək, “bürünc”lə təsəlli tapıb. Onun çəki yoldaşı Ramilə Əliyeva da eyni uğuru təkrarlamağa yaxın olub. Bolqar Nina Kostovanı sıradan çıxardıqdan sonra 1/4 finalda xorvat Ana Viktoriya Puljizə məğlub olan Əliyeva təsəlliverici görüşdə rumıniyalı Ana Melniçi üstələyib. Ancaq 3-cü yer uğrunda dueldə türk Qamze Sayme ilə bacarmayıb və ilk “5-liy”i qapayıb.
İlk yarış gününün yekununa əsasən yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 2-ci pillədə qərarlaşıb. Millimizi yalnız Rusiya (1-2-0) qabaqlayır. İlk “3-lüy”ü Fransa (1-0-1) qapayır.
SƏRXAN
SON XƏBƏRLƏR