U-21-in baş məşqçisi Rəşad Sadıqov Norveçlə oyundan sonra maraqlı bir məqama toxunmuşdu. Daha doğrusu, ona ünvanlanan “U-21-in birinci divizionda mübarizə aparması ilə bağlı ideya irəli sürmək olar” sualına belə cavab vermişdi: “Gələn il üçün belə bir şey olsaydı, pis olmazdı. Futbolçular nə qədər bir yerdə oynasalar, bir o qədər yaxşıdı. Amma birinci divizion elə səviyyədə deyil ki, U-21-i ora buraxasan. Məncə, geri addım atmış olarıq. Bundan fayda görməyəcəyik. Premyer-liqa olsaydı, pis olmazdı”.
Düzü, bizdə daha öncə belə bir təcrübə olub. Bu, futbol inqilabından öncəyə təsadüf edib. Lakin o qədər də effektli olmamışdı. Odu ki, yığmanın birinci divizionda iştirakının komandaya faydasının dəyəcəyini əminliklə söyləmək çətindi. Uyğunlaşma baxımından bunun milliyə xeyri dəyə bilər. Bununla belə, başqa nüanslar da kifayət qədərdi. Ən azı yığma üzvlərinin klubundan ayrı düşməsi məqamı var. Ancaq deyəsən, başqa millilərlə bağlı belə qərar verilib. Söhbət U-15 ilə U-17-dən gedir. Əldə etdiyimiz məlumata görə, adı çəkilən hər iki yığma AFFA-nın bayrağı altında keçirilən liqalarda çıxış edəcək. Lakin bir məsələni də qeyd etməyimiz zəruridi. Belə ki, nə U-15, nə də U-17 öz yaş qrupuna uyğun çempionata qatılacaq. 15 yaşlılar U-17 liqasında, 17 yaşlılar isə U-19 liqasında çıxış edəcək. Bu də səbəbsiz deyil. Millilərin özündən böyük komandaların çempionatında mübarizə aparmasının onların “artırmasına” kömək edəcəyi düşünülüb. Məhz bu üzdən hər iki yığmanın yaşca böyüklərin iştirak etdiyi liqaya qatılması məqsəduyğun sayılıb.
Təbii, bu məsələdə maraqlı məqamlar kifayət qədərdi. Məlum olduğu kimi, yığmalara klubunda ən yaxşı formada olan futbolçular dəvət alır. Hansısa klubun ən yaxşı oyunçusunu milliyə bir mövsümlük verib-verməyəcəyi sual doğurur. Bizə çatan bilgiyə görə, artıq klublardan bəziləri həmin təklifə etiraz edib. Yuxarıda da vurğuladığımız kimi, futbolçuların daim bir yerdə oynaması onların uyğunlaşması baxımından işə yaraya bilər. Ancaq bizdə problem təkcə uyğunlaşma ilə bağlı deyil. Onsuz da, aşağı yaş qrupları “həftə səkkiz, mən doqquz” təlim-məşq toplanışlarında olur. Elə təkcə yanvardan bu yana olan hazırlıq proseslərini yada salsaq, kifayətdi. Yəni AFFA bu mənada millilərə, demək olar, limitsiz imkan yaradır. Bizdə əsas problem futbolçuların bacarıqları ilə bağlıdı. Bunun da səbəbləri çox dərinə gedir. Həmin səbəblərə isə dəfələrlə toxunmuşuq. Hər halda, qarşıya yığmaların liqada çıxışı kimi bir plan qoyulubsa, gerçəkləşdiriləcək. AFFA-dan, daha doğrusu, birbaşa və dolayı şəkildə SOCAR-dan “qidalanan” klubların sözügedən ideyaya qarşı olacağı isə inandırıcı deyil. Yalnız bir-iki müstəqil klub bu təklifin əleyhinə çıxacaq. Necə ki “Qəbələ” əvəzedicilərinin divizionda oynamasına razı olmadı. Qalanları isə AFFA-nın təklifinə, belə deyək, tələbinə “hə” deyəcək, qarşı çıxmayacaq. Elə millilərin saysız-hesabsız toplanışlarına görə də heç kim səsini çıxarmır.
Ümumiyyətlə, bu məsələdə suallar çoxdu. İştirak ərizəsindən tutmuş xaricdə top qovan legionerlərə qədər. Onu da öyrəndik ki, məsələyə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında da baxılacaq. Yalnız ondan sonra detallar açıqlanacaq.
FARİZ