Sizin reklam burada

AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir

Title
AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir
Yeni quruma əcnəbi rəhbərlik edəcək
Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək. Toplantı saat 12.30-da başlayacaq. Saat 15.00-da AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İcraiyyə Komitəsinin iclası ilə bağlı brifinq təşkil olunacaq.
Gündəliyə aşağıdakı məsələlər daxil olunub:
1. AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi
2. Lisenziyalaşdırma prosesi ilə bağlı müzakirə
3. Digər məsələlər
Təbii, qeyd olunan bəndlərdən ən çox diqqəti çəkəni birincidi. Xatırlayırsa, əvvəllər bu məsələyə bir neçə dəfə toxunmuşduq. Söhbət Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşməsindən gedir. Bu haqda UEFA-nın da tövsiyəsi var. Həmin tövsiyə bir neçə il öncədən mövcud olsa da, bizimkilər ona isti yanaşmırdı. Ancaq deyəsən, AFFA artıq daşı ətəyindən tökmək qərarına gəlib. “Struktur dəyişikliyi” deyilirsə, iki komitənin birləşdiriləcəyi şübhə doğurmur. Bu həm də Xaqani Məmmədov erasının başa çatması deməkdi. Uzun illər HK-ya sədrlik edən sabiq FİFA referesi struktur dəyişikliyindən sonra postunu avtomatik itirəcək. Ancaq ola bilsin, yeni formalaşdırılan komitədə Məmmədova hansısa vəzifə verilsin. Hər halda, bütün bunlara İK-nın iclasında aydınlıq gələcək.
Dünən Xaqani bəylə əlaqə saxlayıb, struktur dəyişikliyi haqda fikirlərini öyrənmək istədik. Lakin Məmmədov zəngimizi cavabsız qoydu.
Yadınızdadısa, ötən mövsüm başa çatandan sonra Xaqani bəy qəzetimizə geniş müsahibə vermişdi. Həmin vaxt Məmmədova iki komitənin birləşməsi ilə bağlı da suallar ünvanlamışdıq. Müsahibənin həmin hissəsini bir daha xatırlayaq.
- Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşməsi məsələsi yenidən gündəmə gəlib. Bu haqda nə deyə bilərsiz?
- Elə bir şey yoxdu. Bu tələb deyil, tövsiyədi. AFFA necə qərar verirsə, elə də davam edirik. Bu kimlərinsə ortaya atdığı mövzudu. Guya UEFA-dan tələb var. Elə söhbət yoxdu.
- Bəs həmin tövsiyəyə necə baxırsız?
- Buna o ölkələrdə ehtiyac var ki, hərəsi özü üçün işləyir. Bizdə isə HİK ilə, demək olar, birgə işləyirik. Tutaq ki, hansısa cavan hakimə təyinat verəndə, onlara müraciət edirəm ki, onun oyununa təcrübəli hakim-inspektor göndərsinlər. Onlar da bunu nəzərə alır. Belə olan halda birləşməyə nə ehtiyac var?!
Ancaq bir neçə aydan sonra məsələnin görüntüsü dəyişdi. İndi isə hər kəsi düşündürən əsas sual budu: yeni yaradılan komitəyə kim rəhbərlik edəcək? Bu mənada ilk ağla gələn HİK-in sədri Əli Hüseynovdu. Dünən onunla da əlaqə saxladıq və komitə sədri İK-nın toplantısını gözləməyimizi məsləhət bildi. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də yenilikdən xəbərsiz olduğunu söylədi.
İndi isə bir qədər də yaxın oturun. Çünki iki komitənin birləşməsindən sonra ona kimin rəhbərlik edəcəyi haqda müəyyən informasiya əldə etdik. Mənbəmizin verdiyi məlumata görə, bu nə Əli Hüseynov, nə Xaqani Məmmədov, nə də başqa bir azərbaycanlı olacaq. AFFA yeni komitəyə xaricdən mütəxəssis dəvət etmək qərarına gəlib. Təəssüf ki, onun kimliyini dəqiqləşdirə bilmədik. İK-nın iclasından sonra əcnəbi komitə sədrinin adı açıqlanacaq.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.