Sizin reklam burada

Utancaq, küskün Zeynal Zeynalov

Title
Utancaq, küskün Zeynal Zeynalov
Çimərlik futbolu yığmamızın baş məşqçisi mediadan gizlənir
İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində keçirilən Avropa Superfinalında iştirak edən çimərlik futbolu üzrə yığma vətənə əli ətəyindən uzun dönüb. Zeynal Zeynalovun yetirmələri 7-ci yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub. Bununla da millimiz turnirin bütün görüşlərində məğlub olub. Xatırladaq ki, Zeynalovun baş məşqçisi olduğu komanda qrup mərhələsində İspaniyaya 4:5, Portuqaliyaya 0:9 və İsveçrəyə 5:8 hesabı ilə uduzub.
İtaliyada yaşanan fiaskonun səbəbini öyrənmək üçün yığmanın baş məşqçisi ilə danışmaq istədik. Bəli, danışmaq istədik və bu məqsədlə 3 gün Zeynalovu aradıq. Hər gün dəfələrlə zəng vurmağımıza baxmayaraq, Sardiniyada fiasko ilə üzləşən komandanın baş məşqçisi telefona cavab vermədi. Düşündük ki, ola bilsin, Zeynalov son günlər mətbuatda haqqında gedən yazılardan incidiyinə görə media əhli ilə danışmaq istəmir. Elimizin çox gözəl adəti var. Adətən, ər evindən küsüb atası evinə yollanan gəlini geri qaytarmaq üçün ortaya vasitəçi düşür və küsülü tərəfləri barışdırmağa çalışır. Biz də bu üsuldan yararlanmağa, ortaya vasitəçi salmağa qərar verdik. Təəssüf ki, çimərlik futbolu yığmasının baş məşqçisi üçün bu da keçərli olmadı. Zeynal bəy onun da zənglərini cavabsız qoydu. Zeynal bəy tərs gəlinlər kimi ayağını bir başmağa dirəyib danışmadı.
Çox qəribə və dünyada tayı-bərabəri olmayan xalqıq. Dənizin kənarında yaşayırıq. Ancaq qida rasionumuzda balıq yeməkləri bəlkə də ən sonuncu yerdədi. Xəzərin ləpələri sahillərimizi yuyur, çimərlik futbolumuz bərbad gündədi. Yəni bu ölkədə qum üstündə top qovacaq 10 nəfər tapılmadı ki, Zeynal bəy onlardan normal komanda formalaşdırsın və beynəlxalq arenada üzümüzü ağartsın? Çimərlik millisinin İspaniya və Portuqaliyaya uduzmasını hardasa başa düşmək olar. Bu ölkələrin komandaları istər böyük futbolda, istər qapalı meydanda, istərsə də qumluqda oynanılan futbolda həmişə ön sıralarda olublar, reytinqlərdə ilk pillələrdə yer alıblar. Bəs İsveçrəyə məğlubiyyətə nə ad qoyasan? Tənbəllik etməyib dünən bir daha bu ölkənin coğrafi mövqeyni nəzərdən keçirdik. “Vikipediya”da yazılan iki cümlə ilə sizləri də tanış etmək istəyirik: “Coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədi. Alp dağları ölkənin böyük hissəsini tutur”. Yəni İsveçrə əhalisi dəniz üzünə həsrətdi. Onlar daha çox dağda-dərədə yaşayırlar. Buna baxmayaraq, Alp dağlarında böyüyən və bu ölkənin çimərlik yığmasının şərəfini qoruyanlar bizimkilərə futbol dərsi keçir. Bəlkə də bu üzdən Zeynal bəy utanır və utandığına görə də mediadan qaçır. Ancaq kimsə Zeynalova desin ki, nə qaçmaq, nə də utanmaq zamanıdı. Ortaya çıxıb, sadəcə, hesabat vermək, uğursuzluğun səbəbini söyləmək lazımdı. Onsuz da belə məğlubiyyətlərə öyrəncəliyik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.