Azərbaycan futbolu xirtdəyəcən problem içindədi. Bu problemlər onu boğur, əzir, yavaş-yavaş məhv edir. Bəli, biz SSRİ dövründə belə futbolumuzun böyük uğurları ilə öyünə bilməmişik, ortabablar arasında günümüzü keçirmişik. Amma indiki qədər acınacaqlı vəziyyət onda olmayıb. SSRİ çempionatının ikinci dəstəsində mübarizə aparan “Neftçi” indinin Kosovo, Malta kimi yığmalarını asanlıqla məğlub edərdi, bu cür “dişsiz” və mənasız oyun sərgiləməzdi.
Son bir həftədə əsas millimiz və U-21 hərəyə iki oyun keçirdi. Bu görüşlərin heç birində qələbəyə sevinə bilmədik. 4 matçın üçündə meydandan heç-heçə ilə ayrıldıq, birində isə U-21 Norveçdən olan həmyaşıdlarına 1:3 hesabıyla uduzdu. Hər tərəfdən tənqid sədaları eşidilir. Bilən də, bilməyən də yazır. Yavaş-yavaş Qurban Qurbanovla Rəşad Sadıqov da hədəfə gəlir və prosesin bu şəkildə getməsi kimlərəsə sərf edir. Sanki Qurbanovla Sadıqov iş başında olmayanda önümüzə keçənə 3-4 top vururduq, qələbələri sıralayırdıq. İllərlə Nikolay Adama, Bernard Lippertə, Berti Foqtsa, Robert Prosineçkiyə dözən millətim indi səsini çıxarmağa başlayıb. Vay-vay, siz əsl inqilabçılar imişsiz, futboldan da gözəl baş çıxarırmışsız. Bir şeyə təəccüb edirəm ki, AFFA-dakı işbazlar əcnəbi mütəxəssislərlə əlbir olub, başımıza oyun açanda, bir onlara verib, beş öz ciblərinə qoyanda, gəlmə məşqçilərin “istəyi” ilə dağıstanlını, almaniyalını “milliləşdirəndə” siz harda idiz?! Nə üçün onda Azərbaycan futbolunun təəssübünü çəkmirdiz?!
İndi dəstək zamanıdı. Özümüzkülərə sahib çıxmaq, onları yolun yarısında tək buraxmamaq, Azərbaycan futbolunun mafiyanın əlindən xilas edilməsi, inkişaf yoluna qədəm qoyması üçün birlik vacibdi. Tənqid etmək, hətta bunu istehzaya çevirmək çox asandı. Heç şübhəniz olmasın, bunu mən də yaxşı bacarıram. Amma indiki anda vicdanım, ürəyimin və beynimin hökmü bunu etməyə imkan verməz. Çünki futbolumuzun, böyük etimadla milli komandaların “sükanı arxasına” gətirilən Qurban Qurbanovla Rəşad Sadıqovun hansı sınaqlardan keçdiyini yaxşı görürəm, hadisələri soyuq başla təhlil etmək qabiliyyətimi hisslərə, qəzəbə qurban verməmişəm. Bəli, mən də millimizin Maltanı, Kosovonu məğlub etməsini, indi hesabımızda 2 yox, 6 xalın olmasını arzulayırdım. Di gəl ki, bu nəticələr də bizim üçün faciə deyil. Mən Berti Foqtsun çalışdırdığı millimizin Lixtenşteynlə, Lüksemburqla Bakıda heç-heçə etməsini, Prosineçkili yığmamızın səfərdə Malta və Andorrayla “sülh”ə razılaşmasını görmüş adamam. Məni bundan sonra belə şeylərlə təəccübləndirə bilməzlər. Nəticələri, cansıxıcı oyunu bir kənara qoymaq, daha ciddi məsələlər üzərində düşünmək lazımdı. Milli komanda hər bir ölkənin futbolunun tavanı, səviyyənin göstəricisidi. Bu gün bizim futbolumuz acınacaqlı vəziyyətdədi. Və bu səviyyəyə bir günün içində enməmişik. İllərdi aparılan uğursiz siyasətin, şəxsi mənafeyin milli futbolumuzdan üstün tutulmasının, uşaq akademiyalarının yoxluğunun acı nəticəsi məhz belə olmalıydı. Artıq bundan o tərəfə yolumuz yoxdu. Vəziyyəti birlikdə dəyişməliyik.
Təkrar etməkdən yorulmuram ki, ən üst səviyyədə futbol idarəçilərinin və futbola baxışın dəyişdirilməsindən başlamalıyıq. Növbəti addım isə akademiyaların bərpası, azarkeşlərin tribunaya qaytarılması üçün tədbirlərdi. Son illərdə bizim futbolumuzu “öldürən” səbəblərdən biri də azarkeşlərin istər milli komandalardan, istərsə də premyer-liqa oyunlarından qaçaq salınması, tribunaların sürətlə boşalmasıdı. Azarkeş dəstəyini hiss etməyən, doğma tribunalardan güc almayan futbolçu meydanda necə əzmkar ola bilər? Tribunalardakı sükunətin nəticəsidi ki, millimizin futbolçuları evdə belə səfərdəki kimi oynayır, inamsız və ruhsuz görünürlər. Yığmalarla bağlı aparılan siyasətin qurbanına “Qarabağ” da çevrilib, Bakı Olimpiya Stadionunu boş qoymaq istəməyən başbilənlərin avantürası “köhlən atlar”ı Avropa Liqasının çətin oyunlarında dəstəksiz qoyacaq.
Baş katib Elxan Məmmədov son müsahibələrinin birində BOS-un tribunalarının boş qalmasına görə azarkeşləri günahlandırıb, onları rəqibin adına görə stadiona gəlməkdə ittiham edib. Ola bilsin ki, bu da səbəblərdən biridi. Amma həqiqət olsa belə, bu səbəbin arxasında gizlənməməli, AFFA azarkeşləri geri qaytarmalıdı. Bilə-bilə ki, U-21 Mərdəkanda, əsas milli BOS-da boş tribunalar önündə oynayacaq, əlverişli məkandakı Respublika stadionundan niyə yararlanmırıq? Cənab Məmmədov son müsahibəsində bu işdə UEFA-nı günahlandırıb. Sitat: “Millətlər Liqasının qaydalarına əsasən, UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq”.
Elxan bəyin UEFA-nın qaydalarıyla bağlı dediklərinin ağ yalan olduğunu isbatlamaq çox asandı. Bunun üçün çox da uzağa getmədən, elə qonşu Türkiyə və Rusiyaya baxaq. Türklər rusları Trabzonda, Şenol Günəşin adını daşıyan stadionda qəbul etmişdilər. İsveçlə oyun isə Əskişəhərdə keçiriləcək. Elə Rusiya da stadion bolluğundan yararlanır, fərqli şəhərlərdə yaşayan azarkeşlərin millini görməsinə şərait yaradır. Belə ki, Türkiyəni Soçidə qonaq edəcək şimal qonşularımızın İsveçlə oyunu Kalininqraddakı stadiona təyin olunub. Həm Türkiyə, həm də Rusiya nəinki iki fərqli stadiondan, həm də iki fərqli şəhərdən yararlanır. Buna UEFA heç nə demir? Deməli, baş katibin BOS israrı və UEFA-nı hədəf göstərməsi onun öz şəxsi istəyi, təxəyyülünün məhsuludu. Azarkeşlərin mənafeyini ayaq altına salan belə zərərli siyasətə ad qoymaqda da çətinlik çəkirəm.