Sizin reklam burada

Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi

Title
Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi
Mehman Allahverdiyev: “Heç bir sənəd təcrübənin əvəzini verə bilməz”
Ötən saylarımızın birində yığmanın Millətlər Liqasında çıxışı ilə bağlı Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərini öyrənmişdik. Təcrübəli mütəxəssis Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın Kosovo və Malta ilə oyunlarını incələyərkən başqa bir məqama da toxunmuşdu ki, bu da bizim diqqətimizdən yayınmadı. Mircavadov bu gün premyer-liqada çalışan məşqçilərin əksəriyyətinin cavan və təcrübəsiz olduğunu vurğulamaqla yanaşı, yaşlı nəslin nümayəndələri sayılan mütəxəssislərin kənarda qalmasını xüsusi vurğulamışdı: “Başqa ölkələrdə yaşlı mütəxəssilər daim diqqət mərkəzində olur, onların savadından və təcrübəsindən istər millidə, istərsə də klublarda yararlanırlar. Ancaq bizdə nədənsə, bəlkə də bilərəkdən yaşlıları kənarda saxlamağa çalışırlar. Hər halda, mən də bu illər ərzində nəsə öyrənmişəm, müəyyən işlər görmüşüəm, futbolun sirlərinə az-şox bələdəm”.
Onun səsləndirdiyi fikirlərlə bağlı birvaxtlar üzdə olan, ancaq hazırda kölgəyə çəkilən, işsiz qalan mütəxəssislərin də mövqeyini öyərənməyi lazım bildik. Bu məqsədlə öncə Gəncə futbolunun “xaç atası”, “Kəpəz”in qazandığı uğurlarda imzası olan Mehman Allahverdiyevlə əlaqə saxladıq. Onu da qeyd edək ki, Mehman bəy “sarı-göylər”in baş məşqçisi olmaqla yanaşı, bir ara klub prezidenti, icraçı direktor vəzifəsini də icra edib. Ancaq bəzi səbəblərdən Allahverdiyev bu gün işsiz mütəxəssislər cərgəsindədi. Mehman bəy Mircavadovun dediklərinə belə reaksiya verdi: “Ağasəlim müəllimin fikirləri ilə tanışam. O düz qeyd edir ki, son vaxtlar ölkə futbolunda birvaxtlar uğurlu nəticələr qazanan məşqçilərin əksəriyyəti işsizdi. Düzdü, həmişə demişik ki, cavan kadrlara güvənmək, onların işləməsi üçün şərait yaratmaq lazımdı. Ancaq bir məqamı da unutmayaq ki, məşqçilikdə yeni addım atan hər bir çalışdırıcının yanında təcrübəli şəxs olmalıdı. Bizdə isə hazırda təcrübəliləri tam siyahıdan silib, ancaq təcrübəsizlərə üstünlük verirlər. Onlar da ilk vaxtlar müəyyən səhvlərə yol verirlər. Məşqçi olmaq o qədər də asan iş deyil. Ola bilər ki, bizlər müasir texnikanın – kompüterin, planşetin iş prinsipini dəqiq bilmirik. Ancaq bizim də özümüzə xas üstünlüyümüz var. Yaxşı məşqçi ilk növbədə güclü psixoloq və pedaqoq olmalıdı. Kollektivdə yer alan hər bir futbolçu ilə onun dilində danışıb, yeri gələndə danlamalı, yeri gələndə tərifləməlidi. Bunu da elə etməlidi ki, həmin oyunçu danlandığına görə komanda yoldaşlarının yanında sınmasın və ya təriflənəndə “şişməsin”. Bunun üçün illərin təcrübəsi lazımdı. Bizdə isə yeni ənənə formalaşıb. Bu gün futbolçu karyeralarına son qoyurlar, növbəti mövsümdə isə artıq hansısa komandanın baş məşqçisi olurlar. Deyə bilərsiz ki, həmin cavanların əllərində daşdan keçən sənədləri, məşqçi kurslarından əldə etdikləri diplomları var. Sizi inandırıram ki, heç bir sənəd təcrübənin əvəzini verə bilməz. Əlində PRO kateqoriyası olan hər kəs güclü mütəxəssis ola bilsəydi, onda həmin kurslarda dərs deyən müəllimlər dünyanın ən yaxşı mütəxəssisləri hesab olunardı. Başqa vaxt deyirlər, Avropa futboluna baxıb dərs götürməli, onların getdiyi yolla addımlamalıyıq. Bu gün Avropada yaşlı və təcrübəli çalışdırıcılar yenə iş başındadılar. Miça Luçesku Türkiyə yığmasını çalışdırır, Dik Advokaat bugünlərdə Hollandiyada elita komandasının “sükanı arxasına” keçdi. Belə nümunələr yetərincə çoxdu. Niyə bu gün Ağasəlim müəllim, mən və ya başqa birisi işsiz qalmalıdı? Hər qaranlıq gecənin gündüzlü sabahı var. Ümid edirəm ki, yaxın vaxtlarda bizi də yada salan olacaq, ya baş məşqçi, ya da klub rəhbərliyi səviyyəsində iş təklif olunacaq. Təvazökarlıqdan uzaq olsa da, buna layiq olduğumuzu qeyd etməliyim”.
Şahin Diniyev isə bu mövzu haqda danışmaq istəmədiyini deməklə kifayətləndi.
Diniyevdən sonra “köhnə qvardiya”nın daha bir üzvü, müxtəlif vaxtlarda ölkənin aparıcı klublarının baş məşqçisi olmuş, U-21-i və əsas yığmanı çalışdırmış Əsgər Abdullayevlə əlaqə saxladıq. Onun diqqətinə Mircavadovun səsləndirdiyi fikirləri çatdırdıq. Bizi dinləyəndən sonra “evə çatıram, məni qarşılayacaqlar. Mən sizi başa düşdüm. Bir saatdan sonra zəng vurub fikirlərimi deyəcəm” söylədi. Bir saat keçdi, Əsgər bəydən səs-soraq çıxmadı. İki saat keçdi, “Turan Tovuz”un sabiq baş məşqçisi zəng vurmadı. Belədə biz yenidən onu aradıq. Ancaq bu dəfə Abdullayev telefona cavab vermədi.
Diniyevin məsələyə münasibət bildirməməsini hardasa başa düşmək olar. “Kəpəz”də yaşananlardan sonra Şahin bəy bu cür həssas mövzular barədə fikir bildirmir. Bəs Əsgər Abdullayev? O nədən və kimdən çəkinir? Əsgər bəyin deməyə sözü yox idisə, elə bəribaşdan “mən bu haqda danışmaq istəmirəm” söyləyərdi. Daha ucuz bəhanə ilə aradan çıxmaq nəyə lazım idi...
Əslində Ağasəlim Mircavadovun dediklərinin üstündən keçib gedə bilərdik. Ancaq futbolumuzda müəyyən xidmətləri olmuş şəxslərin işsiz və diqqətdən kənar qalmasını istəmirik. Düzdü, “köhnə qvardiya”nın şinelindən çıxanların öz problemlərinə belə qorxaq yanaşmasını gördükdə onların nəyə görə kənarda qaldığı aydın olur. İnsan özü haqqını tələb edə bilmirsə və ya etmək istəmirsə, düşündüklərini dilə gətirməkdən ehtiyatlanırsa, başqası ona nə hörmət göstərəcək? İndi başa düşdüz Ağasəlim bəy, sizlərə laqeyd münasibətin kökündə nə durur? Çünki aranızda ağa “ağ”, qaraya “qara” deyə bilənlərin sayı çox azdı, lap az.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.